12 Noyabr 2016 14:53
1 818

Çoxdandır Mehriban Zeynalova ilə görüşmək, söhbətləşmək üçün “Təmiz Dünya” İctimai Birliyinə getməliydim. Bu gün gəlirəm, sabah gəlirəm, gedib çıxa bilmirdim. Axır ki, şeytanın qıçını qırdım deyəndə də dolanbac yollar ucbatından ofisi zülm-zillətlə tapdım.

Heç orda da vəziyyət yaxşı deyildi. Balaca otaqda az qala on adam, 20 yaşlı bir qızın taleyini həll edirdilər – evli bir kişidən hamilə qalan 20 yaşlı qızın. Ağlayırdı, çarəsiziydi, çünki nə onun özünə sahib çıxacaq ailəsi vardı, nə də bətnindəkinə...

Beş dəqiqənin içində haldan-hala düşdüm. Bəs hər gün bundan da betər talelərlə qarşı-qarşıya qalan Mehriban xanım neyləyir? Çətin olmalıdır...

“Biz qadın azadlığının imitasiyası ilə məşğuluq”

– Əslində, söhbətimizə başqa sualla başlamaq istəyirdim. Amma burda olduğumu qısa vaxt ərzində otağa o qədər adam girib-çıxdı, o qədər şey danışıldı ki... Soruşmaq istəyirəm, qadınların hüququnu müdafiə edən, problemlərini həll etməyə çalışan Mehriban xanımın özünün qadın ömrü bu mübarizənin içində itib getmir ki?

– Prinsipcə seçimi özüm eləmişəm. Bütün bunları gözə almışam və şəxsi həyatım mənim üçün 3-cü, 4-cü plana keçib. İstənilən halda hər bir kəs bu prosesə şüurlu olaraq qoşulur. Etiraf edək ki, maraq çərçivəsində qoşulanlar da olur. Çünki bu sahəni gəlirli sahə hesab edirlər. Məhz buna görə də tez-tez istiqamətini dəyişən QHT-lər var, harda daha çox gəlir varsa ora üz tuturlar. Belə olduqda o sahəyə töhfə vermək olmur. Ancaq ilkin görüntünün üzərində işləyirlər. Elə sığınacaq var ki, qadınlar ancaq orda qalır, geyimlə təmin olunur, onların probleminin dərinliyinə getmirlər. Ancaq bu kimi məsələlərin kökü onların uşaqlığına qədər gedib çıxa bilir. Yəni biz ilkin görüntünü həll etmirik, strukturu dəyişdirməyə çalışırıq. Düzdür, biz Allah deyilik ki, kiminsə həyatını dəyişdirək. Ancaq onların beynindəki dağınıqlığı yığışdırırıq.

İndi sığınacaqlar dəbdədir, çoxları deyir ki, mən də sığınacaq açıram. Ancaq bu, ciddi işdir, başqalarının həyatı qarşısında məsuliyyət daşıyırsan. Və sən hər şeyi nəzarətdə saxlamaq gücündə olmalısan. Sığınacaq sosial ev deyil ki, kimsə gəlsin, bir ay qalıb getsin. Gələn şəxsi müstəqil həyatını idarə etməyə yönəltməyə bacarmalısan. Burda həm də dayə olmamalısan. Bəziləri deyir ki, mən sənin həyatını dəyişəcəm, mən səni xoşbəxt edəcəm. Bu mesajlar da təhlükəlidir. Çünki o adam yenə kimdənsə asılı vəziyyətdə, yenə idarə edilən olur. Onun özünü və uşaqlarını idarə etmək gücündə olmasını bacarmaq çox ağır prosesdir. Təbii ki, öz həyatım yoxdur. Bura səhər gəlirəm, bir də gecə saat 12-də, 1-də evə gedirəm. Yaxşı ki, uşaqlarım böyükdür, onlar mənə dəstək verir. Ən pisi odur ki, onları da bu işə cəlb eləmişəm, onlar da neqativlə yüklənib. Gəncdirlər və bu qədər mənfi yüklə yaşamaq onlar üçün ağırdır. Ən çox bu məqamda ağrı çəkirəm ki, övladlarımı da bu işə qatmışam. Amma bir tərəfdən də, üzlərində o ağrını görəndə sevinirəm ki, insan həyatına biganə deyillər. Məsələn, mənim oğlum hansısa valideyn uşağını qoyub gedəndə bir həftə özünə gəlmir. Onlar dəstək verməsə, mən çox gücsüz olardım. Çünki evə gecə 1-də gedəsən, bunu normal qarşılasınlar, bu, böyük şeydir. Mən gedəndə evdə dava düşsəydi, bu, çətin olardı. Sən gərək birinci öz ailə münasibətlərini qaydaya salasan. Mənim evimdə gəlinim də özünü mənim qızım kimi hiss edir, oğlumla aralarına söz düşəndə mən oğlumun tərəfini tutmuram. Məsələyə obyektiv baxır, həll edirəm. Bu da ailəni möhkəmləndirir. Ailədə hökmdar rolunu yox, dost rolunu oynayıram. Hətta mən bir səhər evimi oğluma bağışladım ki qoy rahat olsun.

– Yəni siz mənim evimdə yox, mən sizdə qalıram...

– Hə... İnsanıq da, qoy o hissdən azad olsunlar. Həm də həyatda hər şey olur, qoy sabah o prosedurlardan yaxa qurtarsın. Bizdə qız-oğlan fərqi yoxdur. Qıza da, oğlana da eyni hissi bəsləyirəm, onlar da bir-birləriylə möhkəm dostdurlar. Mən evdə münasibətləri tənzimləyə bilməsəm, burda da heç nəyi yoluna qoya bilmərəm.

– Mehriban xanım, bu işdə uşaqlarınızın dəstəyindən danışdınız. Amma məncə, başınızın üstündə hökmlü bir kişi, ailə başçısı olsaydı, özünüzü bu sığınacağa bu qədər həsr edə, azad ola bilməzdiniz. Məsələn, hər kişi razı olmur ki, onun həyat yoldaşı evə gecə saat 1-də gəlsin. Səbəb nə olur-olsun...

– Rejim elədir ki, hansısa kişi bunu qəbul etməyə bilər. Amma o qədər uğurlu qadınlar var, həyat yoldaşları onlara dəstək olur. Mənim taleyim belə gətirib ki, həyat yoldaşım yoxdur, rəhmətə gedib. Amma ailədən mütləq şəkildə dəstək olmalıdır. Düzdür, biz qadın azadlığının imitasiyası ilə məşğuluq, mütləq kişinin razılığı alınmalı olur. Bir var ki, məsələlərdə ümumi razılığa gəlirsən, bir də var kişi hökmüylə həll olunur. Bizdə ümumi razılığa gəlmək ənənəsi çox azdır. Qadın güclüdürsə, qadın hökm etməyi sevir, kişi güclüdürsə, kişi. Çox adam mənim bu qədər mülayim olmağıma təəccüblənir. Hökmlə idarəetmənin əleyhinəyəm. Mən sevirəm ki, mənim işçilərim mənimlə bərabər dayansınlar. Hər işçi də bunu başa düşə bilmir, bu da çıxdığın evdən, aldığın tərbiyədən asılı olur. Elə işçilər var öz üzərində işləmir, yeni araşdırmalardan xəbəri yoxdur, amma özünü mütəxəssis hesab eləyir. Düzdü, mən nə qədər buna qarşı olsam da, cəmiyyət yarımçıqları sevir və onları önə çəkir.

– Yeri gəlmişkən, sizin ixtisasınız nədir, bu sığınacağı qurana qədər hansı işlərdə çalışmısınız?

– Gəncədə Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbini bitirmişəm. 8 il musiqi müəllimi işləmişəm. Görünür, məndə əvvəldən həvəs olub, zəif uşaqlarla dərsdən sonra ayrıca məşğul olurdum. 8 ildən sonra gördüm ki, yox, bu, mənim sahəm deyil, verdiyimi geri ala bilmirəm. Sonra Tarix Diyarşünaslıq muzeyində müdir müavini işinə düzəldim, orda da sakit dayanmırdım. Müzakirələr açırdım, üstü oxunmayan daşlar üzərində işləyirdim, xəritələri bərpa etdirirdim. Sonra ailə qurdum, işdən getdim. Sonra qoruqda, bir müddət sonra redaksiyada işlədim. Daha sonra bağça müdiri keçdim. Orda da eyni təşəbbüslər... 94-cü ildə isə gəldim Bakıya.

– Gəncədəki həyatınızı, iş-gücünüzü qoyub birdəfəlik köçdünüz Bakıya. Niyə?

– Bozqurd partiyasındaydım, ona görə hər şeyi qoyub gəldim. Anamgil təkid elədilər ki, getmə, amma dedim yox...

– Bakıya köçəndə həyat yoldaşınız rəhmətə getmişdi artıq?

– Yox...

– Bəs nə əcəb razı oldu ki, sırf bir partiyaya görə yerinizi-yurdunuzu dəyişəsiniz?

– Onu ayrıca danışaram... Hə, sonra gəldim Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinə. Novella xanım deyirdi gəl-get. Bu işi sevdim, başladım qadınların hüququnu müdafiə eləməyə, məhkəmələrə çıxdım. 97-ci ildə birliyin daxilində bu sığınacağı yaratdım. O vaxt zorakılıq çox baş verirdi, amma heç kim bu barədə danışmırdı. Mən başladım danışmağa. 2002-ci ildən müstəqil çalışmağa başladım. Çünki hədəf qrupum həssas idi və o cəmiyyətdə elə adamlar var idi ki, mənim etdiklərimlə heç cür barışa bilmirdilər. Hətta rayon təşkilatlarından biri xəbər göndərmişdi ki, Mehriban ordan çıxmasa, biz təşkilatdan çıxacağıq. Belə... Getdiyim yerlərdə rahat olmamışam heç vaxt, rahat adam deyiləm. Mütləq yeni nə isə axtarıram.

– Bu sığınacaqda da rahat deyilsiniz?

– Yox, heç burda da rahat deyiləm. Əvvəlcə mənim birotaqlı evim vardı, problemli qadınları ora qəbul edirdim. Sonra o evi satıb, onun puluna iki ev aldım. Heç kim deyə bilməz ki, mən bu təşkilat hesabına ev almışam, bu, mümkün olan şey deyil. Əksinə, qazandığımın 10 faizini özümə xərcləmişəmsə, qalanını bura sərf eləmişəm.

Bir vaxt gördüm təşkilatla ev bir yerdə mümkün deyil. Hətta rəfiqələrim danlayırdım ki, uşaqların burda xəstəliyə tutulacaq. Gözlərini açandan sığınacaqda olan şəxslərlə ünsiyyətdə olublar.

İndi də model-sığınacaq etmək istəyirəm. Hərdən xaricdən mütəxəssislər gəlirlər, bizə nəyisə öyrətməyə çalışırlar. Düşünürlər ki, biz heç nəyi bacarmırıq. Ona görə də standartlara uyğun sığınacaq formalaşdırmaq istəyirəm. Artıq hazırlıqlar gedir. Yaxşı mütəxəssislər hazırlamaq istəyirəm ki, özüm də araşdırmalarla məşğul olum. Sığınacaq artıq dar çərçivədir və mən ora sığmıram. Daha böyük işlər görmək potensialım var, rayonlara gedə, qadınlarla görüşə bilərəm. Kimsə burda bu işlərin başında olmalıdır.

