“Dövlət daim onların yükünü çiynində daşımalı deyil”
122 saylı Xankəndi seçki dairəsindən deputat seçilən Flora Qasımova məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyənləşməsi fonunda gedən müzakirələri Teleqraf.com-a şərh edib:
- Məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən olunub. Qərardan sonra məcburi köçkün və qaçqınlarla görüşünüz olubmu? Onların reaksiyası necə oldu?
- Məcburi köçkün və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət müəyyən olunması haqda qərar barədə dəqiq məlumatı olmayanlar narazılıq edirdi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib məsələləri aydınlaşdırdı. Görün neçə il keçib, məcburi köçkünlər içərisində özünə şərait quran, ev-eşik alan, işlə təmin olunan şəxslər var. Elələri də var ki, bizneslə məşğul olur. Dövlət daim onların yükünü çiynində daşımalı deyil ki. Son zamanlar bilirsiniz ki, dünyada baş verən iqtisadi problemlər bizə də təsir edib. Mənzil şəraiti pis olan məcburi köçkünlərimiz çoxdur. Hesab edirəm ki, mənzil şəraiti yaxşı olan, təmin olunduğu işlə ailəsini dolandıra bilən insanları kommunal xərcdən azad etməyə ehtiyac yoxdur. Dövlətin məcburi köçkünlər üçün ayırdığı pula qənaət eləməklə yeni evlər tikə, çoxlu evlər alıb evsiz köçkünlərimizi evlə təmin edə bilərik. Bu yükün hamısını dövlətin üzərinə atmaq düzgün deyil. Dövlət işində çalışanlar, bizneslə məşğul olanlar var, dövlətdən hər şeyi ummaq olmaz. Bizi qarşıda problemlər gözləyir, işğal olunmuş torpaqlarımızı qaytarmalıyıq. Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpa olunması barədə prezidentimiz sərəncam verdi. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar büdcədə də problem var, amma cənab prezident o kəndin yenidən bərpası üçün 4 milyon manat vəsait ayırdı. Bu, ilkin addımdır. Gələcəkdə işğal olunmuş rayonlarımızı azad etdikcə bərpa eləməliyik. Bəzən köçkünlər arasında əyri yola düşənlər də olur. Tutalım, hansısa yerdə qeydiyyatdadırlar, ancaq gedib başqa yerdə özünə ev tikib, tutduğu yeri də boşaltmaq istəmirlər. Adı isə hansısa yataqxanada qalıb, özü üçün başqa ev tikib yaşayır. Belə sui-istifadə halları var. Bunu da araşdırıb həqiqəti görürlər. Belə başa düşürəm ki, cənab prezident bu qərarı verməklə ədalətsizliyi aradan qaldırdı. Birinin imkanı var, yeni ev alıb, ancaq yataqxanadakı evini də əlindən buraxmaq istəmir. Narazı olanları da başa salmaq lazımdır. Kimlər ki dövləti aldatmağa çalışır, iki yerdə qeydiyyata düşənlər varsa, onların qarşısı alınınmalıdır. Elə etmək lazımdır ki, imkanı olanlar xərclərini özü ödəsin, imkansıza kömək edək. Şəhər yerində hamı özünə iş tapa bilir, amma rayonlarda yaşayan köçkünlərimiz var ki, işsizlik problemləri ilə üzləşirlər. Çalışaq ki, onlara kömək edək.
- Deputat həmkarınız Hadı Rəcəblinin “köçkünlər “plitka”nı taxıb, sonra pəncərəni açıq qoyurdular” fikri birmənalı qarşılanmır. Siz heç belə halla qarşılaşmısınız?
- Deməzdim ki, məcburi köçkünlər israfçılığa o dərəcədə yol verirlər. Mən məlumatım olduğu bir məqamı qeyd etmək istərdim. Elə köçkünlərimiz var ki, yataqxanada qalırlar və ümumi mətbəxdən istifadə edirlər. Mətbəxdə həm yemək bişirirlər, şəraitsizlikdən paltarlarını qazın havasına qurudurlar. Elə ailələr də var ki, ayrılan limitin hamısını istifadə edib qurtarmırlar. Birmənalı demək olmaz ki, bunlar qəsdən evdə plitə yandırıb pəncərəni açıq qoyurlar. Amma ümumilikdə israfçılıq vardı. Ümumi mətbəxdə kimsə iş görüb suyu açıb qoyursa, bu, həmin şəxsin məsuliyyətsizliyindən xəbər verir. Vahid aylıq müavinətin müəyyənləşməsi ilə ailələr kommunal xərcləri verilən ümumi vəsaitdən ödəyəcəklər deyə neqativ hallar da aradan qalxacaq. Kommunal xidmətlərlə bağlı qənaət edib pulun geri qalan hissəsini digər xərclərinə yönəldəcəklər. Dəqiq deyə bilmərik ki, vahid aylıq müavinət məcburi köçkünləri nə dərəcədə qane edəcək, bunu zaman göstərəcək. Araşdırmaq lazımdır ki, 36 manat yetərli olacaqmı? Məcburi köçkünlərimiz var ki, ailənin 5 üzvü bir otaqda qalır. Həmin otaqda həm yatırlar, həm qonaq otağı kimi istifadə edirlər, uşaqlar o otaqda dərsə hazırlaşırlar, həm də orada yemək bişirirlər. Bəlkə kimsə pəncərəni açıb havanı dəyişmək istəyib, bu, o deməkdir ki, pilitəni yandırıb qəsdən pəncərəni açıq qoyur? Hadı müəllimin fikirlərini başa düşmədim. Ola bilər plitədə xörək bişirirlər, iyi otağa dolur deyə yatdıqları, yeyib-içdikləri otağın havasını dəyişmək üçün pəncərəni açıblar. Kimsə pəncərəni açıbsa, bu, o demək deyil ki, qəsdən pəncərəni evi sərinlətmək üçün açıb. Düzdür, dövlət hər cür qayğı göstərir, 250 minə yaxın köçkünümüz mənzillə təmin olunub, amma hələ mənzil şəraitinin yaxşılaşmasını gözləyən 300 mindən çox köçkünlərimiz var. Demirəm, ayrılan pullar hamıya çatacaq, çətinlik bəlkə hansısa ailədə olacaq. Bəlkə də pul ailəyə çatmayacaq, amma ailə üzvləri işləyib özünü təmin edəcək.
Nərgiz