23 Aprel 2015 15:05
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu türkü ilk dəfə əsgərin dilindən səslənib”

Bu gün Xarici Dillər Universitetində ASAN Xidmətin sifarişi ilə hazırlanan “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, hər iki ekran işi Çanaqqala savaşlarında şəhid olan qəhrəman türk əsgərləri və azərbaycanlı könüllülərin əziz xatirəsinə ithaf edilib. Layihənin rəhbəri isə AYB-in üzvü Cəlal Qurbanovdur. Ekran işində əməkdar artist Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov layihənin əhəmiyyətindən danışıb: “Sabah Türkiyə Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Eyni zamanda ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd edir. Belə bir ərəfədə Azərbaycan da öz sözünü deyir. Bu layihənin əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. İstedadlı yazar Cəlal Qurbanova minnətdarlıq edirəm. Hər zaman vətənpərvər ideyaları ilə seçilib, Azərbaycan himnini, səngərini, döyüşçüsünü tərənnüm edən layihələri ilə öz sözünü deyib. Sevda Ələkbərzadə də türkünü özünəməxsus ifa edib. Bu layihələrin davamlı olmasını arzulayardım”.

Əməkdar artist Sevda Ələkbərzadə belə bir layihədə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib: “Bu çox məşhur bir türküdür, ilk dəfə bir əsgərin dilindən səslənib. Çanaqqala savaşında türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də vuruşub, bu türkü də onların qəhrəmanlığına həsr olunur. Layihə rəhbəri Cəlal Qurbanova xüsusi təşəkkür etmək istəyirəm. Çox istərdim ki, Azərbaycan mədəniyyətində bu cür layihələrin sayı çox olsun”.

Nərmin

FOTO : Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər