7 Sentyabr 2021 09:05
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni araşdırmaya görə, qlobal miqyasda ölümlə nəticələnəcək dağıdıcı supervulkan püskürməsi ehtimalı əvvəllər güman edildiyindən qat-qat çoxdur.

Teleqraf.com xəbər verir ki, elm adamları yarı hərəkətsiz vəziyyətdə olduğunu düşündükləri təxminən 20 vulkanın belə bir risk yarada biləcəyini söyləyirlər.

İndiyə qədər olan nəzəriyyə püskürmə ehtimalının bir vulkanın altındakı maye maqmanın varlığından asılı olması ilə bağlıydı. Amma ABŞ-ın Oregon Universiteti tərəfindən aparılan yeni araşdırmada püskürmələrin maye maqma olmadığı halda da baş verə biləcəyinə dair sübutlar tapıb.

Əgər doğrudursa, bu o deməkdir ki, əvvəllər yalnız gələcəkdə potensial təhlükəli olduğu düşünülən bəzi supervulkanlar hazırda bəşəriyyət üçün olduqca təhlükəli ola bilər.

“Partlayış anlayışı yenidən nəzərdən keçirilməlidir”, - araşdırmanın aparıcı müəllifi Martin Danik deyib.

Elm adamları qrupu təxminən 75 min il əvvəl İndoneziyada Toba gölündəki superpartlayışdan sonra baş verənləri araşdıraraq bu nəticəyə gəlib. Hadisənin illərlə davam edən qlobal qışa səbəb olduğu və o dövrdə insan sayını 3000-ə qədər azaltdığı iddia edilib.

Elm adamlarının xüsusilə maraqlandığı məqam maqmanın 13 min il sonra da sızmağa davam etməsidir. Bu, püskürmələrin ilk növbədə maye maqma olmadan baş verə biləcəyini göstərir.

“Superpüskürmələr, demək olar ki, Yer tarixinin ən fəlakətli hadisələrindən biridir və bu, böyük həcmdə maqmanın sızması deməkdir. Bunlar qlobal iqlimə dünyanı “vulkanik qış”a qərq edəcək dərəcədə təsir edə bilər. Vulkanik qış geniş yayılacaq aclığa və əhalinin deqradasiyasına səbəb ola biləcək qeyri-adi dərəcədə soyuq dövrdür”, - Danik qeyd edib.

Onun sözlərinə görə, supervulkanların necə fəaliyyət göstərdiyini öyrənmək qaçılmaz superpüskürmə təhlükəsini anlamaq üçün vacibdir:

“Superpüskürmə regional və qlobal təsir göstərə, bərpa onilliklər və ya hətta əsrlər çəkə bilər, nəticələr göstərir ki, təhlükə fövqəladə partlayışla bitmir və təhlükənin min illər boyu davam etdiyini göstərir.

Püskürən maqmanın nə vaxt və necə yığılacağını,bu püskürmədən əvvəl və sonra maqmanın hansı vəziyyətdə olduğunu öyrənmək supervulkanları anlamaq üçün çox vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər