Aktrisa Xuraman Əlizadə ikinci dəfə, mediadan gizli ailə qurub və səkkiz aylıq hamilədir. Sənətçi Teleqraf.com-a müsahibəsində ailə qurmasını gizli saxlamasının səbəbini açıqlayıb.
-Xuraman xanım, ailə qurmuşsunuz, hətta səkkiz aylıq hamiləsiniz...
-Bəli, ailəmizin, yaxınlarımın xeyir-duası və məsləhət ilə ailə həyatı qurdum. Həyat yoldaşımla xoşbəxt yaşayırıq.
-Bir müddət əvvəl nişanlı olmağınız haqqında xəbər yayılmışdı. Həmin bəylə ailə qurmusunuz?
-Onda nişanlı deyildik, artıq ailə qurmuşduq. Ötən il avqustun sonlarında evləndik.
-Bəs, ailə qurmağınızı niyə gizli saxladınız?
-Əslində bunu uşaq olana qədər açıqlamayacaqdım. Sonra mənə tanışlar, qohumlar dedilər ki, insanlar tərəfindən normal qarşılanmaz. Uşaq olandan sonra deyəcəklər, bu, haradan oldu? Ona görə ictimailəşdirdim.
- Ailə qurmağınızı gizli saxlamaq öz qərarınızdır? Bəlkə həyat yoldaşınız...
- Xeyr, öz istəyim idi. Əslində həyat yoldaşımın qohumları istədilər ki, bu haqda məlumat verim. Burada nə var, yaşından asılı olmayaraq hər kəs ailə qura bilər.
-Məclis, toy mərasimi olmadı?
-Toy eləmədik. Evdə böyüklərin xeyir-duası ilə hamı bir araya toplaşdı və evləndik.
-İkinci dəfə ailə qurmusunuz. Evlənərkən hər hansı qorxunuz, tərəddüdünüz vardımı?
-Əlbəttə, daxili tərəddüdlər vardı, qorxurdum. Ona görə bu haqda danışmırdım ki, birdən alınmaz, övladım olmaz. Gözləmədiyimiz halda hamilə qaldım. Çünki çəkimlə bağlı problemlərim vardı.
-Yəqin həkim nəzarətindəsiniz?
-Adi hamiləlik keçirirəm. Hər ay müalicəyə gedirəm. Düşünürdüm, çəkim problemlər yarada bilər. Şükür Allaha, hər şey yaxşıdır. Adi xanımlar kimi hamiləlik yaşayıram. Bir balaca çəkim ağırlıq edir, uşaq böyüdükcə narahat oluram. Ancaq deyirlər, bu hal hamıda baş verən problemdir.
-Demək, evlənməyinizdə ailənizin də xeyir-duası olub...
-Hər zaman deyirəm, valideyn xeyir-duası olmadan ailə qurmaq çətindir. İlk dəfə ailə qurarkən ailəmin razılığı olmamışdı. Ona görə alınmadı. İkinci dəfə ailəmin rizası ilə ailə qurmağa çalışdım. Şükür, həm oğlan tərəf, həm də bizimkilər ailə qurmağımıza razılıq verdilər.
-Həyat yoldaşınızla yaş fərqiniz varmı?
-Həyat yoldaşım beş yaş məndən kiçikdir. Nənəm də babamdan beş yaş böyük olub...
-Necə tanış oldunuz?
-Təsadüfən, xalamgilə gedəndə yolda tanış olduq. Maşında gedirdim, o da dalımca düşdü. Sonra da belə... Dediyim kimi, hər şey təsadüfən baş verdi. Mən düşünürdüm ki, heç vaxt ana olmayacam. Amma Allaha qurban olum, hamilə qaldım. İndi bilirəm, ağzı göyçəklər deyəcəklər ki, bəlkə də müxtəlif üsullardan sonra hamilə qalıb. Allaha şükür, bu, təbii yolla baş verib. Oğlum olacaq. İnşallah oğluma qayınatamın adını qoyacam.
-Həyat yoldaşınız hansı sahədə çalışır?
-İşləyirdi, sonra müəyyən səbəblərdən işindən ayrıldı. Hazırda birlikdə çalışırıq.
-Birlikdə fəaliyyət çətin deyil ki?
-Xeyr, özünün başqa işləri də var. Sadəcə, hazırda işlərimi ona həvalə etmişəm. Hərdən dalaşırıq, barışırıq...
-Həyat yoldaşınızın kiçikliyinə görə kompleksiniz varmı?
-Yox. Özünü elə aparır, hətta elə bilirəm, mən ondan kiçiyəm.
-Bir müddət əvvəl qeyd etmişdiniz ki, həyat yoldaşınızın evi olmasa, sizin evinizdə yaşaya bilər...
-Şükür Allaha, öz evi var, mənim adıma keçirib. O da məndən əvvəl bir dəfə ailə qurub, ayrılıb. Övladı olmayıb.
-Bir daha təbrik edirik, xoşbəxt olun. Əlavə sözünüz varmı?
-Təşəkkür edirəm. Xoşbəxtəm. Təbii ki, hamının ailəsində olduğu kimi bizim də ailəmizdə dava-dalaş, küsülülük-barışıq olur. Hamı deyir, uşaq dünyaya gəldikdən sonra hər şey düzələcək. Ən əsası, hamıya xoşbəxtlik arzulayıram.
Rəqsanə