“Uşaqlarımla küçədə qalmışam”

– Mehriban xanım, əksərən qadın hüquqlarının müdafiəsi ilə məşğul olan qadınların özlərinin həyatında incik məqamlar olur: qız övlad kimi, bacı kimi, həyat yoldaşı kimi, gəlin kimi, ana kimi. Sizin özünüzü də bir qadın kimi incidiblər yəqin ki...

– Mənim özüm də o çətinliklərlə qarşılaşmışam ki... Evim olmayıb, uşaqlarımla küçədə qalmışam. Kiminsə qapısına getmişəm, qapını üzümə açmayıblar. Öz qohumlarım belə. Belə şeylər çox olub. Həyatımın elə bir kəsimi olub ki, çox ağrılı yaşamışam. 7-8 il... Təbii, zorakılığa da məruz qalmışam, döyülmüşəm də, mənə qarşı çox pis rəftar olunub.

– Kim döyüb sizi?..

– Atam döyməyib. O, mənə qarşı çox həssas olub. Nə qədər qəddar, mühafizəkar adam olsa da, məni oğlanlarından seçirdi. Bizi döyməzdi, amma bir dəfə baxanda az qalırdı qorxumuzdan ölək. Evin qaydaları var idi, neçədə getmək olar, neçədə gəlmək olar. Amma mənə başqa sevgisi var idi. Halbuki mən doğulanda məni tullamaq istəyirmiş. Mən də onun tələblərinə cavab verən övlad olmuşam. Bir dəfə balacaydım, keçdim yataq otağına, güzgünün qabağında rəqs eləmək istədim. Birdən güzgüdə atamı gördüm. Atam uzanıb mənə baxırdı. Mənə elə gəldi ki, atam mənə qəzəblənib. O-bu - mən hələ də rəqs eləyə bilmirəm. Ürəyim gedir gözəl rəqs edənlər görəndə, amma məclislərdə oynamağa əlim qalxmır.

Bir dəfə də dırnağıma qırmızı lak vurmuşdum, atam anama demişdi, o nədir, elə bir dırnağıyla leş eşib. Elə ondan bəri həm də qırmızı boya çəkə bilmirəm. Atamın xoşuna gəlməyən şeylərdən imtina etmişəm.

– Yaxşı, bəs sonra nə oldu? Sizi kimlər incitdi?

– Nə bilim, bu, elə söhbətdir ki...

– Bəlkə danışasınız, sizin kimi o çətinliklərdən keçən, döyülən qadınlar görsünlər ki, bu, həyatın sonu demək deyil, ayağa qalxmaq olur...

– O vaxt elə çətin idi ki... 90-cı illər idi. Sənin evdə uşaqların ac-susuz, çətin vəziyyətdə və sən keçid etməliydin. Deyirdim, yığışdırmağa bir yer olsa, mənə də xəbər eləyin. Sığınacaq olmasa da, Novella xanımgilin ofisində qalırdım. Yüzlərlə qapılardan qovulandan, küçələrdə qalandan sonra bu, mənim üçün böyük dəstək idi.

Belə keçid mərhələsində genetik kodlar da özünü göstərir. Atam çox qoçaq, təşkilatçı idi. İkincisi təhsilin olmalıdır. Üçüncüsü də tərbiyə məsələsidir. Sənin daxili əxlaqın imkan verirmi ki, sən ya əziyyət çəkəsən, ya da hansısa başqa yolu seçəsən. Bəzi hallarda tələskənlik adamı çaşdırır. Ola bilsin mənim səbirli olmağım da öz rolunu oynadı. Bir də övladlarımın gözütoxluğu. Elə olurdu biz gün ərzində bir dönər yeyirdik, heç vaxt məndən heç nə istəmirdilər. Onlara minnətdaram.

Həm də istənilən məsələdə Allahın möcüzələri var. O möcüzələrdən biri də mənim ev almağımdır. Bir də qürur... Yalançı iddia yox, qürur. Mən heç vaxt qarşıma lider olmağı qoymamışdım, sadəcə, cəmiyyətə gələnlərə kömək edirdim. Heç nəyi özümə əskiklik bilmirdim, oranın tualetinə qədər yuyub-təmizləyirdim. Mən həmin vaxt hədəf müəyyən eləmək hayda deyildim, başqa şey barədə düşünə bilmirdim.

Qürurlu olmağımı yekəxanalıq kimi qiymətləndirsələr də, düşünürəm ki, bu, vacibdir. Mən hər şeyə görə hər adama əyilmərəm. Kiminsə imkanı, pulu var deyə məni aşağılaya bilməz. Tərs deyiləm, kinli deyiləm, bağışlayanam, amma qürurumu sındırmaram.

– Başınıza gətirilənlərdən də məhz qürurlu olduğunuza görə danışmaq istəmirsiniz, yoxsa kompleksiniz var, ya ağrıdır sizi o günlərdən danışmaq?

– Daxili kompleksim var. Məsələn, anamın ikimərtəbəli evi var idi, amma mən ora qayıtmadım. Bilirdim, qayıdan kimi məni danlayacaqdı ki, mən sənin üçün filan şeyi elədim, amma sən belə elədin. Mən indi sənin yükünü çəkəcəm. Çox acınacaqlı vəziyyətdəydim, amma o evə qayıtmadım. Çünki söz götürə bilmirəm. Bəlkə də qürurdandı, nə bilim...

Mənim küçələrdə qalmağıma səbəb isə sadəlövhlüyüm idi. Evimi satmışdım, pulunu da oğurlatmışdım. Öz günahım idi. Evi alan adamlar mən köçməmiş gəlib evdə yaşadılar ki, getməyə yerimiz yoxdur. Eləcə pul oğurlandı və mən 7 il o vəziyyətdə qaldım. Pul məsələsində çox məsuliyyətsizəm. Bir də hamıya tez inanıram.

– Mehriban xanım, bir neçə il əvvəl siz aksiya çərçivəsində gəlinlik geyinmişdiniz. Gəlinlik geyinməyiniz qınaqla qarşılandı. Bu, o deməkdir ki, sizin və ya siz yaşda olan qadınların ailə qurması normal qəbul edilmir.

– Hamı zəng elədi ki, Mehriban, ərə gedirsən? Söhbət ondan gedir ki, kişi həyat yoldaşı öləndən sonra evlənə bilər, xoşbəxt ola bilər, 20 yaşında qız ala bilər. Kişiyə mütləq baxmaq lazımdır. Əgər söhbət baxmaqdan gedirsə, bu dəqiqə texnika inkişaf edib, paltaryuyan da var, qabyuyan da. Yəni məsələ baxmaq məsələsidirsə, kişi bunlara ala və qadını əvəz edə bilər. Amma məsələ başqadır, bizim cəmiyyətdə kişiyə hər şey olar, qadına yox. Qadının da xoşbəxt olmaq haqqı var. O başqa məsələdir ki, qadın növbəti dəfə ərə gedəndə onun uşaqları travma ala bilər. Onda münasibətləri elə qurmalısan, övladlar anlamalıdır ki, ana onları böyüdüb və o da öz həyatını qura bilər. Bu, ailədə böyük gərginlik yaradacaqsa, bunu tənzimləmək lazımdır.

Bizdə övladlar da valideynin yenidən ailə qurmasına çox pis baxır, bu da var. Ondan imtina edə bilərlər, onu öldürə bilər. Bizim şüurumuzda var ki, valideyn mənimdir, məndən başqa heç kimə məxsus ola bilməz.

– Yəni övladlar da cəmiyyət kimi hətta rəsmi şəkildə evlənməyi də əxlaqdan kənar hesab edirlər.

