3 Fevral 2023 09:14
4 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasının rəhbəri Murad Dadaşov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Murad müəllim, yaxın günlərdə Xəzər televiziyasının loqosu dəyişdi. Kanalda başqa nə kimi dəyişikliklər gözlənilir?

- Əlbəttə, Xəzər televiziyasının loqo dəyişikliyi ilk addımdır. Kanal yalnız loqo ilə deyil, daxili ruhu ilə fərqlənir. Xəzər TV-nin kifayət qədər şanlı tarixi var. Böyük televiziya auditoriyasına sahibdir, onu qoruyub saxlamaq niyyətindəyik. Eyni zamanda yeni tamaşaçı kütləsini cəlb etmək fikrindəyik.

Kanal daxilən tamam dəyişir. Mən televiziya tamaşaçlarına böyük zövq və hörmətlə yanaşıram. Tamaşaçılar qarşısında çox böyük məsuliyyətim var. Hər addımım tam ölçülüb biçilir.

- Bir müddət əvvəl Xəzər televiziyasında "Maşın şou"nun yayımlanacağı haqqında xəbərlər yayılmışdı. Bu haqda məlumat verməyinizi istərdik.

- "Maşın şou" Azərbaycanın televiziya tarixində çox fərqli və inqilabi bir layihə idi. Özümün layihəm olduğuna görə demirəm. Açığını deyim ki, mən özümə də, televiziyaya da qarşı fərqli və obyektiv mövqedə olmuşam. Həqiqətən "Maşın şou" fərqli bir layihədir. Amma bu gün düzünü deyim ki, "Maşın şou"ya aparıcılıq etməyə və onu hazırlamağa vaxtım yoxdur.

Ola bilər, kanalda çalışan icraçı prodüser və digər əməkdaşlar təklifi etsinlər ki, Murad müəllim, bəlkə "Maşın şou"nu bərpa edək... Mən etiraz etmərəm. Kim istəyirsə və kim bunu bacararsa, mən yalnız sevinərəm.

- Siz "Maşın şou"ya aparıcı kimi hansı həmkarınızı tövsiyə edərsiniz?

- Açığı deyim ki, o qədər istedadlı aparıcılarımız ortaya çıxıb ki... Biri-birindən gözəl, istedadlı simalar var. Deyim ki, kimsə "Maşın şou"nu apara bilməz, xeyr. Hamı bunu bacarar.

Burada başqa bir məsələ var. Bu verilişdə daxili nüfuz çox önəm daşıyır. Bilirəm ki, çoxlu dostlar özümə və ədalətli mövqeyimə görə mənə inanıblar. Əminəm ki, bu inamı itirmərik. Aparıcı Xəzər və başqa kanallardan da ola bilər.

Ümumiyyətlə, kanal rəqabəti baxımından fərqli mövqedəyəm. Bu gün kanal rəhbərlərinin əksəriyyəti ilə yaxın dostlarımdır. Kanalda çalışan insanların özüm də qonağı olmuşam. Biz daxili kanallar arasında rəqabəti yığışdırmışıq. Azərbaycan kanallarının xarici kanllarla rəqabətini qurmuşuq. Bu çox önəmli məsələdir. Həmkarlarım sağ olsunlar, bu işdə mənə çox dəstəkdirlər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər