1 Dekabr 2021 12:27
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun San Markos Universitetinin arxeoloqları Kaxamarkiliyada yeni mumiya tapıblar.

Teleqraf.com xəbər verir ki, mumiyanın yaşının 800-1200 il arasında olduğu təxmin edilir.

Məzardan mumiya ilə yanaşı, saxsı qablar, tərəvəz qalıqları və daş alətlər də tapılıb.

Araşdırmaya rəhbərlik edən professor Piter Van Dalen Luna deyib:

“Cəsəd məzara qoyulandan sonra yaxınları tez-tez bura baş çəkiblər. Uzun illər ona yeməklər və qurbanlar gətirilib. Bütün bədəninin bağlı olması və əllərinin üzünü örtməsi onu bu ərazidə tapılan digər mumiyalardan fərqləndirir”.

Luna və komandası hələ də bu mumiyanın bütün bədənin iplə sarılı olmasının sirrini aça bilməsələr də, o, bunun yerli dəfn ənənəsinin bir hissəsi ola biləcəyini söyləyib.

Mumiyanın təxminən 25-30 yaşlarında bir insana aid olduğu və bəlkə də dövründə önəmli şəxslərdən biri olduğu düşünülür.

Kişi olduğu bildirilən mumiyanın təxminən 500 il əvvəl Cənubi Amerikanın cənub hissəsinə hakim olan İnk sivilizasiyasına aid olduğu müəyyən edilib. İnk İmperiyası vaxtilə Ekvadorun cənubundan və Kolumbiyadan tutmuş mərkəzi Çiliyə qədər Cənubi Amerikanın cənub hissəsində hökmranlıq edib. İmperiyanın son qalası 1532-ci ildə ispanlar tərəfindən ələ keçirilib. Bundan sonra bölgədə multikulturalizm və etnik müxtəliflik yox olub.

Lunanın sözlərinə görə, bu kəşf ispan müstəmləkəçiliyindən əvvəlki dövrlərdəki qarşılıqlı əlaqə və münasibətlərə yeni işıq salır.

Arxeoloq Yomira Human Santillan da bildirib ki, tapıntı sürpriz olub, çünki komanda mumiya axtarmırdı.

“Bütün komanda həqiqətən xoşbəxtdir, çünki bunun baş verəcəyini düşünmürdük. Bu qədər mühüm kəşf edəcəyimizi gözləmirdik. Təəccüblənirik və xoşbəxtik”, - Santillan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər