İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağdam rayonunun Quzanlı kəndində keçirib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. Ağdam və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdamda kiçik cins heyvandarlıq, tərəvəzçilik və bağçılıq təsərrüfatlarının, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə onların sahibkarlıq fəaliyyətinə cəlb olunması və biznes fəaliyyəti ilə məşğul olmaları üçün dövlətin güzəştli kreditləri verilib. İndiyədək 1704 məcburi köçkün sahibkara 37.5 milyon manat güzəştli kredit verilib.
Məcburi köçkünlərə verilmiş güzəştli kreditlər hesabına 3200-dən çox yeni iş yeri yaradılıb. 2015-ci ilin ötən dövründə isə 187 məcburi köçkünə 4 milyon manatadək güzəştli kredit verilmiş və bu kreditlər hesabına 250-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə isə 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3590-dan çox sahibkara 132.8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlarından olan 49 sahibkara 533 min manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 68 yeni iş yerinin yaradılması imkanı yaranıb.
Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Ağdam rayonunun Əfətli kəndində müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.
Naibə QURBANOVA