18 Avqust 2015 12:36
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq İdarəsinin rəsi müavini Şahin İsmayılbəylidir

- Şahin müəllim, artıq dünya miqyasında transmilli şirkətə çevrilən SOCAR-da bu gün hansı beynəlxalq standartlar tətbiq edilir?

- Hazırda ölkə miqyasında, həmçinin xarici dövlətlərdə böyük layihələr həyata keçirən SOCAR artıq beynəlxalq şirkətə çevrilib. Şirkətin fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da genişlənməkdədir. Qeyd etdiyimiz kimi, SOCAR beynəlxalq şirkətə çevrildiyi üçün beynəlxalq standartların tətbiqi gündəmə gəlir. Dünyanın böyük neft-qaz şirkətləri kimi, SOCAR-da da beynəlxalq standartlar tətbiq edilir. Məsələn, artıq bir neçə ildir ki, Şirkətin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması üzrə standartlar Toplusu qəbul edilib. Buraya korrupsiya ilə mübarizə siyasəti, SOCAR-ın biznes etikası, Rəhbər vəzifələrə namizədlərin yoxlanılması, işə qəbul, xeyriyyə, sosial və sponsor yardımı və s. məsələlər daxildir. Dövlət Neft Şirkətində Satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlər Toplusu da, SOCAR-ın digər standartları kimi, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb və təsdiq edilib. Qeyd edim ki, bizim standartlar nüfuzlu beynəlxalq audit şirkətlərinin cəlb edilməsi yolu ilə hazırlanıb.

- Bu gün dünyada tətbiq edilən beynəlxalq standartlardan biri də məhz korporativ geyim formaları ilə bağlıdır...

- Bəli. Hazırda dünyanın böyük şirkətlərində, eləcə də neft-qaz şirkətlərində tətbiq olunan əsas beynəlxalq standartlardan biri də korporativ geyim formaları (dress code) ilə bağlıdır. Dress code nə üçün lazımdır? Şirkətlərdə fəaliyyət sahələrindən və şirkətin daxili davranış qaydalarından asılı olaraq dress code (işgüzar geyim qaydalari) dəyişir. Amma, mən bildiyimə görə, memarların çalışdığı sahələrdə rəsmi geyim formaları tətbiq olunmur. Yəqin nəzərə alırlar ki, memarlar yaradıcı insanlar olduqları üçün onlara geyim qaydaları lazım deyil. Buna baxmayaraq memarları geyim tərzinə görə asan tanımaq mümkün olur. Ancaq özünə hörmət qoyan böyük şirkətlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. Məsələn, kişilər üçün kostyum, qalstuk, müəyyən tələblərə cavab verən ayaqqabılar və s. Qadınlar üçün də bu cür işgüzar geyim qaydaları nəzərdə tutulur. Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin geyimi də, digər faktorlarla yanaşı, çalışdığı şirkətin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Əgər mən bu gün sizi sinəsində hansısa əcnəbi pop ulduzunun şəkli əks olunmuş maykada, sürtülmüş, üzərində cırığı olan cins şalvarda, idman ayaqqabısında qarşılasaydım, sizin SOCAR haqqında və hüquq departamenti haqqında hansı təəssüratınız qalacaqdı? Nəzərə almaq lazımdır ki, siz bu binaya həmişə gələn adamsınız.

SOCAR-a gələn tərəfdaşlarımızda, həyatında hətta cəmi bir dəfə də olsun buraya gələn qonaqlarımızda, danışıqlarda iştirak edən qarşı tərəflərdə, eləcə də SOCAR-dan kənarda, xidməti ezamiyyələrdə bu şəxslərlə görüşdə SOCAR əməkdaşları qarşı tərəfdə Şirkətimiz barəsində bir təəssürat formalaşdırır. Bu zaman sənin geyim imicin də həmin şəxslərin SOCAR barəsində qalacaq təəssüratlarına öz təsirini göstərir.

- Bəs, SOCAR-da korporativ geyim forması ilə bağlı məsələlər necə tənzimlənir?

- Bu gün SOCAR-a gələn, müxtəlif rəsmi-işgüzar görüşlərdə iştirak edən yerli və xarici tərəfdaşlar bizim əməkdaşlarımızla ünsiyyətdə olduqda onlarda müəyyən vizual imic formalaşır. Hesab edirik ki, bu vizual imic peşəkar olmalıdır. Ona görə də SOCAR prezidentinin müvafiq əmri ilə “SOCAR-ın korporativ geyim forması” standartı təsdiq edilib və avqust ayının 1-dən etibarən bu qaydalar tətbiq edilməyə başlanıb. Bu standart vahid geyim formasını deyil (təəssüf ki, bəziləri mətbuatda belə yazmaqda israrlıdırlar…), yalnız isgüzar geyim qaydalarını özündə əks etdirir.

- Əvvəllər kim necə istəyirdi geyinirdi, eləmi?

- Xeyr, əslində, SOCAR-da korporativ geyim qaydaları təsdiq edilənə qədər də bu normalara ümumilikdə əməl olunurdu. Əksəriyyət bilirdi ki, məsələn, Baş ofisə işə gəlir və təbii ki, işgüzar imicini gözləməlidir. Ancaq bu demək deyil ki, biz adət-ənənə və ya düşüncələrlə işimizi tənzimləməliyik. İndi SOCAR ailəsi böyükdür, işçilərin əksəriyyəti gənclərdir. Nə vaxtsa işçi toya geyindiyi ziyafət qiyafəsini işə də geyinib və həmin gün mühüm görüşdə iştirak edə bilərdi. Həmin işçiyə heç bir irad oluna bilməzdi, çünki onun günahı yoxdur. Onun geyim qaydalarını tənzimləyən bir sənəd mövcud deyildi. Odur ki, korporativ geyim qaydalarının hüquqi müstəviyə gətirilməsi üçün daxili normativ sənəd qəbul edildi. Qeyd edək ki, korporativ geyim formasına dair tələblərin pozulmasına görə indi işçilər məsuliyyət daşıyırlar.

- Bəzi insanlar SOCAR-da tətbiq edilən korporativ geyim formasını vahid geyim forması kimi başa düşürlər. Bu məsələyə necə aydınlıq gətirə bilərsiniz?

- Mən yuxarıda qeyd etdim ki, bu cür yanaşma düzgün deyil. Hətta yazırlar ki, SOCAR korporativ geyim formasını tətbiq etməklə vahid geyim formasına və ya uniformaya keçib. Hətta bəzi hüquq müdafiəçiləri də dərhal reaksiya verirlər ki, amandı qadınların dırnaqlarının lakına baxılacaq. Əslində isə bu, belə deyil. Korporativ geyim forması ilə uniforma və ya vahid geyim forması tamamilə fərqli anlayışlardır.

Vahid geyim forması, əsasən, istehlakçılarla bilavasitə ünsiyyətdə olan iş yerlərində, məsələn, supermarketlərdə, restoranlarda, təyyarə bələdçilərində tətbiq edilir.

Uniforma (fərdi geyim formaları) bilavasitə istehsalatda – zavodlarda, mədənlərdə, özüllərdə çalışan işçilərə pulsuz verilir və bu geyim forması texniki təhlükəsizlik tələblərinə cavab verməlidir.
Uniforma SOCAR-da həmişə tətbiq edilib və ediləcəkdir. Baş ofisdə çalışan mütəxxəssislər də istehsalat sahələrinə gedəndə onlara pulsuz verilmiş uniforma geyinirlər. Korporativ geyim forması isə sırf idarəetmə aparatında-baş ofislərdə çalışan işçilərə aiddir. Bu hansısa bir vahid forma deyil, işçilərin özlərinə məxsus, vəsaitləri hesabına alınmış, qarderoblarında mövcud olan paltarlardır. İşə gələndə, paltar şkafını açıb sadəcə hansı paltarı geyinməliyəm deyə düşünməli və nəyi geyinmək məsləhət görülmür onu geyinməməlidir. Yəni toyun, ziyafətin öz geyimi var, işin də öz geyimi.

SOCAR-ın korporativ geyim standartında açıq şəkildə qeyd edilib ki, geyim forması necə olmalıdır. Məsələn, buraya kişilər üçün kostyum və ya klassik biçimli şalvar və pencək, solğun və tək tonlu uzun qol (ilin isti aylar istisna olmaqla) köynəklər, geyimə uyğun gələn qalstuk daxildir. Qadınların geyim formasına isə kostyum və ya klassik biçimli şalvar və pencək, şalvar və ya ətəklə uyğun gələn solğun və tək tonlu, dərin kəsiyi olmayan uzun qollu (isti aylar istisna olmaqla) köynək, dizdən yuxarı olmayan don və ya ətək, tək tonlu naxışsız corab daxildir. Göründüyü kimi, işçilər zövqə uyğun geyim seçməkdə sərbəstdirlər, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir. Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən transmilli neft-qaz şirkətlərində artıq uzun illərdir ki, tətbiq edilir. Bizim Standartlar da hazırlananda həmin təcrübələr öyrənilmişdir. Qeyd edək ki, korporativ geyim formasına əməl etmək tələbi yalnız iş günlərinə aiddir.

Nail Rəhimzadə, “İki sahil”


Müəllif:

Oxşar xəbərlər