5 May 2016 13:39
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış gərginliyin azaldılması məqsədilə deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırladığımız təklifləri aidiyyatı orqanlara göndərdikdən sonra son günlər bu məsələyə geniş yer verən mətbuat orqanlarına təşəkkürümüzü bildiririk”.

Teleqraf.com-un məlumatına görə, bunu millət vəkili Əli Məsimli bildirib. O deyib ki, hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və börca düşən biznes strukturlarının üzərindədir: “Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal “əhali-bank-biznes strukturları” zəncirninin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi dövlət qurumları hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdir. Banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır.Ona görə də biz hesab edirik ki,bu məsələ sistem xarakterli olduğundan, ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır. Bu məqsədlə biz risklərin “dördbucaq sistemi” üzrə “dövlət - Mərkəzi Bank-kommersiya bankları - əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik”.

Təkliflərdə xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız bankların çəkəcəyi barədə təklif yoxdur. Deputat deyir ki, biz xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik: “Bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü, dollarla kredit borcu olan vətəndaş qruplarının hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin bir qurumun üstünə atılmaması, vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq sistemi” üzrə “dövlət - Mərkəzi Bank -kommersiya bankları - əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsi variantını irəli sürmüşük”.

Əli Məsimli təkliflərinin təhrif olunaraq yayıldığını deyib: “Təkliflərimizin birində də 1000(min) manata qədər olan kreditlərin ücdantutma bağışlanmasından yox, monitorinqlər nəticəsində onun qaytarımasına ümid olmayan hissəsinin, məsələn, kredit alan şəxs vəfat edibsə və həmin kreditə zamin duran şəxslərin obyektiv surətdə onu qaytarmaq imkanı yoxdursa, belə ümidsiz kreditlərin bağlanmasından söhbət gedir.Yalnız 1000(min) dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatını bankların mənfəəti hesabına həyat keçirilmısini təklif etmişik.

Kredit borcu 5000(beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali,bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür”.

Təkliflərdə əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini,faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulması da yer alıb.

Əli Məsimli yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmağın mümkün olduğunu deyib.

Naibə QURBANOVA


Müəllif: