Elm adamları uzun illərdir Qütb parıltısının sirlərini çözmək və insanların həyatlarına təsirlərini öyrənmək üçün araşdırmalar aparırlar. Qütblərdə yerləşən xüsusi mərkəzlərdə işləyən mütəxəssislər bu sirli təbiət hadisəsini daha yaxşı başa düşəcəklərinə və insan həyatına təsirlərini azalda biləcəklərinə ümid edirlər. Göy üzündə qəribə, fərqli rənglərdə işıq kimi görünən Qütb parıltısı turistləri dünyanın şimalına cəlb edir. Lakin bu parıltılar bölgə sakinlərinin həyatlarına təsir edə bilər. Məsələn, Şimal Yarımkürəsində enerji mənbələrinin azalmasına və ya peyklərdə nasazlığın yaranmasına, neft boru-kəmərlərində belə korroziyaya səbəb ola bilirlər.
Qütb parıltısı – Yer kürəsinin ətrafındakı geomaqnit sahəsində baş verən qasırğaların görünən formasıdır.
Atmosferin üst təbəqəsində
Arktikada yaşayan ilk insanlar “Şimal işıqları”nın əslində “göydə rəqs edən ruhlar” olduğuna inanırdılar. Bu gün isə bu parıltılara Günəşdən gələn və qütblərin maqnit sahələrinə yayılan elektrik yüklü zərrəciklərin səbəb olduğu məlumdur. Şimal Yarımkürəsində enerji təchizatı, peyk-rabitə sistemlərini sıradan çıxarmaq üçün böyük bir Avrora qasırğası kifayətdir.
1969-cu ildən bəri atmosferdəki qarşılıqlı təsirləri anlamaq və yeni perspektivlər qazanmaq üçün Şimal qütbündə səmaya çox sayda səs raketləri atılıb. Elm adamları bununla atmosferin üst təbəqəsinin Avrora tərəfindən necə aktivləşdirildiyini anlamağa çalışırlar.
Günəşin oyunu
Qütb parıltısı tamamilə təbii bir fenomendir. Elm adamları bunu “Günəşin oyunu” adlandırırlar. Bu, Yer kürəsinin maqnit sahəsi və Günəşdən gələn elektrik yüklü zərrəciklərin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii radiasiyadır.
“Avrora Borealis” kimi tanınan Qütb parıltısı qədim Roma mifologiyasında sübh tanrıçası Avroranın adını daşıyır.
“Şimal işıqları” təkcə qış aylarında görünmür, ilin bütün fəsillərində görünə bilər. Amma qış aylarında hava buludsuz və gecə vaxtının digər aylarla müqayisədə daha uzun və qaranlıq olması, Qütb parıltısını daha çox görmək ehtimalını artırır. Amma Ay parlaq olduqda “Şimal işıqları”nı görmək çətin ola bilər. Yəni, Ayın işığı parıltını gizlədə bilər. “Şimal işıqları”nı Şotlandiya, ABŞ, Norveç, Finlandiya, İsveç, İslandiya və Kanadanın şimal bölgələrində görmək mümkündür.
Qütb parıltısı həmişə fotolarda göründüyü kimi olmur. Hava, ekoloji faktorlar və aldıqları şüalara görə fərqli rənglərdə və intensivliklərdə görünə bilərlər. Yəni, fotolarda göründüklərindən daha zəif parıltıda görünməsi mümkündür.
Rəng müxtəlifliyi
Əslində baş verən hər olay yalnız bir dəfə olur, eyni şəkildə yenidən görünmür. Səbəbi, əlbəttə ki, bunun ani bir təbiət hadisəsi olmasıdır. Orta hesabla 30-60 dəqiqə arasında görünür. Bəzən 10 dəqiqə və ya bütün gecə görünə bilər. Bu, tamamilə Günəş fəaliyyətinin intensivliyindən asılı olan bir vəziyyətdir.
Parıltının bənövşəyi, qırmızı, yaşıl və mavi olmasının səbəbi, elektronların səmada toqquşmasından irəli gəlir. Toqquşan elektronlara görə fərqli rənglər ortaya çıxır. İşıqlar azot atomundan çıxırsa qırmızı, oksigen atomundan çıxırsa yaşıl olur. Əslində oksigen atomları göydə və qütblərdə rənglərin illüziyasını yaradan əsas amildir. Hündürlük artdıqca bu oksigen atomları fərqli rənglər əmələ gətirir, beləliklə bəzən qırmızı, bəzən də yaşıl parıltı yarada bilir.
Hadisə yerdən 96 kilometr hündürlükdə baş verir.
Otuz min il əvvəl
30 000 il əvvəl indiki Fransa ərazilərində yaşamış erkən homo sapienslər (Cro-Magnons) mağara divarlarına “Şimal işıqları” çəkmişdilər. Yəni, ibtidai insanlar bu möcüzəvi formasiyanın bizdən min illər əvvəl şahidi olublar. Üstəlik, yazılı dəlillər də var. Bu faktları Çin və Yunanıstanda əldə etmək mümkündür.
Qalileyin qeydləri
İlk “Şimal işığı” 1619-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə edilib və qeydə alınıb. Əlbəttə, Qaliley səma ilə maraqlanan bir alim idi.
Orta əsrlərdə insanlar “Şimal işıqları”nın Tanrının bir əlaməti olduğuna inanırdılar. İndi az da olsa, buna inananlar var.
1859-cu ildə Günəşdə indiyə qədər məlum olan ən böyük maqnit qasırğası baş verib. Bu, misilsiz dərəcədə gözəl mənzərələrin yaranmasına səbəb olub. Amma bu gözəl görüntünü dünyanın hər yerində görmək şansı baha başa gəlib. Çünki 29 avqust - 3 sentyabr tarixləri arasında rabitə sistemləri və elektrik xətlərində problemlərin yaranması ilə yanaşı, demək olar, dünyanın hər yerində uzun gündüzlər müşahidə olunub.
Saksonun qorxusu
Vətəndaş müharibəsi illərində Elizabet Layl Sakson “Şimali işıqları”ndan pis bir əlamət kimi danışdı. Səbəbi bu partıltıların bəzi yerlərdə çox nadir hallarda görünməsi idi. Bu, bir çox insanı sevindirsə də, bir çoxları da qorxduqları üçün nə özləri çölə çıxdılar, nə də uşaqlarını qoydular. Çünki onlar “Şimal işıqları”nın yoxa çıxarkən uşaqlarını özləri ilə aparacaqlarından qorxurdular.
Vikinqlər Qütb parıltısının dünyanı əhatə edən alov və ya Günəşin əks olunması olduğunu düşünürdülər.
Cənub Yarımkürəsində
Qütb parıltısına Cənub Yarımkürəsində də rast gəlinir və “Cənub parıltısı” və ya “Avrora Avstralis” adlandırılır. Cənub qütbünün ətrafındakı yaşayış yerlərinin azlığı bu parıltıların şöhrətini Şimali Yarımkürəsinə verməsinə səbəb olub. Əslində Cənubda da az təsiredici deyil. Cənub Yarımkürəsində bu sehrli mənzərəni Yeni Zelandiyadakı Folklənd və ya Stüart adaları kimi yerlərdə görmək mümkündür.
Qütb parıltısı kosmosdan da görünür.
Yad planetlər
Avrora təkcə Yer kürəsinə xas deyil. Yerdən milyardlarla işıq ili uzaqlıqda olan planetləri müşahidə edərkən, onların da belə formasiyalara malik olduqları görünüb. ABŞ-ın Milli Aeronavtika və Kosmos İdaarəsinin (NASA) “Hubble” və “Cassini” teleskopları vasitəsilə əldə edilən məlumatlara görə, bu formasiyalar planetlərinə görə fərqli görünüşlər və rənglər alır.