12 Sentyabr 12:46
7 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk tarixi baxımından mühüm arxiv sənədi tapılıb. Böyük Səlcuq İmperiyasının hökmdarı Toğrul bəyin ərəb dilində Bizans imperatoru IX Konstantin Monomaxa yazdığı məktubu ilk dəfə üzə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, məktubun nə vaxt və harada yazıldığı məlum olmasa da, Berlin Dövlət Kitabxanasından (Almaniya) əldə edilən qeydlər “Orta əsr türk dövlətlərinə aid nadir sənədlərdən biri” kimi şərh edilib.

Günümüzə tək nüsxədə gəlib çatan və ilk dəfə tərcümə olunan məktub Türkiyənin Marmara Universitetinin professoru Osman Özgüdenli tərəfindən açıqlanıb.

Məktubda Toğrul bəyin Bizans hökmdarına meydan oxuması diqqət çəkir.

Məktubun tərcüməsi belədir:

“Bu məktubumuz Rum (Bizans) hökmdarınadır. Allah ömrünü uzun etsin! Allah ona İslam səadəti, tam iman və Allahın yardımı, yetkin əsgərlər nəsib etsin.

Onu dəvət və ona təqdim etdiyimiz şeydə özünün və xalqının rifahı, ölkəsinin və (sahib olduğu) nemətlərin qorunması, əsgərlərinin və ölkəsindəki xalqın xoşbəxtliyi üçün təhlükəsizlik vardır.

Bilsin ki, Uca Allah bizi İran hökmdarlarının (şahlarının) mülkündə yerləşdirdi və xilafət taxtını qorumağa qadir qıldı. Bizi qınından çəkilmiş, itiliyi korşalmayan qılınc, sönməyən od etdi. Bizə böyük qələbələr, uğurlu müvəffəqiyyətlər bəxş etdi”.

Səlcuq hökmdarının digər bir qeydi də belədir:

“Hər yerə yayılan, ölümə meydan oxuyan, hündür dağlarda, ucsuz-bucaqsız dənizlərdə irəliləsələr belə (oraları) firavan qılan, qüdrətli türklər, deyləmilər və kürdlər kimi müxtəlif tayfalarla polad qolumuzu gücləndirdi.

Ali Əmir Əbu Mənsur Vəhsudan (Allah həmişə onları qorusun) razılığını gözləyirik.

Fikrini bildirsin ki, biz də ona uyğun hərəkət edək, Uca Allahın izni ilə atlılarımızı ona tərəf göndərək!”.

Türk tarixi baxımından əhəmiyyətli bir sənəd olan məktubun məzmununa münasibət bildirən Özgüdenli maraqlı məqamlara diqqət çəkib:

“Şübhə yoxdur ki, son dərəcə diqqətlə seçilmiş bu sözlərlə Toğrul bəyin əzəməti vurğulanarkən, Bizans imperatoruna da meydan oxunulurdu.

“Uca Allah bizi İran hökmdarlarının mülkündə yerləşdirdi” ifadəsi ilə Toğrul bəy bir tərəfdən öz hökmranlığını əski türklərin hökmranlıq anlayışı üzərində qurduğu, digər yandan da özünü əski İran hökmdarlarının taxtının sahibi kimi təqdim etdiyi görünür.

“İtiliyi korşalmayan qılınc” və “sönməz od” ifadələri ilə Toğrul bəyin qüdrəti və bacarığına, “böyük zəfərlər və uğurlar” sözləri ilə isə nailiyyətlərinə işarə edilir”.

Böyük Səlcuq İmperiyasının sərhədləri (Azərbaycan da daxil) Fərqanə vadisindən Anadoluya qədər uzanırdı.

“Məktub Səlcuq-Bizans münasibətlərinin mənbələrdə nadir hallarda əksini tapan diplomatik aspektinə işıq salır. Göründüyü kimi, bu məktubla Toğrul bəy Bizansa qarşı mühüm tələblər irəli sürüb, tələblərinin yerinə yetirilməməsi halında Bizans imperatorunu ordusunun gücü ilə qorxudur.

Bütün bunlarla yanaşı, sözügedən məktub Toğrul bəyin Bizansla sıx diplomatik əlaqələrinin günümüzə qədər gəlib çatan yeganə nümunəsi olması ilə də diqqət çəkir”, - professor söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər