İnsanın uzunömürlülüyü mübahisəli mövzudur. Alimlərin araşdırmasına görə, insanlar 105 yaşa qədər hansısa xəstəlikdən ölməsə, o yaşdan sonra xəstələnmirlər və təbii ölümlə həyatdan vidalaşırlar.
Teleqraf.com xəbər verir ki, “Science” jurnalı Amerika və İtaliya alimlərinin insan uzunömürlülüyü ilə bağlı araşdırmalarını dərc edib.
Araşdırma qrupunun üzvü Kennet Uoxter yaşlı italyanları müşahidə etdiklərini və çox maraqlı bir nəticəyə gəldiklərini açıqlayıb.
Müşahidələr göstərib ki, 80 yaşına qədər insanların sağlamlığı sürətlə pisləşir və bu proses 105 yaşa qədər davam edir.
Tədqiqatda 2009-2015-ci illərdə 105 yaşa çatmış və ondan yuxarı 3836 İtaliya sakini iştirak edib. Onlardan 463-ü kişi, qalanları isə qadın olub. Məlum olub ki, sağlamlıqla bağlı problemlər 105 yaşa çatdıqdan sonra sabitləşir, bu da xəstəlikdən ölüm ehtimalını azaldır.
"Gompertz" adlı qanuna görə, müəyyən yaşa çatdıqdan sonra növlərin əksər nümayəndələri sadəcə qocalıqdan ölür.
2016-cı ildə Amerika tədqiqatçıları da insanların maksimum 110-115 ilə qədər yaşaya biləcəyini açıqlayıblar. Amma Uoxter və onun həmkarları bu yanaşma ilə razılaşmırlar. Onlar uzunömürlülərlə bağlı mövcud bütün məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, 105 yaşa çatandan sonra insanın səhhətində heç bir dəyişiklik baş vermir. Buradan belə nəticə çıxır ki, "Gompertz" qanunu insanlara şamil edilmir, əks halda ölüm ehtimalı 105 ildən sonra da artardı. Bu da insan həyatının heç bir sərhəddinin olmadığını göstərir.