11 Aprel 2015 13:55
3 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını əməkdar artist Dilarə Əliyeva cavablandırıb.

- Dilarə xanım, axır vaxtlar sizi tez-tez filmlərin qala gecələrində görürük...
- Bəli, çalışıram, yeni çəkilən filmlərin hamısına baxım.

- Bu yaxınlarda sizin çəkildiyiniz filmin də qala gecəsi gerçəkləşdi. Həmin filmdə falçı obrazında qarşımıza çıxdınız. İndiyə qədər falçı yanına getmisiniz?
- Onuncu sinifdə oxuyanda bir rəfiqəm fala baxırdı. Onun yanına getdim, məktəbi bitirəndən sonra universitetə girib-girməyəcəyimi öyrənmək istəyirdim. Düzdür, universitetə girdim, amma inanmıram ki, bu onun dediyinə görə oldu (gülür).

- Yəni o vaxtdan sonra falçıya getməmisiniz? Heç rolunuza hazırlaşarkən də bu hal olmayıb?
- Yox, getməmişəm. Mənim “100 kağız” filmində yaratdığım falçı bütün falçıların ümumiləşdirilmiş obrazıdır. Çünki onların hamısını izləmişəm və hərəsindən bir detalı bu obraza daxil etmişəm. Falçılar kimi necə ram etmək lazım olduğunun yollarını yaxşı bilir. Obrazımın maraqlı alınması üçün az səy göstərmədim. Çəkiliş meydançasında elə məqam yaranırdı ki, qarşımdakı insanlar onların falına baxmağımı istəyirdilər. Hətta mənə elə gəlirdi ki, falçılar kimi nələrsə görürəm. Əslində, əvvəlcə insan özü inanmalıdır ki, kimisə də buna inandırsın.

- Ürəyinizcə olan rollar yox idi deyə çəkilmirdiniz?
- “Üç bacı” serialına çəkilirdim. Mənə çox filmlərdən təkliflər gəlirdi. Bu filmə ilk növbədə ssenarini bəyəndiyimə görə razılıq verdim. Rolum xoşuma gəldi. Reallıqdan çıxış edərək demək istəyirəm ki, bu film festivallar üçün nəzərdə tutulmur. Biz elə bir film çəkmişik ki, istəyirik ona tamaşaçımız baxsın. Düşünürəm ki, reallıqda nə mümkün idisə, onu bu film üçün etdik.

- Şahinlə işləmək necə idi?
- Çox maraqlı idi. Dediyin fikrə qulaq asır, kor-koranə təklifi qəbul etmir, düşünür, aktyorla işləyir. Şahinin bu işdə kifayət qədər təcrübəsi var. O, ilk addımlarını da “SOY” prodakşnda atıb. “SOY”a gələndə onun 18 yaşı vardı, ona iri verilişlərin materiallarını hazırlamağı tapşırırdıq. Şahin bizim də o vaxtdan tanıdığımız, zövqü, duyumu olan, bacarıqlı insan idi.

- Bayaq dediniz, yeni çəkilən filmlərimizə baxırsınız. Bəyəndiklərinizin adını çəkə bilərsiniz?
- “Nabat” filmini çox bəyəndim. Azərbaycan kinosunun üzünü ağardacaq filmdir. Və necə ki, bu film festivallardan mükafatlarla qayıdır. “Axınla üzü aşağı” filminə də baxmışam. Onu da çox bəyəndim. Mehriban Zəki o filmdə də öz sözünü dedi. Onun filmdə sərgilədiyi çox maraqlı oyun tərzi əsl Hollivud aktrisalarının oyun tərzindən geri qalmır. Oktay Mir Kasımın lentə aldığı “Günaydın, mələyim” də çox gözəl filmdir. Filmdə baş rolda oynayan Ayan Mir Kasım isə hədsiz dərəcədə istedadlı aktrisadır.

- Adətən, aktrisalar başqa aktrisalara qısqanclıqla yanaşırlar... Sizdə deyəsən əksinədir?
- Əslində, bu xasiyyətimi məni yaxından tanıyanlar yaxşı bilirlər. Yaxşı olanla yalnız və yalnız fəxr etməyi bacarıram. Çünki mənə görə aktrisa adı çox ucadır, çox müqəddəsdir. Bu ada layiq olan insanları görüncə, ürəyim dağa dönür.

- Çoxmu əziyyət çəkmisiniz bu adı layiqincə təmsil etmək üçün?
- Təbii ki. Mən əziyyət çəkmişəm və bu gün də çəkirəm. Amma təkcə mənimlə iş bitmir. Gərək ətraf da buna kömək eləsin. Bəzən material olur, gedib çəkilirsən, sonra o ekran həllini elə tapır ki, adam peşman olur.

