Teleqraf.com politoloq, sabiq dövlət müşaviri, Milli Məclisin deputatı Rasim Musabəyovla müsahibəni təqdim edir.
- Rasim müəllim, Prezidentlərin Sankt-Peterburq görüşü, aparılan müzakirələr haqqında nə düşünürsünuz?
- Mənim qiymətim və şərhim öz yerində. Xarici işlər nazirləri görüşün nəticələrini pozitiv hesab ediblər. Bunun nə dərəcədə faydalı olduğunu şübhəsiz ki, sonrakı danışıqlar prosesi göstərəcək. Yeganə nəticəsi odur ki, yeni danışıqlar raunduna start verilir. Ancaq bunun hansı nəticələrə gətirib çıxaracağı açıq məsələdir. Bu vaxta qədər dəfələrlə danışıqlar olub, lakin təəssüflə deyim ki, bu danışıqlar müsbət nəticə ilə başa çatmayıb.
- Sankt-Peterburq görüşündən sonra işğal edilən 5 rayonun ilkin mərhələdə Azərbaycana qaytarılacağı haqda Novruz Məmmədovun bəyanatı barədə nə deyə bilərsiniz?
- Burada təzə bir şey yoxdur. Siz dediyiniz məqam "Madrid prinsipləri"ndə də mövcud idi. Sadəcə olaraq, ermənilər hər vəchlə çalışırlar ki, status adı altında Azərbaycandan Dağlıq Qarabağı və dəhliz bəhanəsi ilə digər əraziləri qoparsınlar. Ancaq bu, baş verməyəcək. Ermənilərin bu iddiaları ümumiyyətlə, qəbuledilən deyil, həm də danışıqlar prosesinin dayanmasına səbəb olmuşdu. İndi ermənilər bunda təkid etsələr, deməli, müharibə istəyirlər. Bunu Rusiya da anlayır. Başa düşür ki, ermənilərin işğal etdiyi rayonlardan çıxmaq vaxtı çoxdan yetişib. Və bunu uzatmaqla ancaq riskləri artırırlar. Yəni Dağlıq Qarabağın müvəqqəti statusunun olması sülhə təhlükə yaratmır. Amma işğalın davamı bilavasitə sülh üçün təhlükədir.
- Rusiya indiki mərhələdə Qarabağ konfliktinin həllinə hazırdırmı?
- Bu sınaqdan keçirilməlidir. Suala nəzəri baxımdan cavab vermək, qeyri mümkündür. Hər halda Azərbaycan-Rusiya münasibətləri dərin inkişaf edir, burada qarşılıqlı maraqlar var. Hesab edirəm ki, Rusiya bu maraqları ermənilərin iddiasına qurban verməməlidir.
- Prezident Sarkisiyanın işğal altında olan torpaqlarımıza səfər etməsini necə qiymətləndirmək olar?
- Bu, Sarkisiyanın işğal olunan ərazilərimizə ilk səfəri deyil. İndi danışıqlar gedib və təbii ki, Ermənistan tərəfi də narahatdır. Sarkisiyanın özü də narahatdır və bilmir ki, hansı qərar verməlidir, qərar verəndə hansı müqavimətlə üzləşə bilər, eləcə də Dağlıq Qarabağda ona münasibət necə olacaq və s. Odur ki gedib hansısa izahat işləri aparsın, onların da rəylərini öyrənsin. Bu normal prosesdir. Amma belə baxanda o, Azərbaycan torpağında nə qələt edir? Bu sual həmişə ortadadır. Lakin biz məcburuq ki, orada erməni qoşunlarının mövcudluğu ilə barışaq. Bu halda dığanın ora gedib-gəlməyi də haradasa başa düşüləndir.
- Bəs erməni cəmiyyəti Qarabağ probleminin həllinə hazırdırmı?
- Bu suala necə cavab vermək olar? Elə suallar var ki, konkret sınaqdan keçirilməlidir. Yəni bu sualın cavabı həm də nəticə kimi görsənməlidir. Daha fərziyyə əsasında nəsə demək doğru olmazdı.
- Erməni mediasını, siyasətçilərin açıqlamalarını diqqətlə izləyən mütəxəssissiniz. Sizcə erməni cəmiyyətinin sülhə hazırlanması üçün işlər aparılırmı?
- Yox. Hələlik bu, görünmür. Halbuki Serj Sarkisiyan bəyan edib ki, Ağdam onların torpağı deyil, Dağlıq Qarabağ ətrafında olan rayonlar müdafiə məqsədilə işğal edilib. Onlar bunu anlayır və bilir ki, bu torpaqları saxlamaq hüquqi və məntiqi baxımdan qeyri-mümkündür. Ancaq ermənilərdir də. İndi başlayıblar zarımağa ki, vətənin torpağının bir qarışını da verməyəcəklər və s. Adama deyərlər ki, bu sənin vətənindir, alçaq.
- Prezidentlərin Sankt-Peterburq görüşündə həmsədrlər nəyə görə, iştirak etməyib?
- Kim deyir ki, iştirak etməyiblər?
- Açıq qeyd olundu ki, hətta prezidentlərin görüşündə onların məsləhətçiləri və müşavirləri belə iştirak etməyib...
- Həmsədrlər prezident statusundadır? Yox. Bu halda onların prezidentlərin görüşündə iştirakı vacib deyil. Görüşdən sonra həmsədrlər dəvət edilib. Və ehtiyac olunduqda da, onlar dəvət edilirlər. Yəni onların iştirakı və ya iştirak etməməsinin prosesə heç bir təsiri yoxdur.
NEMƏT