8 İyul 2015 13:40
4 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgərlə müsahibəni təqdim edir.

– Ramiz müəllim, dünyanın bir çox ölkələrində olmusunuz. Mənim üçün maraqlıdır, siz dünya ilə Azərbaycanın fərqini necə izah edərdiniz?
– Vallah, necə deyim. Xaricdə çox olmuşam. Məncə, bizim ölkə yaxşıdır. Bura bizə doğmadır.

– Necə doğma?
– Biz burada sərsəri, başıboş gəzə bilirik. Saatlarca çay içirik, sonra arağa keçirik, kabab tıxırıq, nərd oynayırıq. Xaricdə bunlar yoxdur.

– Orda necədir ki?
– Orada hamı harasa tələsir, hamı məşğuldur, hamı yalandan gülümsəyir...

– 60 iliniz arxada qalıb. Qarşıdan peyğəmbərlik yaşı gəlir. Haqqınızda çox fikirlər deyilib. Ramiz Əsgər görkəmli alimdir, ləyaqətli insandır, əsl vətəndaşdır və s. Bəs özünüz keçdiyiniz ömür yolunu hansı sözlərlə ifadə edərdiniz? Bu ömür necə keçdi?
– Boş və mənasız şəkildə keçdi. Mən yaxşı, hətta parlaq təhsil aldım, Moskva Dövlət Universitetini bitirdim. Əmək fəaliyyətimə radioda başladım. Özü də xarici verilişlər redaksiyasında. Bu, şanssızlıq idi. Təxminən 5 il belə keçdi. Sonra tam 7 il “Odlar yurdu” qəzetində işlədim. Efirlə müqayisədə qəzet sənəddir, arxivdə qalır, gələcək nəsillər onu oxuyur. Ancaq efirin bir üstünlüyü var: səni dəqiq və səfərbər olmağa öyrədir. Orada saatın, dəqiqənin yox, saniyənin öz yeri var.

Qəzetdəki fəaliyyətim çox səmərəli və faydalı idi, milli idi. Taleyin hökmü ilə qürbətdə yaşayan həmvətənlərimizlə, siyasi mühacirlərlə, xarici ölkələrdə fəaliyyət göstərən mərkəz, ocaq, dərnək, cəmiyyət və təşkilatlarla, qəzet və jurnallarla, alim, şair, yazıçı, rəssam, bəstəkar, həkim və başqa sənət sahibləri ilə əlaqələr qurduq, itkin düşənləri axtardıq, tapdıq. Sonralar dövlət bu işləri görmək üçün diaspora komitəsi yaratdı. O işin beşiyi başında duranlardan biri də mənəm. Ancaq o komitə mənim heç adımı da bilmir.

Əcnəbi türkoloqları, azərbaycanşünasları xalqımıza tanıtdıq. ADR-in siyasi xadimlərini, bayrağını, gerbini, himnini və s. xalqa təqdim etdik. Milli şüurun oyanmasında və formalaşmasında kiril, ərəb və latın əlifbaları ilə çıxan “Odlar yurdu”nun müstəsna xidməti oldu. Müstəqillikdən öncə və sonra o, Azərbaycanın ən populyar qəzeti idi. Belə bir mətbuat orqanına indi də ehtiyac var.

Mən orada canımı qoydum... Səhhətimi, gözümün nurunu qoydum. İşdən sonra, şənbə-bazar günləri, məzuniyyət vaxtı işləmək üçün təsis edilən bütün medalları aldım. Bir dəfə Elçin müəllim gecə yarısı mənə zəng elədi:

– Sən orada neyləyirsən?
Dedim:
– İşləyirəm.

– Niyə evində işləmirsən?
– Şərait yoxdur, birotaqlı mənzildə azyaşlı üç uşaq var.

– Mən də neçə gündür gecə atamgildən qayıdanda sənin qaranca deyinirəm ki, işığı söndürməyi unudub, axırda yanğına səbəb olacaq...

Hesab edirəm ki, həyatımda “Odlar yurdu” da itirilmiş illərdir. O işi ən azı mənim qədər görə biləcək çox adam vardı. Kaş ki mən universiteti bitirən kimi ya ədəbiyyat institutuna, ya da dilçilik institutuna işə girəydim. İnanıram ki, müdhiş yaddaş, sonsuz enerji və böyük əməksevərlik sayəsində adlı-sanlı alim olardım...

– Tez-tez deyirlər, filankəs ləyaqətlə, şərəflə, vicdanla yaşadı, amma soruşan olanda ki, ləyaqət, şərəf, vicdan nə deməkdir, bəzən bu sualın cavabını bilmirlər. Məsələn, Allahşükür Paşazadə deyir, mən vicdan azadlığının tam mənasını bilmirəm. Eyni sualı sizdən soruşmaq istəyirəm, Ramiz müəllim, ləyaqət, şərəf, vicdan nə deməkdir?
– Ləyaqət, şərəf, vicdan fəlsəfi, dini, mənəvi terminlərdir. Cənab Şeyxin bilmədiyi şey yoxdur, özü elə deyir. Ləyaqət atam Baxşəli müəllimdən, əmilərim Kərim, Abbasəli, Əskər və Hamlet müəllimdən gördüyüm nəcabət və əsalətdir. Həyatları boyu hamıya yaxşılıq elədilər, müəllim, jurnalist və vətəndaş kimi hər şeyin qarısında vüqarla və dimdik durdular.
Şərəf odur ki, məsələn, mənim atam on övlad böyütdü, onların yeddisi ali, biri orta, ikisi xüsusi ixtisas təhsili aldı. Bu on övladın ikisi professor, biri fəlsəfə doktorudur. Mən də üç uşağımın hamısına ali təhsil verdim.

– Uşaqlar harda oxuyublar?
– Leyla Bakıda Musiqi Akademiyasını həm bakalavr, həm də magistr dərəcəsi ilə bitirdi. Qızım Ayla 11 il Türkiyədə həkimlik (6 il ümumi təbabət, 5 il ginekologiya) oxudu.

– Oğlunuz...
– Oğlum Atilla İstanbul Texniki Universitetində bakalavriat, Virciniya Texniki Universitetində (ABŞ) magistratura oxudu, kosmik mühəndis diplomu aldı, indi Kaliforniyada (Berkli) doktorantdır. Hər ikisi mənim hesabıma oxudu, yəni dövlət kanalı ilə pulsuz oxumadı. Bununla fəxr edirəm. Uşaqlarımın üçü ilə də qürur duyuram.

– Bəs vicdan nədir?
– Vicdan odur ki, ağa qara deməyəsən.

– Siz heç ağa qara demisiniz?
– Mən heç vaxt ağa qara demədim.

– Bəs sizcə, indiki şəraitdə və şərtlər daxilində bütöv bir ömrü ləyaqətlə, şərəflə və vicdanla yaşamaq mümkündürmü? Mümkündürsə, bunun yolları haralardan keçir?
– İnsan özünü qorusa, bütün şəraitlərdə ləyaqət, şərəf və vicdanla yaşaya bilər.

– Necə?
– Məsələn, nə qədər adam 37-ci ildən üzüağ çıxıb...

– Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu sizin haqqınızda deyir ki, Ramiz Əsgərin jurnalistikası dövlətçilik jurnalistikasıdır. Düzü, mən bu fikri başa düşmədim. Muxtar müəllim nə demək istəyir? Bu, təsadüfən işlənmiş bir fikirdir, yoxsa doğrudanmı sizin jurnalistikanız dövlətçilik jurnalistikasıdır?
– Muxtar müəllim mənim “Odlar yurdu” qəzetindəki redaktorluq illərimi nəzərdə tutur. O zaman biz müstəqil milli dövlət uğrunda mübarizə aparırdıq. Mən həmişə bu fikirdə olmuşam ki, insan dilemma qarşısında qalsa, onun vətəndaşlığı peşəsini üstələməlidir. Yəni jurnalistikanı dövlətçiliyə qurban verməlidir. Halbuki, indi dövləti söymək, fərdi marağı milli maraqdan üstün tutmaq dəbdədir.

– Mətbuatda ara-sıra fikirlər səslənir ki, bizim alimlərin çoxu saxta alimlərdir. Məsələn, kim alim olmaq istəyirsə, təxminən, beş min manat pul verir, kiməsə elmi iş yazdırır, yenə də müxtəlif yollarla maneələri aşır, elmi işə qəbul olunur. Belə işlərə sizin münasibətiniz necədir?
– Bax, insanlar mövzu götürürlər, onlara elmi rəhbər təyin olunur, neçə illər tədqiqat aparılır. Elmi şurada əvvəlcə müzakirə, sonra müdafiə keçirilir, rəsmi opponentlər çıxış edirlər, səsvermə olur və s. Bəzi vəzifə sahibləri qara gün üçün, yaxud prestij üçün dissertasiya yazırlar, bəlkə də yazdırırlar. Yazdıranlar ona görə yazdırırlar ki, onların buna həvəsi və zamanı yoxdur, ancaq istedadı var. İstedadsız şəxs vəzifə tuta bilməz. Ümumən, orta istedad, orta ağıl sahibi hər kəs normal alim ola bilər. Prosedura qaydaları hamı üçün eynidir. İndi müdafiə işi çox çətinləşib. Mövzusunu bilməyən, yazdırdığı dissertasiya səviyyəsində biliyi olmayan adam müdafiə edə bilməz. İndi bəzi doktorant və dissertantlar da qaydaların çətinləşməsi ilə barışmır, bunu elm yolunda süni maneə adlandırırlar. Mən onlara deyirəm ki, belə olmasa, pullu adamlar kütləvi şəkildə elmə sızar. Qoy qaydalar çətin olsun, onlar elmə gəlməsinlər.

– Bakı Dövlət Universitetində və Elmlər Akademiyasında vəziyyət necədir? Yəni gənclər arasında gələcəyin türkoloq alimləri yetişirmi? Söhbət həqiqi alimlərdən gedir.
– BDU-da və AMEA-da vəziyyət normaldır. Aspirant və doktorantlar var, işlərini yazırlar. Mən öz təcrübəmdən bilirəm ki, heç kim heç kimə mane olmur. Axı kimə nə var ki, sən öz işini yazırsan, yoxsa yazmırsan? Ancaq rəsmi idarə və qurumlar istəyir ki, dissertasiyalar yazılsın və müdafiə olunsun. Elmi rəhbərlər də bu işdə maraqlıdırlar. Rəhbərlik üçün onlara saat (yəni pul) verilir.

– Belə. Ramiz müəllim, bəs Azərbaycan ali məktəblərində Orxon abidələri necə öyrənilir? Hansı universitetlərdə tədris olunur?
– Orxon-Yenisey abidələri BDU-da, ADPU-da, Slavyan, Naxçıvan və Gəncə universitetlərində tədris olunur. Bu sahədə yetərli dərəcədə mütəxəssislər və elmi kadrlar fəaliyyət göstərir.

– Siz «Orxon abidələri» kitabının müəllifisiniz. Bəs sizdən əvvəl bu abidələrin tədqiqi ilə hansı alimlər məşğul olub?
– BDU-dan Əbülfəz Rəcəbli, ADPU-dan Abbasqulu Məhərrəmov, Əlisa Şükürlü və Yunis Məmmədov kimi alimlərin əsərləri, monoqrafiyaları və dərs kitabları çox məşhurdur. Əbülfəz Rəcəbli təkcə Azərbaycanda və MDB-də yox, bütün dünyada tanınmış ən məhsuldar alimdir. Onun bu sahədə onlarca kitabı var.

– Bir müsahibənizdə deyirsiniz ki, indiyədək Orxon abidələrini üç adam görüb. Vilayət Quliyev, Məmməd İsmayıl və Anar. Maraqlıdır, bu abidələri görməyin çətinlikləri nədir? Azərbaycanlı alimlər niyə ora gedə bilmirlər?
– Anar müəllim müstəsna dərəcədə orijinal adamdır. Onun Monqolustana yolu düşsün, Orxon abidələrini görməsin – mümkün deyil! Məmməd İsmayıl da Ulan-Batora çatan kimi Qorki adına Ədəbiyyat İnstitutunda bərabər oxuduğu bir monqol şairini məcbur edib ki, onu abidələr olan yerlərə götürsün. Vilayət Quliyev xarici işlər naziri kimi Monqolustana gedəndə bu statusundan istifadə edib. Ona Ulan-Batora yaxın məsafədə yerləşən abidələri göstəriblər.

– Bəs siz necə getdiniz?
– Mən isə Monqolustana məxsusi olaraq kitab yazmaq üçün getmişdim. BDU mənə yol pulu vermişdi, yemək və otel pulunu mən özüm ödəmişdim. Oğlumun yanına ABŞ-a gedəndə 60 dollar verib viza almışdım. Mən Ulan-Batorda özümə bələdçi tutmuşdum, ona pul vermişdim, benzin, yemək və otellə təmin eləmişdim. Ölkə boyu on gün ərzində min kilometrlərlə yol qət etmişdim. Bizim alimlər bu əziyyətlərə və şəxsi xərclərə görə Monqolustana getmirlər. Sonra gəlib sifarişsiz-qonorarsız kitab yazmırlar, o kitabı öz vəsaitləri hesabına nəşr etdirib pulsuz paylamırlar.

