"Cinema plus"da Vətən müharibəsinə həsr olunmuş “Köhnə çamadanlar” bədii filminin premyerası baş tutub.
Aktrisa Zümrüd Qasımova Teleqraf.com-a açıqlamasında öz rolundan danışıb: "Filmdə jurnalist Leyla obrazını canlandırıram. "Köhnə çamadanlar" real qadınların həyatından bəhs edir. Filmdə bir-bir qadınlarla görüşürəm və onlar mənə öz hekayələrini danışırlar. Filmin sonunda kitabımı bitirirəm. Ekran əsəri bu sözlərimlə bitir, "Çox sağ ol, Azərbaycan əsgəri, çox sağ ol ata! Mən zəfər çalmış ölkənin qadınıyam!"
Filmə baxanda da çox ağlamışam. Ekran əsəri Azərbaycanda müharibədə əziyyət çəkən qadınlara həsr edilib. Kişilərin qəhrəmanlığından bəhs edən filmlərimiz çoxdur, amm ilk dəfə burada qadınların qəhrəmanlığını göstərmişik".
Filmin quruluşçu rejissoru Saida Haverdiyeva ekran əsərinin Birinci və İkinci Qarabağ müharibəsindən bəhs etdiyini deyib:
"Köhnə çamadanlar" Birinci Qarabağ Müharibəsindən əziyyət çəkən qadınların həyatından bəhs edir. Real qadın hekayələridir. Filmdə şəhid anası, şəhid bacısı, şəhid övladı var. Könüllü cəbhəyə yollanan qadınlarımızın həyatından müəyyən hissələr yer alıb. Eləcə də filmdə Xocalıdan əsir düşmüş bir qadın heç vaxt heç yerdə danışmadığını 30 ildən sonra bizə danışıb. İlk dəfə olaraq onun yaşadıqlarını ekranlaşdırdıq".
Qeyd edək ki, psixoloji dramda əsas rolları xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa ediblər.