Yumor ustası Fərda Xudaverdiyevin “Selfinaz” adlı stand-up sousu yenidən tənqidlərə tuş gəlib. Teleqraf.com səslənən tənqidlərlə bağlı aktyorun münasibətini öyrənib.
- Fərda bəy, “Selfinaz”ın 9 aydan sonra tənqid hədəfinə çevrilməsinə səbəb nədir?
- Konsert zamanı tənqid eşitmədim. Sadəcə dekorla bağlı problem var idi. Əslində tənqid ola bilər. Gözləyirdilər ki, “Selfinaz” “Youtube”a yerləşdirilsin sonra təhqir etsinlər. Mən də əxlaq normalarını aşan insanların cavabını verdim. Sözümün də üstündə dururam. Tənqidə açıq olmasaydım bu səviyyəyə gələ bilməzdim. Təhqirlərə əsəblərim dözməzdi. İndiyə qədər görümüsünüz ki, hansısa tamaşaçının tənqidinə cavab verim? Təkcə bu gün tənqid edilmirəm axı... Bizim bütün işlərimiz tənqid edilir. Sərt cavabım əsla tənqid edənlərə deyil, təhqiramiz ifadələr işlədənlərədir. Heç kimi təhqir etmək olmaz. Məsləhət edə bilərsən. Nəyi bəyənib, bəyənmədiyini müzakirə edə bilərsən. Yenə deyirəm ki, Cem Yılmazı Cem Yılmaz edən onun xalqıdır, mətbuatdır. O, Türkiyədə çox sevilir. Özümüzünkünü bu qədər əzmək olmaz.
- Tənqidlərin məqsədli şəkildə planlaşdırıldığını düşünürsünüz?
- Məni vurmaq istəyirlər, gözləri götürmür. Yaxşı məndə “Satand up”la məşğul olmayım? Ölkəmizdə “Stand up”ın olması pisdir? Azərbaycana yenilik gətirdim. Nə vaxtsa bu stereotiplər kimlərsə tərəfindən sındırılmalı idi. Deyirdim ki, bu sahədə inqilab edəcəm. Mən tənqidləri gözə alıb, 16+lara keçmişəm. Bu sahədə mən də olmasaydım, o zaman da yenə tənqid edəcəkdiniz ki, “Satan up” türklərdə var, gözünüzə su verin, istedadınız yoxdur. Var axı... Azərbayacana “Stand up”ı gətirmişəm və peşman da deyiləm. Sadəcə olaraq təhqir edənləri tərbiyəmi qoruyaraq cavab verdim. Bu da onlara bir dərs olsun.
- Tənqidlərin arxasında həmkarlarınız ola bilərmi?
- Nə bilim vallah... Kütləvi şəkildə üzərimə gəlmələri düşünülmüş bir addımdır. Niyə film və seriallarımız bu qədər tənqid edilmədi? Çünki hər kəs film və serial çəkə bilir. Amma “Stand up”ları məndən başqa bu səviyyədə edən yoxdur. Ona görə də onlar planlaşdırdılar ki, gəlin, Fərdanı vuraq. Allahıma şükürlər olsun ki, sevənlərim sevməyənlərimdən çoxdur. Ona görə də vura bilməyəcəklər. Bəzi saytlar yazıblar ki, “Fərda tənqid edənləri təhqir etdi”. Fərda bu gün tənqid edilmir axı...20 ilə yaxındır ki, bu sənətin içindəyəm. Demək ki, tənqidə deyil, təhqirə cavab verdim. Şükürlər olsun ki, məni sevənlər o yazanlarım cavabını veriblər.
- Fərda bəy, haqqınızda “Cem Yılmazı yamsılayırısınız” kimi ittihamlar səsləndirirlər. Buna münasibətiniz necədir?
- Səhnəyə gələn gündən öz dəst-xəttim ilə seçilirəm. Ona görə də Fərdayam. Kimsə məni kiməsə oxşadırsa, bu onun öz problemidir. Belə də ki, ona oxşayır və yamsılayıramsa, əcəb edirəm. Kiminsə duxu çatırsa, o da yamsılasın. Yamsılamağı özü də istedad tələb edir. “Stand up”ı öz beynim, fikirlərimlə təqdim edirəm.
Rəqsanə