“Hərdən bizə müraciət edib deyirlər ki, televiziya uşaqlara yaxşı tərbiyə versin. Başa sala bilmirəm ki, əzizlərim, tərbiyəni ata-ana verir. Televizya, radio, sosial şəbəkələr insanı tərbiyə edə bilməz. Yalnız istiqamətləndirə bilər. Maarifləndirməyə maraq doğura bilər. Uşaqların özlərindən çox şey asılıdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xəzər Televiziyasının direktoru Murad Dadaşov “Talknex” yutub layihəsində deyib:
“İndiki dövr mediası, televiziya, radio, sosial şəbəkələr müxtəlifliyi göstərir. Marketə gedərkən müxtəlif əşyalar görürük. Amma ağlımız, savadımız və cibimizə uyğun olanı seçirik. Mağazada tütün məhsulları, alkoqollu içkilər də görürsünüz, bu demək deyil ki, onu almalısınız. Tərbiyə ailədə, evdə formalaşır. Evdə tərbiyə formalaşırsa, demək, hər şey əladır”.
Murad Dadaşov ailədə sevginin əsas olduğunu vurğulayıb: “İki nəfər bir-birini sevirsə, o ailədə doğulan uşaq sevgi övladı olacaq, cinsiyyətindən asılı olmayaraq…”
Murad Dadaşov valideynlərə də çağırış edib: “Valideynlərə çağırış edirəm ki, uşaqlar vaxt itirməsinlər, həyatda sürət çox vacibdir. Bu gün 11-12 yaşlı uşaqlardan tələblər daha çoxdur, nəinki bizim zamanımızda. Uğur o insanı müşayiət edir ki, uğura qarşı ədalətlidir, niyyətlidir və irədəlidir”.