11 Avqust 2014 15:39
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini təqdim edir.

- Əli müəllim, avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüşün nəticələri haqqında nə demək olar?

- Məlum olduğu kimi, bu görüş iki ölkə başçıları arasında ATƏT Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüşdür. Əlbəttə, hər bir görüşdən müsbət nəticə gözləntiləri olur. Çünki, görüşdə də qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən uzun sürən münaqişələrindən biri "statusunu" almaqdadır. 20 ildən artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla kifayətlənməyib, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir. Odur ki müxtəlif formatlarda, xüsusən də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.

Konkret olaraq Soçi görüşünün nəticələrinə gəldikdə, qeyd etməliyəm ki, son zamanlar Ermənistanın işğalçı qoşunlarının təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab V.Putinin təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Rusiya Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk qrupunun üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu missiyanı - sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri dərindən anlayır. Cənab V. Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqətini, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorumasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi. Digər tərəfdən, Rusiya Prezidentinin münaqişənin "bu qədər uzanmasını proseslərin müsbət dinamikasına xələl gətirən bir amil" kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinə pozitiv yanaşması kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada belə ifadə etmək olar: mövcud status-kvo tezliklə, sülh və danışıqlar yolu ilə aradan qaldırılmalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə olduğu kimi, bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda işğal altında olan torpaqların qeyd şərtsiz azad edilməsi ilə başlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürmüşdür. Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə istinad edərək, ilk dəfə idi ki, Ermənistanı işğalçı dövlət adlandırmış və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir.

O ki, qaldı Ermənistan Prezidentinin mövqeyinə, bu ölkənin danışıqlardakı "arqument torbası", həmişəki kimi, bu görüşdə də boş idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü "arqumentlər"in heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına kiçik əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks etdrməyən "riyakarlıq buketi"ndən ibarət idi.

Azərbaycanı hansısa "şərtə əməl etməməkdə" günahlandırmaq və Rusiya Prezidentinə "bu qonşu ölkə haqqında kiçik vassal şikayətləri etmək" imperiya dövründə kiçik vassalların Rusiya çarına ünvanladığı "şikayət ərizələrini" və "donoslarını" xatırladır. BMT-nin 4 qətnaməsi ortada ola-ola, Azərbaycanı hansısa kiçik bəhanələrlə günahlandırmağa başqa ad da vermək olmur.

O ki qaldı danışıqların ümumi nəticəsinə, analitiklərin fikrincə, Soçi görüşünün nəticələri, ümumən, pozitiv qiymətləndirilə bilər. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəkdir.

- Serj Sarkisyan görüşdən sonra Ermənistan mətbuatına verdiyi açıqlamasında Azərbaycanı hədələyib və ölkəsinin Azərbaycanın bütün yaşayış məntəqələrini "Ağdama çevirmək" gücündə olduğunu iddia edib.

- Açığını deyim ki, Sarkisyanın əvvəllər və indi verdiyi bu tipli açıqlamalar Ermənistana ekstremist təfəkkürlü insanların rəhbərlik etdiyini açıq göstərir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində müsahibələrinin birində, o, etiraf etmişdi ki, ermənilər Xocalı soyqırımını törətməklə azərbaycanlılara qarşı cəza aksiyası həyata keçiriblər. Ancaq Sarkisyan unudur ki, nə indi ötən əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir. Elə həmin açıqlamasında Sarkisyan iqtisadi və hərbi gücün Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, əgər Ermənistan rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı siyasətini davam etdirsin.

- Əli müəllim, dünən qardaş Türkiyənin tarixində ilk dəfə birbaşa seçkilər yolu ilə ölkə prezidenti seçilmişdir. Nəticələr artıq bəllidir. Cənab R.T. Ərdoğan bu seçkilərdə qalib gəlib. Bütövlükdə seçkinin nəticələrini və cənab R.T Ərdoğanın qələbəsini necə dəyərləndirirsiniz?

- Əvvəla, türk xalqını bu seçki münasibəti ilə ürəkdən təbrik edirəm. Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri cənab R.T.Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi, seçkilərdə qazandığı uğura görə, cənab Ərdoğanı təbrik edirik və ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil. Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə uğurlar azrulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər sürdürdüyü kimi, bundan sonra da davam etdirəcəkdir. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk xarici səfərini də Azərbaycana etsin.


Müəllif:

Oxşar xəbərlər