Dünya Bankı (DB) icraçı direktorlar Şurası 2015-2020-ci illər müddətində Azərbaycanla əməkdaşlıq strategiyasını təsdiqləyib.
Trend-in məlumatına əsasən, bu barədə DB-nin saytında dərc olunan xəbərdə deyilir.
Yeni strategiya Azərbaycanın dayanıqlı, inklüziv inkişafına yönəlib.
Məlumatda deyilir ki, strategiya özündə iki istiqaməti birləşdirir: dövlət sektorunun idarə edilməsi və dövlət xidmətlərinin təqdim edilməsi; iqtisadi rəqabət qabiliyyəti. Bu iki istiqamətə 8 tapşırıq daxildir.
Birinci fokus-zona çərçivəsində DB ölkəyə resursların idarə edilməsinin təkmilləşdirilməsi, dövlət xidmətlərinin təqdim edilmə sahəsinin, həmçinin ekoloji aktivlərin keyfiyyətinin yaxşılaşdırılmasında kömək edəcək.
İkinci fokus-zonada DB seçilmiş infrastuktur şəbəkələrinin təkmilləşdirilməsi, maliyyə inteqrasiyasının yaxşılaşdırılması, özəl sektora düşən normativ yükün azaldılması, həmçinin rayonlarda iqtisadi aktivliyin artırılmasını nəzərdə tutur.
Bir sıra cari, habelə kreditlərin verilməsi, texniki yardım kimi yeni əməliyyatların hesabına strategiyanın qarşısında duran məqsədlər əldə olunacaq. DB qrupu tərəfindən keçirilən konsultativ-analitik işlər layihələrin maliyyələşdirilməsi ilə müşayiət olunacaq, həmçinin hökumətin yaranan tələblərinin vaxtında təmin olunmasına yardım edəcək.