6 May 2022 18:27
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Space” Müstəqil Teleradio şirkətinin rəhbəri, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bu gün doğum gününü qeyd edir.

Müşfiq Hətəmov özəl günü haqda təəssüratlarını Teleqraf.com-a bölüşüb:

“Hər doğum günümdə özümün özümə daxili hesabatım olur. Bununla yanaşı 30 il idi torpaqlarımız işğal altında idi. Doğum günümü Qarabağda, vətənimdə qeyd edə bilmədiyimə görə daxili bir nisgillik vardı. Allaha şükür iki ildir, daxili bir rahatlıq və qalibiyyət hissilə yaşayırıq. Qalib xalqın nümayəndəsi olduğumu hiss edirəm.

Yaxın günlərdə “Space” televiziyasında böyük bir layihə həyata keçirdik. Ağdamda, Şahbulaq qalasında böyük bir bayram konsert proqramı təşkil etdik.

Bilirsiniz ki, ermənilər hər il Yeni ili orada, Tiqranakert qalası adı altında qeyd edirdilər. Bu mənə pis təsir edirdi. Ancaq biz bu il Novruz bayramını Şahbulaq qalasında keçirdik. Hazırda “Space” kanalında bir çox gözəl layihələrimiz var. Bu layihələri “Space” kanalında həyata keçirməyi düşünürük. Necə ki kinostudiyada xeyli sayda filmlər çəkdik.

Hazırda əsas məqsədimiz “Space” kanalının əvvəlki imicini özünə qaytarmaq və uğurlu layihələr həyata keçirməkdir. Bununla yanaşı istəyirik ki, “Space” televiziyası beynəlxalq aləmdə, platformada öz layihələri ilə tanınsın”.

Müşfiq Hətəmov onu da qeyd edib ki, özəl gününü ailə üzvləri ilə qeyd edəcək: “Yəqin ki, bu gün doğum günümü ancaq ailə üzvlərimizlə keçirəcəyik. Hazırda iş başındayam”.

Qeyd edək ki, Müşfiq Hətəmov 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb. 1992-2002-ci illərdə Bakı Mədəni Maarif Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub, rejissor və aktyor sənətini tədris edib. 2002-2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində fəaliyyət göstərib. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər