“Siyasi partiyalar Türkiyənin içərisindəki problemləri unudub. Hazırda Türkiyə içərisində özü boyda problem yaşayır. Ölkədə kürd problemi var. Erməni problemi hələ də mövcuddur. Yunanıstan məsələsi də var. Avropa dövlətlərinin xristian baxışları problemi var. Türkiyəni Avropa Birliyinə qoymurlar. Bütün bunların hamısı siyasi partiyalar tərəfindən unudulub və sanki Türkiyədə bir kreslo davası gedir. Türkiyədə az qala hakimiyyət uğrunda müharibə gedir, millət və dövlət uğrunda, demokratik dəyərlər müstəvisində fikirlər geri çəkilib. Ortaya hikkələr qoyulub, ambisiya müharibəsi gedir. Bu da, təbii ki, ölkənin ən böyük uğuru olan siyasi sabitliyi təhlükə altına salır”.
Bunu qəzetimizə müsahibəsində VHP Siyasi Şurasının üzvü, professor Fəzail İbrahimli bildirib. Müsahibəni təqdim edirik:
- Fəzail bəy, Türkiyədə gedən son ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?
- Qardaş ölkədə baş verən prosesləri yaxından izləyirəm. Müsbət və proqressiv yönlü cərəyanlara görə sevinirəm. Amma Türkiyənin siyasi həyatını qarışdıran, yüzlərlə insanın həyatına son qoyan, narahatlıq yaradan digər mənfi proseslərdən isə bir qardaş kimi narahat oluram.
- Sizcə, Türkiyədə nə baş verir?
- Türkiyədə baş verən ortalıqdadır. Türkiyənin iqtisadi baxımdan inkişafı, sərbəst düşünməsi, müstəqil xarici siyasət aparması, kiminsə qoltuğuna girməməsi, azad hərəkət etməsi, qardaş ölkəni sevməyən qüvvələri kifayət qədər narahat edir. Türkiyə sanki hədəfə götürülən bir ölkə təsiri bağışlayır. Bu gün dünyada ölkələri içəridən dağıtmağa cəhd edirlər. Biz bu prosesi Yaxın Şərqdə müşahidə etdik. İraq, Suriya, Liviya, Misir, Yəmən timsalında bunu gördük. İndi də Türkiyə ilə bağlı bu siyasətə üstünlük verirlər. Türkiyədə insanların terror hadisələri ilə öldürülməsi, vahimə və s. kimi mənfi hərəkətlər nədənsə xüsusi narazılıq yaratmır. Demokratiya və insan hüquqlarından danışan beynəlxalq qüvvələr susur. Əslində, bu mərkəzlər dünyada öz siyasətini yeritmək, maraqlarını təmin etmək üçün bütün ifrat əməllərə əl atır. Odur ki, Türkiyədə baş verən terror hadisələri, ölkəni silkələyən olaylar kifayət qədər ciddi hadisələrdir.
- Belə çıxır ki, iri dövlətlər Türkiyənin bölgədə hegemon güc olmasını istəmir…
- Son illər Türkiyə böyük sürətlə inkişaf edib. Qardaş ölkə böyük dövlətlərin qarşısında qürurla dayanmaq imkanı əldə edib, sərbəst siyasət yürütməklə məşğuldur. Ədalət və İnkişaf Partiyası böyük səs çoxluğu ilə qələbə əldə etdikdən sonra parlamenti götürdü, hökuməti tək partiya olaraq qurdu. Bu da, ölkədə sabitliyin bərpa olunmasına gətirib çıxardı. Ölkə inkişaf etdi. Ancaq bu formada inkişaf müəyyən mərkəzlərin xoşuna gəlmədi. Nəticədə həmin qüvvələr işə düşdü. İndi Türkiyədə siyasi qarşıdurmalar kifayət qədər ciddidir, narahatlıq yaradır, təhlükəlidir. Bunu Türkiyənin həyatını sarsıda biləcək təhlükə kimi qeyd etmək mümkündür. Vətəndaş müharibəsi yaşanan ölkələrdə bu qarşıdurmanın fəlsəfəsinin mahiyyəti bəllidir. Bu gün Türkiyədə siyasi mövqelərin, siyasi institutların toqquşması, bir-birilə barışmaması əhval-ruhiyyəsi var. Bunu Türkiyə siyasi həyatı üçün o qədər də uğurlu hadisə hesab etmək olmaz.
- Koalisiya hökuməti baş tutmur, siyasi partiyalar ifrat siyasi təkəbbür nümayiş etdirir. Bundan sonrakı dövr üçün hökumətin formalaşması imkanlarını necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Türkiyədə müxalifətdə olan siyasi partiyalar uzun müddət idi ki, seçkilərdə uduzurdular. AKP hər seçkidən sonra təkbaşına hökumət qurmaq imkanı əldə edirdi, bunun üçün xalqdan lazım olan dəstəyi ala bilirdi. Seçkilərdə uduzan partiyalar artıq xalqın da gözündən bir növ düşmüş və qüvvəsiz təşkilatlar halına gəlmək üzrə idi. Son parlament seçkilərində müəyyən faiz səs toplayan qüvvələr sanki “aha, müəyyən qələbə əldə etmək olar” düşüncəsini ortaya qoydu. Başqa sözlə, 10 ildən çoxdur ki, seçkilərdə uduzmalarının ağrı-acısının əvəzini çıxmaq istədilər. Bu gün Türkiyə həyatında millət, dövlət və Vətən sevgisindən daha çox bir siyasi ambisiya sevgisi görürəm. Vətən, millət, dövlət məfhumları birinci sırada gəlməlidir. Məqsəd normalda o olmalıdır ki, demokratik ölkədə yaşayırsan və seçkinin nəticəsi budur, bununla barışmalı, dövləti gücləndirməli, xalqın rifahını yaxşılaşdırmalı, ölkənin imicini yüksəltməlisən. Ancaq bunun əvəzində biz qarşıdurmalar görürük. Bu qarşıdurmalar Türkiyəni irəli aparmır, dövlətin zəifləməsinə gətirib çıxarır. Siyasi qüvvələr arasında təkəbbür elə həddədir ki, ümumiyyətlə xarici faktorlar unudulub.
- Xarici faktorlar deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Türkiyə dünyada təklənmiş bir dövlətə çevrilib. Avropanın Türkiyəyə münasibəti unudulub. Siyasi partiyalar Türkiyənin içərisindəki problemləri unudub. Hazırda Türkiyə içərisində özü boyda problem yaşayır. Ölkədə kürd problemi var. Erməni problemi hələ də mövcuddur. Yunanıstan məsələsi də var. Avropa dövlətlərinin xristian baxışları problemi var. Türkiyəni Avropa Birliyinə qoymurlar. Bütün bunların hamısı siyasi partiyalar tərəfindən unudulub və sanki Türkiyədə bir kreslo davası gedir. Türkiyədə az qala hakimiyyət uğrunda müharibə gedir, millət və dövlət uğrunda, demokratik dəyərlər müstəvisində fikirlər geri çəkilib. Ortaya hikkələr qoyulub, ambisiya müharibəsi gedir. Bu da, təbii ki, ölkənin ən böyük uğuru olan siyasi sabitliyi təhlükə altına salır. Ümumiyyətlə, dövlətdə siyasi sabitliyin olması ən böyük uğurdur. Türkiyədə xarici amillər unudulub, sanki gözü çıxan qardaşdan dərs almaq istəyi yoxdur. Hesab edirəm ki, hökuməti qurmaq üçün də müəyyən maraqlar, ambisiyalar qurban verilməli, güzəştlər olmalıdır. Ancaq görünən budur ki, heç kəs geri çəkilmək istəmir. Bilirsinizmi, dağın başında üz-üzə gələn və bir-birinə yol verməyən insanın yeri qayaların dibindən axan çayda olur. Bu, həqiqətdir.
- Hökumət nəhayətdə qurulacaq, yoxsa siyasi qüvvələr arasında barışmamazlıq, bir-birini qəbul etməmək davam edəcək?
- Bilirsinizmi, mən heç zaman münəccimlik etmək istəməzdim. Ola bilsin ki, dediyim düz çıxa bilər və iki aydan sonra deyərəm ki, görürsünüzmü, uzaqgörən insanam. Və yaxud dediklərim səhv çıxar, mən də pərt düşərəm. Məsələnin mahiyyətinə vararaq demək olar ki, Türkiyədə bir aydan sonra nələrin yaşanacağını söyləmək çətindir. Əslində, bu görünməyən bir prosesdir. Bu sualı Türkiyənin siyasət liderlərinə versəniz, onlar düzgün cavab verə bilməz. Baxmayaraq ki, Türkiyənin siyasi proseslərinin çoxunu məhz onlar yaradır, onların qərarları hansısa nəticələr ortaya qoyur. Odur ki, indi konkret bir söz demək olmaz, yaşayarıq, görərik. Ancaq güman edirəm ki, buna ağılla hisslərin diktəsi müstəvisində baxsaq, yaxşı bir şey görünmür. Çünki burada artıq siyasətdən daha çox məntiq elmi işə düşür. Baxın, partiyalar hökumət qurmaqla bağlı tələbləri irəli sürür. Əgər bu tələblərin qarşısından AKP geri çəkilsə, bu hökumətdən, siyasi partiyadan çox oyuncağa çevriləcək. Qarşı tərəf də rahatlıqla hakimiyyətdəki gücü və imkanları ələ keçirib adını qoyacaq razılaşma. Hakim partiya ondan tələb edilən güzəştlərə gedəcəksə, demək, oyuncaq hökumətə çevriləcək. Digər tərəf isə istəyinə nail olmaq üçün təkidlə dayanıb. Bu daha çox tələb edənlə, tələb edilən tərəf arasında razılaşmadan asılıdır. Tələb edən tərəflər başlıca marağı qoruyub ikinci dərəcəli marağını qurban verməlidir. Yəni dövlət, siyasi sabitlik, türk xalqının gələcəyi naminə geri çəkilmə olmalıdır. Əks təqdirdə erkən seçkilərə gedilməlidir.
- Erkən seçki ehtimalı daha yüksəkdir...
- Təbii. Orada ambisiyalar güclüdür, hisslər artıq ağılı ötüb. Məsələn, barajı aşan partiyalarda belə fikirlər qətiləşir ki, erkən seçkilərdə daha çox səs toplaya bilər və qələbə əldə edər. Son seçkidə əldə olunan uğurdan sanki onların başında gicəllənmə var. Əlbəttə, mən qətiyyən hansısa partiyanı müdafiə etmək niyyətində deyiləm. Mənim əsas düşüncəm odur ki, siyasi qüvvələr arasında razılaşma əldə edilsin və nəticədə türk xalqı, dövləti xilas olsun. Siyasi sabitlik pozulmasın. Dəfələrlə bu dövləti avantüraya çəkiblər, indi də çəkirlər. Zahirən adı və soyadı türk olan, amma içində erməni xisləti daşıyan qüvvələr var. Bunlar parlamentdə oturur, Nazirlər kabinetində əyləşirlər və kifayət qədər güclü strukturlarda təmsil olunurlar. Və dırnaqlarını bir-birinə sürtərək həvəslə bu işi qarışdırmaq istəyirlər. Siyasi qüvvələr həm də bu kimi məsələləri dərk etməlidir.
- Xalqların Demokrat Partiyası parlamentə düşdü, amma açıq şəkildə PKK-ya qarşı aparılan hərbi əməliyyatlara qarşı çıxırlar. Sanki tələblərini siyasi üsullarla irəli sürmək istəmirlər. Siz, bu durumu necə qiymətləndirirsiniz?
- Əslində, ən təhlükəsi odur ki, 30 min türkü qətlə yetirən bir qurumun rəhbəri həbsdə yatır. Və Türkiyə qanunları imkan vermir ki, 30 min insanın qatilinə layiqli cəza verilsin. Məsəl var, ağsaqqalı gülüm olanın başına külüm olar. İndi bütün bu proseslər onun ağsaqqallığı altında aparılır. 30 min türkü qətlə edən bir qatilin ideya rəhbərliyi altında bunlar fəaliyyət göstərir. Türkiyənin siyasi həyatı üçün onlar qorxunc qüvvədirlər. Bu yozum deyil, onların əməllərində ifadə olunur. Bu gün oturub filosofluq etmək lazım deyil. Ərazi iddiaları, verilən bəyanatlar, Türkiyənin ayrı-ayrı yerlərində terror hadisələri azmış kimi indi gəlib parlamentdə əyləşiblər. İçəridən Türkiyənin kifayət qədər zəiflətmənin ən incə yolundan biri də budur. Digər siyasi qüvvələr də öz ambisiyalarının arxasınca gedir. Nəticədə də yaranan boşluqdan Türkiyəni sevməyən qüvvələr məharətlə istifadə edirlər.
Nemət