– Hə, əxlaqsızlıq sayırlar. Biz fəxr eləyirik ki, anam 20 yaşından dul qalıb və mənə baxıb. Bu, pis şey deyil. Amma o qadının bütün həyatı məşəqqətlə keçir. Ancaq qulluqçuluq edir. Övlad böyüdür və başqa heç bir şeyə haqqı olmur. Övladdan sonra da nəvələrə, nəticələrə baxmalıdır. Amma övlad bir dəfə soruşmur ki, bəlkə sənin nəyəsə ehtiyacın var? Mən fiziki ehtiyacı nəzərdə tutmuram. İnsan kimi... Övladlar böyüyür, anayla söhbətə can atmır, hesab edir ki, onunla söhbət edəcək bərabərlikdə deyil. Bizdə bəzi valideynlər özünü hər şeydən məhrum edir və informasiyasız qalır, fikirlər toqquşur. Mən qızımla bütün müasir şeylərdən danışa bilirəm. Çünki xəbərim var.

Bəzən ata evləndiyinə görə də ondan imtina edən övladlar olur. Hər şeyi iqtisadiyyatla bağlayırlar ki, qarnının yeməyini verirəm, nə istəyirsən? Bu, eqoizmdən başqa bir şey deyil.

– Bizdə, ümumiyyətlə, adamlar niyə bu qədər aqressivdir? Çünki onlara insan kimi yox, vəzifə daşıyıcısı kimi yanaşırlar: sən kişisən, güclü olmalısan, atasan, bizi hər şeylə təmin etməlisən, sən qadınsan, sən anasan, sən boşanmışsan, sən dul qadınsan... İnsan ürəyi, mənəvi dünyası, arzuları nəzərə alınmır.

– O qədər kişi var ki, boşanmış qadını dəlicəsinə sevib, amma sırf boşandığına görə onunla evlənməyib. Özü də xoşbəxt olmayıb. Sevməyi özünə rəva bilib, amma qadın nə vaxtsa evli olduğuna görə onunla evlənməyi özünə rəva bilməyib. Bu da psixoloji amillər və steorotiplərlə bağlıdır.

– Mehriban xanım, elə bir məqam çata bilərmi, evin də, sığınacağın da işini bir kənara atasınız ki, yoruldum artıq?

– Deməyinə deyirəm, amma ata bilmirəm, kənarda otura bilmirəm. Bilmirəm belə davam edəcəm, ya yox, elə ola bilər ki, tamam başqa bir işlə məşğul olmağa başlayım. Son zamanlar fikirləşirəm, deyirəm, bəlkə özümü başqa yerdə yoxlayım. Bu sahədə kifayət qədər töhfə vermişəm. Özümü bu mübarizəyə həsr eləmişəm və alnım açıqdır. Düzdü deyirlər, yaş məsələsi var. Amma mən elə düşünmürəm.

“Dil bilmirdim deyə xaricə gedə bilmədim”

– Xarici ölkəyə köçüb, orda işləmək istəyərsiniz?

– Dil bilmirəm, bilsəm onu da eləyərəm. Məni Vaşinqtona dəvət etmişdilər, amma dil bilmədiyimdən alınmadı.

– Nə əcəb öyrənmirsiniz?

– Neçə dəfə cəhd eləmişəm. Amma beynim o qədər informasiyayla, problemlə yüklüdür ki... Məşğul olduğum yerdə 50 dəfə qapı açılır-örtülür.

Yoxsa xaricə bu gün də gedərəm, getmək problem deyil mənim üçün. Həm də bir bağlılığım var. Dəfələrlə xaricdə olmuşam, qalmışam. Amma mənə elə gəlir ki, orda bu hissi ala bilmərəm. Orda özümü tənha hiss eləyərəm. Burda, heç olmasa, içində tənhalıq hissi olanda kiminsə yanına gedirsən, bölüşürsən.