- Məsələn, “Cavid ömrü” filmi bu silsilədəndirmi?
- “Cavid ömrü” filminə sözün əsl mənasında ürəyimi qoymuşam. Hər zaman komediya janrında rollar ifa edən, hər zaman “Çal-çağır”la tamaşaçıların evinə qonaq gedən Dilarənin filmdə bu cür məsuliyyətli bir rolda görünməsi və izləyiciləri buna inandırması üçün inanılmaz əziyyətlər çəkmişəm. Mütaliələr edib, Cavid ailəsinin bütün həyatını öyrənmişəm ki, filmdə mənim etdiyim hərəkət, atdığım hər bir addım, dediyim hər bir söz yerində olsun. İstəyirdim ki, tamaşaçının tanıdığı Dilarədən bu obrazda heç nə qalmasın. “Cavid ömrü”ndə mən təpədən -dırnağa qədər Mişkinaz obrazında olmalıydım. Bu baxımdan “Cavid ömrü” filminin və Mişkinaz obrazının mənim üçün yeri bir başqadır. Filmdən sonra kimlərsə obrazımı qəbul etmədilər. İnanın ki, o filmdə mənim tərəfimdən yalan, qeyri-səmimi heç bir şey yox idi. Düşünürəm ki, görəsən Dilarə Əliyeva “Çal-çağır” Dilarə deyil, Mişkinaz rolu ilə sənətə gəlmiş olsaydı, o zaman necə olacaqdı? Kimlərsə nələrsə deyəcəkdilərmi? Bir də bilirsiniz, əgər dəyərli, tutarlı iradlar olsaydı, onları qəbul edərdim.

- Sonradan oynadığınız rollara baxa bilirsinizmi?
- Təbii ki, baxıram. Hətta xoşuma gəlməsə belə, mütləq baxıram. Baxıram ki, nələri etməli olduğumu, amma etmədiyimi sonradan analiz edə biləm.

- İrəvan Teatrında işləyirdiniz. Hətta yadımdadır ki, Azər Axşamla oynadığınız tamaşa böyük ajiotaja da səbəb olmuşdu. Sizdəmi maliyyə probleminə görə teatrdan uzaqlaşdınız?
- Artıq özümü televiziyaya həsr etmişəm, çünki teatrda işləmək alınmadı. Mən və mənim kimi teatrdan uzaqlaşan həmkarlarım teatra qazanc məqsədilə getmirdik. Əgər pula görə getmirsənsə, deməli, ora sənət üçün gedirsən. Teatrda nə maraqlı rejissor, nə də tamaşa oldu ki, məni ora cəlb edib, saxlasın. Bu gün teatrdan gələn maraqlı təklifləri dəyərləndirirəm. Necə ki, Ramiz Həsənoğlu Akamedik Milli Dram Teatrında Vaqif Səmədoğlunun “Generalın son əmri” əsərini tamaşaya hazırlayanda rollardan birinə məni dəvət etdi. Qəbul etdim və hazırda həmin tamaşada çıxış edirəm. Mən teatrda qalıb nə gəldi, necə gəldi, kimlə gəldi tamaşa oynamağı qəbul etmədim.

- Sizin kimi teatrdan tez uzaqlaşan Rafaellə, Coşqunun fəxri ad alması birmənalı qarşılanmadı. Etirazlarda bu fikirlər səslənirdi ki, onlar illərlə teatrda qalıb, sənət üçün fədakarlıq nümayiş etdirmədilər. Sizin buna münasibətinizi bilmək istərdim?
- Fədakarlıq deyəndə ki...baxır nəyə dözürsən, nə üçün fədakar olursan... Repertuar səni qane etmirsə, pyes, rejissor ürəyincə deyilsə, buna niyə görə dözmək və orada işləmək lazımdır? Mən bu fədakarlığı başa düşmürəm. Niyə mən teatra gedib-gəlim, lazımsız əsərdə çıxış edib tamaşaçını özümdən uzaqlaşdırım. Düşünürəm ki, əgər bayaq dediklərim: rejissor, material, repertuar bir vəhdət təşkil etsə, o fədakarlığa, hətta ondan da beş qat artığına hazıram. İnanın, teatrı sevdiyim qədər nə kinonu, nə də televiziyanı sevirəm. İndi cavabım sizə aydın oldu? Yəni mən teatra o qədər dəyər verirəm. Sadəcə olaraq, məni orada saxlayan qüvvə olmalıdır: ssenari, rejissor. Heç mən tamaşanı oynamaqdan o qədər zövq almıram nəinki keçdiyim prosesdən. Çünki hər dəfə nələrsə öyrənirəm. O ki qaldı Rafaellə Coşquna, bilmirəm, kimlər bunu necə qəbul edirlər. Amma o uşaqların ikisi də teatrda uzun müddət çalışıblar, orada da seviliblər. Sadəcə olaraq, tamaşaçı onları konsertlərlə daha çox gördü, qiymətləndirdi. Onlar o ada da, o sevgiyə də layiqdirlər və ən əsası odur ki, ikisi də çox istedadlı insanlardırlar.

- Seriala ara vermisiniz, yoxsa bəziləri kimi siz də bu işə son qoymusuz?
- Yox, bitirməmişəm. Sadəcə, ara vermişəm. “Üç bacı”nı yekunlaşdırdıq, bir az ara verməli olduğumu düşündüm. Amma sentyabr ayı üçün çox maraqlı bir layihə ilə geri qayıdacam. Açıqlama verə bilməyəcəm, çünki hələ ki, danışıqlar gedir. Lakin bilin ki, hər kəsi sözün əsl mənasında teleməkana səs salacaq serial gözləyir. Mənə elə gəlir ki, bununla teleməkanda bir partlayış olacaq.

- Komediya, yoxsa dram olacaq?
- Komediya.

- Artıq sizi serialda da dramatik rolda görməyin vaxtı çatıb. Niyə sizi bu rolda görmürlər?
- Məni orada görən rejissor olmalıdır. Ramiz Həsənoğlu gördü, dəvət etdi. Özümdə çox şeylər hiss edib, görə bilərəm, amma bu şəraiti mənə yaradan rejissor olmalıdır. Belə bir təklif olsa, söz verirəm, öz üzərimdə gecələri yatmayıb, gündüzləri dincəlməyib işləyəcəm.

- Dilarə xanım özünü hansı obrazda görmək istəyir?
- Fikrimdə, tutduğum rollar var. Sadəcə olaraq, onlar üçün vaxt, zaman, şərait olmalıdır. Eyni zamanda, özüm də o rolu oynamağa hazır olmalıyam.

- Deyəcəksiniz ki, aktrisa rejissordan asılıdır...
- Bəli, aktrisa rejissordan asılıdır. Mənim ürəyimdən çox rollar keçə bilər, amma rolu mənə rejissor təklif etməlidir. Bəli, elə hallar olur ki, aktrisa özü hansısa rolu oynamaq istəyir, özünə şərait yaradır. Bu, mənə görə deyil. İstəyirəm ki, rejissor məni görsün.

- Sizin parlamağınız televiziya ilə baş verdi. Yəni dövr elə dövr idi. İndi olsaydı, serial, yaxud filmlərlə məşhurlaşardınız. Necə ki, indiki gənc aktrisalar bunu edirlər. Bu, sizi incitmir ki?
- İncidir. Hərdən məqamlar olur ki, düşünürəm yaşın, zamanın elə dövrü vardı ki, o vaxtlar daha yaxşı işlər görmək olardı. Bəli, hərdən gec olduğunu düşünürəm.

- Aktrisa kimi çəkinizə, gözəlliyinizə necə nəzarət edirsiniz?
- Həftədə üç dəfə idman edirəm. Artıq səkkiz ildir ki, eyni rejimlə idmanla məşğul oluram. Yeməyimə fikir verirəm, daha çox sağlam qidalanıram, eyni zamanda da kosmetoloji prosedurlar edirəm. Hələlik, yalnızca mezoterapiya edirəm. Çünki mənim aləmimdə dolğu, botoksdan istifadə etdikcə, mütləq üz cizgiləri dəyişir. Mən üzümün dəyişməsini istəmirəm. Sadəcə olaraq, gözəl yaşlanmaq istəyirəm.

- Elə aktrisalar var, simasındakı qırışlarla filmlərə, seriallara çəkilirlər və bunu özünə qəbahət görmürlər.
- Qırışlar onsuz da olacaq, lakin mümkün qədər onun baş vermə prosesini uzadıram.

- Plastik əməliyyat etdirmək istəmirsiniz?
- Hələ ki, istəmirəm (gülür).

- Yaşlanmaqla bağlı qorxunuz var?
- Hərdən olur. Özümə deyirəm ki, yaşlananda belə olacam, elə olacam. Sonra yaşlı aktrisalara baxıb, özümə təskinlik verirəm: “Nə olsun ki, onlar da belədirlər”. Hamı yaşlanır da...

- Qaynananız da aktrisadır. Ondan nə öyrənirsiniz?
- O, çox maraqlı insandır. Ondan öyrənməli çox şeylər var. Biz onunla 14 il birgə yaşamışıq. Heç bir zaman problemimiz olmayıb. Can deyib, can eşidirik. Məhəbbətimiz, istəyimiz qarşılıqlıdır. Mən böyüklərə dəyər verən, valideynlərinə hörmət edən insanları sevirəm. Oqtayın valideynini nə qədər çox sevdiyini yüksək dəyərləndirirəm. Çünki özüm də valideyni sevənəm.

- Oqtay bəylə işdə də bir yerdəsiniz, evdə də. Darıxdırıcı olmur ki?
- Əksinə, maraqlarımız eyni olduğu üçün söhbətlərimiz qurtarmır, davamlı olur.

- Sizə ən çox hansı məsələlərlə bağlı irad tutur?
- Oqtayın işlə bağlı iradları çox olur. Verilişin ümumi gedişatını izləyir və sonra mənə analiz edir ki, gələn dəfə eyni səhvi etməyim. Hərdən mənim göz yaşlarıma da səbəb olur.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər