Xalq artisti Məleykə Əsədova İnstaqramda canlı yayıma çıxaraq sosial şəbəkədə "Məleykə Əsədova deyib ki, millətimiz çox qudurğandır" fikrinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu sözləri deyib:
"Mən feysbukda aktiv deyiləm. Yaxınlarım isə orada yayılan xəbərləri mənə demirlər ki, əsəbləşərəm. Mənə zəng edib deyiblər ki, guya mən demişəm "Bizim millətimiz çox qudurğan millətdir". Mən Məleykə Əsədova millətimə, xalqıma, torpağıma, vətənimə, dövlətimə bağlı bir insan, məni bu yerlərə çatdıran, alqışlayanlara o sözü deyə bilərəmmi?! Bu haqda məlumat yayan insanın özü mədəniyyətsizdr, qudurğandır. O, başqasının adına mənfi sözlər fikirləşir, böhtan ataraq özünə reytinq qazanır. Mənim illərlə qazandığım adıma xələl gətirmək istəyir.
Əvvəla, mən nə deyirəmsə, o sözün arxasında duran insanam. Bəli, deyə bilərəm ki, insanlar özünüzü qoruyun. Dövlət başçımız İlham Əliyev xalqımızı düşünür. Deyir ki, bir olaq, bir-birimizi qoruyaq. Bu sözü bizə görə deyilir.
Mən indi tutalım ki, azğımı açım və maskasız insanların içində gəzim... Mən də gəzmək istəyərəm, amma başa düşürəm ki, koronavirus yoluxa bilər, virus daşıyıcısı ola bilərəm, qızıma, evimdəki işçimə, bacıma keçirə bilərəm.
Birinci özümüzü qoruyaq, özümüzə hörmət edək. Mən Allahdan qorxan insanam və arxamda göyədəki Allahdan başqa heç kim yoxdur. Məni bu yerlərə çatdıran Allahım olub. Mən gündə millətimə, torpağıma dua edən insanam. Mən belə bir əqidəyə sahibəm. 1990-cı ildə necə idimsə, indi də eləyəm. Külək deyiləm. İncə, zərif görünməyimə baxmayın, məndə kişi qüdrəti var. Heç vaxt yalan danışmaram.
Gecə-gündüz deyirəm ki, kim haqqımda nahaq, haqsız olmayan sözlər danışırsa, böhtan atırsa, Allah cəzalarını versin".