O qədər məqam olur, görürsən güvəndiyin adamlar səni yarı yolda qoyur. Onda başa düşürsən ki, kiməsə görə nədənsə imtina etməli deyilsən. Heç kim də bunun müqabilində sənə “sağ ol” demir. Bu gün heç nəyin uzunömürlü olacağına əmin deyilsən: nə dostluq, nə yoldaşlığın, nə ailənin... Bu baxımdan hansısa təkliflər gələndə kiməsə görə qurban vermək lazım deyil, öz yolunla getməlisən. Bu, heç də yaxşı qiymətləndirilmir, səhər sənə deyirlər ki, etməyəydin. Həyat belədir. Onda fikirləşirsən ki, gərək heç nədən imtina etməzdin, bu işləri də görməyəydin.

Psixoloji asılılıq da var, elə bilirəm mən xaricdə çox lazımsızam. Amma qəfil qərar verənəm. Ona görə də gözlənilmədən gedə də bilərəm.

– Bəs nə vaxtsa ailə qurmağı düşünürsünüz, yoxsa?..

– Övladlarım buna pis baxmır. Amma hələ ki, o ağ atlı oğlan yoxdur. (gülür)

Mənim övladlarımla da, gəlinimlə də hər sirrimiz, sözümüz birdir, bu mənada mənə həmdəm lazım deyil. Nə bilim, yenə də hər şey Allahın qismətidir. Deyir heç vaxt “heç vaxt” demə. Mənim bu söhbəti eləməyim belə kimlərisə qıcıqlandıra bilər ki, bu yaşda ailə qurmağımı düşünür?

– Ona qalsa, hamı hər kəsi öz çərçivəsi daxilində görmək istəyir.

– Yox, məni heç kim çərçivəyə sala bilmir. Amma mən özümü kifayət qədər çərçivədə saxlayıram. Fikirləşirəm ki, nəsə eləsəm, sığınacaqdakı qadınlara örnək ola bilmərəm. Mən gəzməkdən də, əlavə pul xərcləməkdən də imtina edirəm, deyirəm onlara gərək olar. Özümə məhdudiyyət qoyuram. Çünki indi o qədər pul da yoxdur, amma ehtiyac böyükdür. Yəni özümdən, övladımdan kəsirəm. Amma bilirəm ki, heç kim sabah buna görə mənə “sağ ol” deməyəcək. İttiham eləməsinlər, təşəkkür lazım deyil.

Çox böyük arzumdur, hansısa ölkələri gəzim, görüm. Amma görürəm ki, özümə qıya bilmirəm.

– Danışırsınız, səsinizdə, ahənginizdə bir yorğunluq var. Nədir bunun səbəbi?

– Mən hərə dəfə yalan, xəyanət gördükcə sınıram. Kimsə mənim yanımda yalan danışanda bir həftə özümə gələ bilmirəm. Deyirəm, mən sizə yalan danışmıram, siz də mənim yanımda nə danışırsınız-danışın, amma yalan yox. Mənim halım bu tələblərə uyğun deyil. Cəmiyyət başdan-başa yalan danışır. Bir-birlərini çox rahat aldadırlar, sonra çox yaxşı bir-birlərinin üzünə gülürlər, təzim edirlər, arxada qeybət edib, sonra bir yerdə çörək kəsirlər. Bu, mənim normalarıma uyğun deyil və mən belə yaşamaq istəmirəm. Hərdən elə bilirəm artıq tükənmişəm, missiyam da bitib. Fikirləşirəm ki, mən artıq niyə yaşayıram? Mən bircə evimdə, uşaqlarımın, nəvələrimin yanında rahat oluram. Görürəm qapana qısılmışam, yoxam. Baş verənlərlə razılaşa bilmirəm. Mən bu otaqdan niyə çıxmıram? Kiminləsə qarşılaşmayım, təzə yalan eşitməyim, təzə alçaqlıq görməyim. Özümü tamamilə məhdudlaşdırmışam. Çünki bəzən intihar həddinə çatıram.

...Həmişə inanıram ki, dünyada yaxşı adamlar var. Amma hər dəfə də nəsə çıxır...

Sevinc Fədai


Müəllif:
Загрузка...