25 İyul 2014 12:05
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valeh Kərimovu “Bəxt üzüyü” filmindən yaxşı tanıyırıq. Onun canlandırdığı şair Moşu Göyəzənli obrazı hər kəsin xatirindədir.

Teleqraf.com xəbər verir ki,milli.az-a müsahibə verən aktyor çox maraqlı mətləblərə aydınlıq gətirib. Başlığa çıxardığımız sözlərə görə də təəccüblənməyin.

Valeh müəllimlə söhbətimiz çalışdığı Sumqayıt Dram Teatrının foyesində baş tutdu...

- Bu il 70 illik yubileyinizdir. Ad gününüz oktyabr ayındadır, səhv etmirəmsə...

- Mənim doğulduğum ay və gün bəlli deyil. Anamın dediyinə görə, mart ayında anadan olmuşam. Ay-gün dəqiq olmadığı üçün elə bütün il mənim ad günümdür. Teatra da əmr gəlib ki, oktyabr ayında yubileyim keçirilsin.

Anam deyirdi ki, inəyimiz bir ala-bula buzov doğmuşdu ha, həmin vaxt anadan olmusan. Mənə deyirdilər. Amma 44-cü ildə doğulmuşam. Bu gün yubiley ilimdir. Bu gün durduğumuz foyedə 46 ildir ki, dayanıram. 1969-cu ildə Sumqayıt teatrının açıldığı gündən bəri mənə əziz olan bu teatrda işləyirəm. O vaxtlar, sadəcə, mədəniyyət sarayı kimi fəaliyyət göstərirdi. Son 5-6 ildə bina bizim teatra verilib. Tamaşaçılar artıq bilirlər ki, Sumqayıt teatrının ünvanı var. Sevinirəm ki, Sumqayıt teatrı deyəndə mən də yada düşürəm.

Burada çox tamaşalar qoyulub. Çox rollar oynamışam. Bir rejissor kimi də tamaşalar qoymuşam. Çox böyük sənətkarlarla, görkəmli rejissorlar və aktyorlarla işləmişəm. Ömrümüz teatr aləmində keçib.

- Amma kinoda daha çox tanınmısınız.

- Teatrdan fərqli olaraq kino aktyoru çox tez tanıdır. Tamaşaçı arasında kinoya həvəs çox yüksəkdir, nəinki teatra. Özünü toplayıb teatra gələrək tamaşaya baxmaq insanlar üçün nəsə çətinlik törədir. Ancaq kino belədir ki, elə evində oturur, bir əli qazanda, bir əli çaydanda, bir əli qəndanda kinoya baxır. Düzdür, məni “Bəxt üzüyü” kinosu tanıtdı. Ancaq filmdən öncə elə bu teatrda həmin əsərin tamaşasını oynamışam. 1986-cı ildən bəri "Bəxt üzüyü" burada tamaşaya qoyulur. Elə o vaxtdan bəri həmin rolu oynamışam.

Kino fəaliyyətim çox qısa olub. Elə çox kinoya çəkilməmişəm. Çünki dəvət etməyiblər. Dəvət etsəydilər, gedərdim, ancaq etməyiblər. Ancaq kiçik tele-tamaşalar olub.

- Dediniz 1969-cu ildən bu teatrda çalışırsınız. İndiyə qədər hansı dövr və ya hansı tamaşa sizə daha əziz olub?

- 1969-cu ilin mart ayında Sumqayıt teatrının pərdələri açılıb. Mən isə bu teatra açılışdan xeyli əvvəl - həmin ilin yanvarında gəlmişəm. Cavanlıqda mən burada dramatik tamaşalarda oynamışam. “Müsibəti-Fəxrəddin”də Fəxrəddin rolu, “Sevil” əsərində Balaş rolu, “Yadındamı?” əsərində Zaur rolu, “Komsomol” poemasında Gəray bəy rolunu oynamışam. Bundan başqa komediyalarda da rol almışam. Müsyö Jordan obrazını da canlandırmışam. Dramatik obrazlara çox meylliyəm, nəinki komediya. Ancaq komik obrazlarla daha çox tanındım. Teatrda Gələn mövsüm Sumqayıt teatrında “Varlı qadın” tamaşası oynanılacaq. Bu tragikomediyadır. Orada mən baş rolu oynayıram. Bu yaxınlarda bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Şah Qacar” pyesi əsasında hazırlanmış tamaşada Ağaməhəmməd şah Qacar rolunda oynayıram. Komediya da oynayıram, faciə də, dram da oynayıram. Rejissor kimi də işlərim olub. Son rejissor işim də mart ayında “Molla İbrahimxəlil kimyagər” əsəri olub. O əsəri həm tamaşaya hazırlamışam, həm də baş rolu oynamışam.