– Sabir Rüstəmxanlı sizi yəqin buna görə “əsrimizin dərvişi” adlandırır...
– Mən Çinə, uyğurların yanına da getmişəm. Sabir Rüstəmxanlı yazır ki, onlar bizdən yalnız Ramiz Əskəri tanıyırlar. Yəqin ki, bilirsiniz: türkcənin beş təməl əsəri var. Orxon-Yenisey abidələri türkcənin ən qədim və ortaq əsərləridir. “Qutadğu bilik” qarluq qrupunun, “Dədə Qorqud” oğuz qrupunun, “Manas” qıpçaq qrupunun şah əsəridir. Bir də var Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri. Bu əsər də türkcənin bütün qollarını əhatə edir. Mən “Divanü lüğat-it-türk”ü və “Qutadğu bilig”i ana dilimizə çevirmiəm, onlar haqqında dissertasiya və iri həcmli monoqrafiyalar yazmışam. “Orxon abidələri” adlı monoqrafiyam da var. Yəni bu beş əsərdən üçünü tədqiq etmişəm.

– Maraqlıdır, neçə orijinal və neçə tərcümə əsəriniz var?

– İndiyədək rus, alman, türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz dillərindən 41 kitab tərcümə eləmişəm. Onların arasında «Divanü lüğat-it-türk» (4 cild) və «Qutadğu bilig»dən başqa Faruq Sümərin «Oğuzlar», Bahəddin Ögelin «Türk mifologiyası», Zəhirəddin Məhəmməd Baburun «Babur-namə» kitablarını, Sultan Hüseyn Bayqara, Babur və Mehri Xatunun divanlarını, Azadinin, Əndəlibin, Şahbəndənin, Məxdumqulunun, Molla Nəfəsin, Toktoqulun, Abdulla Tukayın, Əli Ağbaşın, Oraz Yağmurun, Todur Zanetin seçilmiş əsərlərini göstərmək olar. Mənim tərcüməmdə «Monqolların gizli tarixi», «Türk ədəbiyyatı tarixi» (2 cild), özbək və türkmən poeziyası antologiyaları da oxucuların ixtiyarına verilmişdir. Mən tərcüməçilik sahəsindəki fəaliyyətimə görə 2011-ci ildə Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişəm. On orijinal kitabım çıxıb. Bunlardan beşi Mahmud Kaşğari və onun ünlü “Divan”ı haqqındadır. 205 elmi məqaləm var, 36 beynəlxalq forumda iştirak etmişəm.

– Bildiyimə görə mükafatlarınız da az deyil.
– Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü il yanvarın 13-də elmi, ədəbi-publisistik fəaliyyətimə görə “Şöhrət” ordeni ilə təltif edilmişəm. Azərbay-canın Əməkdar jurnalisti adına layiq görülmüş, KİV sahəsində ölkəmizin ən nüfuzlu mükafatları sayılan «Qızıl qələm» (iki dəfə), «Həsən bəy Zərdabi», «Humay» mükafatlarını almışam. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Avrasiya Yazarlar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvüyəm.

– Həm də yeddi xarici ölkənin laureatısınız...

Türkiyənin «Türk dünyasına xidmət», Özbəkistanın beynəlxalq «Babur», Ukraynanın beynəl xalq «Bəkir Çobanzadə», Türkmənistanın beynəlxalq «Altın əsr», Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un mükafatlarına layiq görülmüşəm. Qasım Amanjolovla bağlı tədqiqat və tərcümələrimə görə Qazaxıstanın «Qasım Amanjolov» yubiley medalı ilə, Məxdumqulunun tərcüməsinə görə Türkmənistanın “Məxdumqulu”, Toktoqulun tərcüməsinə görə Qırğızıstanın “Toktoqul” yubiley medalı ilə, Abdulla Tukayın əsərlərinin tərcüməsinə görə Tatarıstanın «Mədəniyyət sahəsində uğurlar» medalı ilə təltif edilmişəm. Bunlardan başqa, TÜRKSOY-un 20 illiyi münasibətilə buraxılmış medalla, TÜRKSOY-un təsis etdiyi “Məx dumqulu” və “Toktoqul” medalları ilə təltif edilmişəm. Bu ilin 24 aprelində Türkiyənin “Qızıl alma” mükafatına layiq görülmüşəm.

– Ramiz müəllim, uğurlarınız və mükafatlarınız bol olsun.
– Çox sağ ol.

– Bir sual da vermək istəyirəm.
– Buyur.

– Bir ifadə var. Deyir, Tanrı türkü qorusun. Bu sözün mənası nə deməkdir? Yəni Tanrı ancaq türkü qorusun, başqa milləti qorumasın?
– Tanrı hamının tanrısıdır, hamını qoruyur. Türkü xüsusilə qorusun!

– Niyə?
– Bizim qorunmağa indi özəlliklə ciddi ehtiyacımız var.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər