"Sərkisyan süni böhranlar yaratmaqla həmsədrlərə cavab verməkdən yayınır"
Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni oxuculara təqdim edir.
- Tofiq müəllim, Ermənistanda baş nazir istefaya göndərildi, bəzi nazirlərin də istefaya gedəcəyi haqda xəbərlər dolaşır. Bu proses Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara hansı formada təsir göstərə bilər?
- Baş verənlər göstərir ki, Ermənistan siyasi elitasında gərginlik davam edir. Hesab edirəm ki, əsas rol oynayan Sarkisiyanın özüdür. Çünki Sarkisiyan həm də hakimiyyətdə olan partiyanın başında durur. İstisna etmirəm ki, vasitəçilər Sarkisiyandan hərəkət və ya cavab gözləyir. İndi baş verənlər göstərir ki, əslində bu cavab Ermənistanda baş verən müəyyən ssenarilər əsasında uzadılır. Təbii ki, mən Dağlıq Qarabağ münaqişəsinə dair aparılmış danışıqları və Sarkisiyanın bununla bağlı verəcəyi qərarı nəzərdə tuturam. Baxın, bir müddət əvvəl İrəvanda polis bölməsi terrorçular tərəfindən tutuldu, vəziyyət qarışdı. İndi də hökumətdə baş verənlər göstərir ki, süni yaradılan böhranlar idarə olunur. Ancaq bütün hallarda son danışıqlar prosesindən sonra erməni tərəfinin verəcəyi cavabı vasitəçilər və Azərbaycan tərəfi gözləyir. Gec və ya tez bu cavab verilməlidir. Aprel hadisələrindən sonra Ermənistan münaqişənin sülh yolu ilə həllinə hazırdır, yoxsa hazır deyil? Əsas sual bundan ibarətdir. Əgər sülh yoluna hazırdırsa, Dağlıq Qarabağ ətrafında işğal edilən rayonları azad etməlidir. Mənim şəxsi rəyim ondan ibarətdir ki, süni yaradılan böhranlar vasitəsilə cavab yubadılır. Sarkisiyandan bu cavab alınmalıdır.
- Belə süni böhranlar vasitəsilə vaxtı uzatmaq və son anda vəziyyətdən çıxaraq danışıqlar prosesini dalana salmaq mümkündürmü?
- Mən də o fikirdəyəm ki, süni böhranların ardıcıl formada yerli və beynəlxalq ictimaiyyətə təqdim edilməsi göstərir ki, Sarkisiyan verəcəyi cavabdan, habelə vasitəçilərin son təkliflərindən qaçmaq istəyir. Amma gec və ya tez vasitəçilər də nəsə deməlidirlər. İndilikdə biz erməni tərəfinin son cavabını gözləyək. Hər halda Azərbaycan səbrli olmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, hazırda tarixən olmadığı şəkildə Ermənistana təzyiqlər var. Baxaq görək, bunun nəticəsi necə olacaq. Mən münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyam. Erməni tərəfi bundan imtina etsə və vasitəçilər bu reallıqla razılaşsa, ou zaman şübhəsiz ki, təmas xəttində gərginlik müşahidə ediləcək.
- Ermənistan müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik edəcək. Bu fakt Azərbaycan üçün hansı problemlər yarada bilər?
- Təbii ki, bu imkandan istifadə edən Ohanyan çalışacaq ki, bu və ya digər istiqamətlərdə təşkilatın adından Ermənistanın xeyrinə bəyanatlar versin. Amma istisna etmirəm ki, bu təşkilatın üzvləri öz nümayəndələri vasitəsilə Ohanyana vəzifəsinin və məqsədlərinin nədən ibarət olduğunu yada salacaqlar. Mən belə cəhdləri gözləyirəm. Ermənistana siyasi dəstək verilə bilər. Amma buna ciddi yanaşmaq lazım deyil. Çünki bu qurumda qərarları orada əyləşən şəxslər deyil, təşkilata üzv olan dövlətlərin liderləri qəbul edir. Həm də nəzərə almaq lazımdır ki, burada Ermənistandan başqa Rusiya, Qazaxıstan, Belarus və digər üzv ölkələr var, onların da məsələ ilə bağlı mövqeyi bəllidir. Odur ki, Ohanyanın bu quruma atılması həm də bir sürgün məsələsidir. Terminin nə qədər ədalətli olduğunu siz bilərsiniz. Amma bu həm də şərəfsiz insanın layiqli sürgünüdür. Onu Ermənistandan kənarlaşdırırlar. Hesab edirəm ki, Ohanyanın buna qədər verdiyi bəyanatlar və vədlərin vaxtıı başa çatır. Onu başqası əvəz edəcək. Görək Ermənistanın yeni müdafiə naziri kim olacaq və münaqişəyə dair hansı mövqeyi müdafiə edəcək.
- Yaxın vaxtlarda MDB dövlət başçılarının sammiti keçiriləcək. Burada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları da iştirak edəcək. Bu sammit çərçivəsində tərəflər arasında görüş keçirilə və yeni təkliflər ortaya çıxa bilərmi?
- Doğrusu, danışıqlar qapalı şəkildə gedir. Heç bir əsas yoxdur ki, biz tərəflərə yeni təkliflərin təqdim oluna biləcəyi haqda düşünək. Buna qədər verilən təkliflər var, ancaq Ermənistan tərəfinin bu təklifə cavabı ortalıqda yoxdur. Heç bir siqnal yoxdur ki, kimsə yeni təkliflərin olması haqda danışsın. Bir müddət əvvəl keçmiş səfir Metyu Brayza tərəfindən belə fikir səslənib ki, artıq söhbət ilk mərhələdə iki rayonun azad edilməsindən gedə bilər. Əslində əgər münaqişənin həlli prosesində üslub kimi mərhələli həll planı qəbul edilirsə, əvvəlcədən 2, 3 və ya 5 rayonun azad edilməsi o qədər vacib deyil. Onsuz da texniki baxımdan torpaqların bir qismi azad ediləcək. Yəni bu ardıcıl şəkildə həyata keçiriləcək proses olacaq. Müşahidələr göstərir ki, münaqişəyə təzə bir baxışın formalaşması, bunun tərəflərə Bişkekdə və ya digər məkanda təqdim olunacağı məsələsi yoxdur. Mən də inanmıram ki, Bişkekdə nəsə baş versin. Məncə əgər Ermənistan rəhbərliyi Bişkekə gedəcəksə, burada Rusiya və digər dövlətlər tərəfindən Ermənistana təzyiqlər ediləcək.
- Bu yaxınlarda səfir Uorlik bildirdi ki, sentyabrın sonunda Azərbaycan və Ermənistan prezidentləri BMT sessiyasına qatıla və burada ABŞ prezidentinin iştirakı ilə görüş keçirilə bilər. Sizcə, bu nə dərəcədə realdır?
- Əgər siz erməni mediasını izləsəniz görərsiniz ki, onların bəzi politoloqları fikirlər səsləndirir ki, artıq Rusiya Qarabağ məsələsində Ermənistanın tərəfində deyil. Guya ki, onlar əlavə dəstəyi digər vasitəçilərin arasında axtarmaq niyyətindədir. Belə fikirlər səslənir. Hər halda o da qeyd edilir ki, ABŞ Rusiyanın bu prosesdə lider rolu oynamasından məmnun deyil. Və Ermənistan buna qarşı çıxarsa, Qərbin dəstəyini qazana bilər. Bu baxımdan Amerikada görüş keçirilsə, həmsədrlər deyil, yüksək səviyyədə iştirakçılıq olarsa və münaqişənin həllinin vacibliyinə dair bəyanat səslənərsə, o zaman Ermənistanın manevr etməsi üçün yer qalmaz. Səfir Uorlikin bəyanatı onu göstərir ki, ABŞ siyasi mühitində həmsədrlərin son danışıqlar prosesinə, irəli sürülən təkliflərə dəstəyi ifadə olunardısa, bu həm də proses üçün faydalı olardı. İstisna etmirəm ki, erməni siyasi elitası Rusiyadan dönərək özləri üçün Qərbdə yeni imkanlar axtaracaqlar. Ermənilər həmsədrlər arasında olan fikir ayrılıqlarından istifadə etməyə cəhd göstərəcəklər. Hər halda prosesin sonunu izləmək lazımdır.
- Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyində həmsədrlərin iştirakı ilə Qarabağ münaqişəsinə dair müzakirələr aparıldı. Bu müzakirələrin xüsusi bir nəticəsi olacaqmı?
- Hər halda belə fikirlər səslənirdi ki, son prosesdə Rusiya liderliyini saxlayır. Ancaq Moskvada hər üç həmsədr nazir Lavrov tərəfindən qəbul edildi. Sonra həmsədrlər bu münaqişəyə dair eyni mövqedən çıxış etdiklərini qeyd ediblər. Hesab edirəm ki, belə bir bəyanat okeanın o başından da səslənsə, bu zaman erməni tərəfi üçün manevr imkanları azalar, həm də erməni tərəfi istəyinə nail ola bilməz.
- Son dövrlər erməni mediasında bir sıra politoloqlar ortaya çıxaraq bəyan edirlər ki, Sarkisiyan sülhə gedir, torpaqları qaytarır və s. Sizcə, bu hakimiyyətin özünün təşkil etdiyi prosesdir, yoxsa cəmiyyətin daxilindən gələn müqavimətdir?
- Bunlar sadəcə, proseslərin bir hissəsidir. Söhbətimizin əvvəlində mən bu haqda danışdım. İrəvanda polis bölməsinə hücum, hökumət böhranı, baş nazirin istefası və s. İndi siz dediyiniz isə informasiya baxımından prosesə dəstəkdir. Yəni göstərmək istəyirlər ki, cəmiyyətdə narazılıq, narahatlıq var, belə fikirlər qəbuledilməzdir və s. Guya bu mövqe ancaq hakimiyyətin deyil, həm də ictimaiyyətin mövqeyidir, bunu Ermənistan qəbul edə bilməz və s. Bu, düşünülən və məntiqi siyasətdir. İndiki mərhələdə erməni siyasətinin mahiyyətində mümkün qədər vaxtı uzatmaq, cəmiyyətin buna hazır olmamasını göstərmək və təzyiqin dərəcəsini azaltmaq durur.
- Prezident Sarkisiyanın “canımı verərəm, Qarabağı vermərəm” fikri nəyə hesablanıb?
- Əvvəla, söhbətin hansı torpaqlardan getməsinə diqqət çəkmək lazımdır. İkincisi, Sarkisiyanın başqa bəyanatları da olub. Yəni bu bəyanatların hamısı mövcuddur. Ancaq hamı başa düşür ki, söhbət öz torpaqlarının müdafiə olunmasından gedirsə, belə fikirlər qəbul ediləndir. Yox, əgər sən işğal olunan torpaqları verməmək, bunun üçün canından keçmək haqda danışırsansa, onda lazım gələndə canından keçərsən. Ayrı cür ola bilməz. Azərbaycanın siyasəti bəllidir - müdafiə imkanlarını genişləndirmək, beynəlxalq ictimaiyyət və beynəlxalq dairələri Ermənistana təzyiqə cəlb etməkdir. Bunun sonunda nəticəyə baxılacaq. Əgər nəticə olacaqsa, sülh yolu ilə torpaqlar azad ediləcəksə, çox gözəl. Bu alınmasa, apreldə erməniləri nə gözlədiyi bəlli olub.
- İndi sanki Ermənistanda Rusiyaya qarşı bir nifrət var. Siz, İrəvan-Moskva münasibətlərini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Rusiya öz siyasətində israrlıdır. Ermənilərə deyiblər ki, sizin ambisiyaları müdafiə edən deyilik. Əgər söhbət sizin və dövlətin təhlükəsizliyindən gedirsə, biz bununla bağlı öhdəlik götürmüşük və onun üzərində duracağıq. Lakin artıq tamah və ambisiyalarınıza görə Azərbaycanla düşmən olmayacağıq. Ermənilər də bunu əks istiqamətdə yozmaq istəyirlər. Guya Rusiya onları satıb. Amma ermənilərə heç kəs vəd etməyib ki, işğal etdiyiniz torpaqları sizə kimsə bağışlayacaq. İkincisi, onlara heç kim vəd etməyib ki, Dağlıq Qarabağı onlara verəcəklər. Əgər söhbət Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyindən gedirsə danışıqlar davamlı olacaqsa, sülh yaranacaqsa, bu təmin ediləcək. Lakin bu ikinci dərəcəli məsələdir. Çünki təhlükəsizlik ilk növbədə Azərbaycan tərəfinə lazımdır. Sən gəlib məni evimdən qovmusan, torpağımı işğal etmisən, ilk anda da ortaya məsələ atırsan ki, mənim təhlükəsizliyim necə olacaq? Əvvəl mənim təhlükəsizliyimi həll etmək lazımdır, mən evimə qaylıtmalıyam. Odur ki, Rusiya belə baxışları qəbul etmir və erməni tərəfi də bundan narazıdır. Amma siyasət o zaman uğurlu ola bilər ki, reallığa əsaslansın. İndi ermənilər faktiki olaraq böhran içindədir.
NEMƏT