- Teatra yeni gələndə sizi sıxışdıran olubmu? “Atalar-oğullar” problemi ilə üzləşdinizmi?

- Mən teatra gələndə belə problem olmamışdı. Çünki teatrın əsasını qoyanlar elə biz idi. Cavanlar idi. İnstitutu qurtarıb, həmən il təyinat alan cavanlar idik. Burada bir-iki nəfər yaşlı aktyor var idi. Əsas cavanlar idi. 30 nəfər aktyor var idisə, onun 258-i cavanlar idi. Hamımız bir kursun uşaqları idik. Sonradan biz özümüz yaşa dolduqdan sonra problem yaranıb. Ancaq mən heç kimə problem yaratmamışam. Bütün teatrın əməkdaşlarından soruşsanız, deməz ki, Valeh Kərimov çıxıb mane olub ona. Əksinə, mən çalışmışam ki, hamıya bacardığım köməyi eləyim.

- Bir müddət öncə ölkənin, demək olar ki, bütün teatrlarında 65 yaşdan yuxarı aktyorlar təqaüdə göndərildi. Nə yaxşı sizə toxunan olmadı?

- Belə bir qanun var ki, hər müəssisədə müdiriyyətin 2-3% işçini saxlamağa ixtiyarı var. Mənim bu il 70 yaşım tamam oldu. Orada 70 yaşa qədər məsələsi var. Məni bir veteran kimi saxladılar, amma bu ildən xəbərdarlıq ediblər ki, gələn ildən müqavilə ilə işləyəcəm teatrda.

Bu qayda teatr üçün düzgün qərar deyil. Biri var qoca rolunu qoca aktyor oynasın, biri də var cavan aktyor oynasın. Başına pudra tökürlər, başını ağardırlar, saqqalını ağardırlar, ancaq gözləri alışıb yanır. Cavandı axı. Biri var səsini dəyişib xırıldıya-xırıldıya qoca obrazını oynasın, biri də var əsl qoca həmin rolu oynasın. Mənə elə gəlir ki, bu, düzgün ənənə deyil və ortadan götürüləcək. Amma bununla belə, mənim elə bir problemim yoxdur.

- Sumqayıt teatrının adı bir vaxtlar neqativ məsələlərdə hallandı. İş prokurorluğa qədər gedib çıxdı. Həmin vaxtlar necə hiss edirdiniz özünüzü?

- Bu cür xəstəlik bütün teatrlarda olan şeylərdir. Tək bizdə deyil. SSRİ-dən qalma xəstəlik idi. Hamı bir müdirdən, bir adamdan razı ola bilməz. Bir müdir də hamını sevə bilməz. Kiməsə bir irad tutulursa, gedir şikayət edir. Bir aktyora rol verilmirsə, gedib şikayət eləyir. Belə xırda şeylər də böyüyür.

- Amma aktyor da azad insan olmalıdır...

- Aktyor azad insan deyil. Aktyor asılı olan bir insandır. O, rejissordan asılıdır.

- Aktyorlarımız rejissordan asılı olmaqla razılaşır, ancaq texniki işçi hesab etdikləri direktordan asılı olmağı qəbul etmirlər.

- Aktyor tək özünə cavabdehdirsə, direktor bütün kollektivə cavabdehdir. Tamaşalara da cavabdehdir. Bu məsələni ortaya qoyub aktyora deyir ki, mən sənin bu cəhətini görürəm, yaramır bu teatra. Aktyor da narazı qalır, gedir şikayət edir. Mütəmadi olaraq belə şeylər olduqca, yuxarı təşkilatlar ölçü götürürlər, dəyişirlər. Misal üçün, bizim köhnə direktor 17 il işlədi. Bu illər ərzində hər bir rəhbər işçidə səhv ola bilər. Yaxşı olar ki, hər bir müdir 3-5 il işləyə, keçirələr başqa müəssisəyə, dəyişələr yerini. Qoy bilsinlər ki, dəyişiklik ola bilər, kök salmasınlar. Bir adam bir yerdə çox işləyəndə kök salır. Aktyor da elədir. Aktyor da deməlidir ki, “46 ildir ki, burada işləyirəm, mən deyən olmalıdır”. Mən heç vaxt belə söz deməmişəm, demərəm də. Amma ola bilir ki, belə şeylərdən istifadə edirlər. Deyirlər ki, mən burada can qoymuşam. Can qoymusan, lap yaxşı. Tamaşaçının qiymətini almısan, fəxri ad almısan, lap yaxşı, amma səndən başqaları da var axı. Belə hallar bütün kollektivlərdə var. Qəzet işçiləri arasında da, məktəblərdə də, hər bir sahədə var. Yaradıcı insanlar göz qabağında olur deyə, bu cür məsələlər tez böyüyür. Görürsünüz ki, müğənnilər gündə bir-birlərini nə günə qoyurlar. Misal üçün, yaradıcı insan yoldaşı barədə deyib ki, filan konsertdə pis oxudu. Bunu edirlər böyük dərd. Bundan da başlayır intriqalar. Elə tamaşa olub ki, məni tənqid ediblər. Mən bunu qəbul eləmişəm.

- Azərbaycan teatrının əsas problemi nədir?

- Azərbaycan teatrının əsas problemi elə tamaşaçı problemidir. Aktyora nə lazımdır? İnanın ki, aktyor evdə nə qədər pis yaşayırsa, yarı ac, yarı tox yaşayırsa belə, gəlib tamaşaçını görəndə evi yadından çıxır. Çıxır səhnəyə və yaratmağa başlayır. İki saat ərzində əgər tamaşaçı ilə ünsiyyətdə olursa, o, dünyanın ən xoşbəxt adamıdır. Aktyor gəlib teatrda tamaşaçı görməyəndə, onun yaşayışı heç yaşayış deyil.

Teatr tamaşaçısı gərək uşaqlıqdan yetişsin. Kimi danışdırsan, deyər ki, mən ziyalıyam, savadlıyam. Amma o ziyalı, savadlı adamların öz xoşuna gəlib teatra tamaşa etməyini görmürük.

- Bir qədər ailəniz haqda danışardınız. Övladlarınızı istədiyiniz vəziyyətə gətirib çıxara bilmisiniz?

- Övladlarım üçün istədiyim şəraiti düzəldə bilməmişəm. Buna görə utanıram, xəcalət çəkirəm. Bunu deməkdən də utanmıram. Çünki hal-hazırda işsizdirlər. İşləri yoxdur əllərində və bu məsələ məni utandırır.

Böyük oğlum Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Kiçik oğlum gördü ki, qardaşı oxuyub işsiz qaldı, oxumadı. Getdi əsgərliyini çəkdi gəldi. İndi qalıb çöllərdə. İşi yoxdur. Bax buna görə mən utanıram. Böyük oğlum ailəlidir, ancaq kiçik oğlum ailə qura bilmir. Deyir ki, mənim işim yoxdur, necə ailə qurum? Yaşım artıq çoxdur. İstərdim onun da toyun görüm. Tutaq ki, indi mən Prezident təqaüdü alıram, onları dolandırıram. Bəs sabah mən öləndən sonra onlar nə edəcək?

- Əvvəl Sumqayıtda yaşayırdınız. Bakıya niyə köçdünüz?

- Mən Bakıya 1998-ci ildə köçmüşəm. O illərdə Sumqayıt yaşamalı yer deyildi. 10-cu mikrorayonda qalırdıq. Üç gün, beş gün işıq olmurdu, su olmurdu, qaz olmurdu. Artıq yaşamaq mümkün deyildi. Soyuq qış vaxtı qazı olmayan, istiliyi olmayan beton evdə yaşamaq mümkün deyildi. Ailə ilə dözə bilmirdim. Onda evimi satdım getdim Bakıya, balaca bir ev aldım. Amma hələ də Sumqayıta bağlıyam. Yoldaşım da burada bağçada işləyir. Bütün xeyirimiz, şərimiz Sumqayıtla bağlıdır. Bütün yoldaşlar-dostlar hamısı buradadır. Adicə həkimə gedəndə də, Sumqayıt həkimlərinə gedirik. Bakıda həkimə getmirik. Bura çox doğmadır.

- Ölkədə kifayət qədər tanınmış adamsınız. Övladlarınızın işi üçün kiməsə müraciət etməmisiniz?

- Bu gün hər yerdə kameralar var, monitorlar var. Ən aşağı vəzifəli şəxsin kabinetinin girişində də kamera var. Mən kiməsə müraciət etmək istəsəm belə, katibəsinin otağında məni görür. Katibəsinə tapşırır ki, orada olmadığını desin. Mən də bir dəfə belə olduğunu görəndə daha heç kimə müraciət etmirəm..


Müəllif:

Oxşar xəbərlər