27 Avqust 2015 12:28
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Faktiki olaraq türkmən muxtariyyəti üçün əsaslar yaradılır”

“Azərbaycanda seçici mədəniyyəti formalaşdırılmalı, bütün partiyalar seçkilərdə iştirak etməlidir. Əslində, biz seçkiyə getməklə, insanlarla ünsiyyət yaratmaqla həm də cəmiyyətimizdə milli barışı yaratmalıyıq. Bizim özümüzdən savayı heç kimimiz yoxdur. İqtidarlı - müxalifətli bu gün baş verən proseslərdə toplum olaraq daha güclü olmalıyıq. İqtisadi və siyasi baxımdan bunun belə olması vacibdir. Siyasi baxımdan seçkilərdə iştirak etməli, legitimlik yaratmalı, ölkənin imicinin möhkəmlənməsinə dəstək olmalıyıq. Bu, hökmən lazımdır. Elə normal sistem qurmalıyıq ki, kənardan bizə hörmətlə yanaşsınlar. Bu, bizim imicimizdir. Həm də legitimlik baxımından bizə hökmən lazımdır. İkincisi, boykot taktikası bölgədə strateji marağı olan ölkələrə sərf edə bilər. Yəni imic yaradarlar ki, bunlar demokratiyadan uzaq, radikal düşüncəyə malikdirlər və s. Nəzərə alın ki, həm də bizim müsəlman faktorumuz var. O üzdən də mənfi məqamları kənara qoymaq lazımdır”.

Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

- Bədrəddin bəy, qarşıdan parlament seçkiləri gəlir. Partiyanızın seçkilərlə bağlı mövqeyi necədir?
- Hər bir siyasi partiya seçkilərdə iştirak etməlidir. Bu, siyasi partiyanın hədəfi olmalıdır. Əslinə baxsanız, siyasi təşkilat seçkilərdə iştirak etdikcə onun mövqeyi üzə çıxır. Siyasi baxımdan da, partiya seçkilər vasitəsilə səs ala, dövlət idarəçiliyində təmsil oluna bilər. Çox təəssüflə deyim ki, partiyamız dövlət qeydiyyatına alınmadığına görə biz respublika səviyyəsində seçki kampaniyası aparmaq imkanına malik deyilik. Biz 2010-cu ildən sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etmişik. 4 ildən sonra nazirlik sənədləri bizə qaytardı. 2012-ci ildə Siyasi partiyalar haqqında qanuna dəyişikliklər edilmişdi. Biz bu dəyişikliyə uyğun olaraq sənədlərimizi hazırlayıb Ədliyyə Nazirliyinə yenidən təqdim etdik. Yəni bütün sənədlərimizi tam olaraq hazırlayıb müvafiq dövlət qurumuna göndərmişik.
Bizim həm ölkə daxilində, həm də ölkə xaricində mövqeyimiz bəllidir. Mənim siyasi və iqtisadi mövqeyimdə də, əlaqələrimdə də Azərbaycanın dövlət və milli maraqları birmənalı şəkildə müdafiə olunur. Ölkə xarici səfərlər zamanı da ölkənin milli maraqlarını əsas götürürük. Biz faktiki olaraq xaricdə Azərbaycanın haqq səsini müdafiə edirik, Avropada olanda Ukraynadan sonra Azərbaycana olan təzyiqlərlə bağlı fikrimizi ifadə etmişik. Həmçinin ölkə daxilindəki məsələlərlə bağlı, iqtisadi istiqamətdə təkliflərimizi irəli sürürük. Reallığı nəzərə alaraq ölkəmizin və dövlətimizin gələcəyi naminə hər şeyi düşünürük.

- Seçkidə iştirak edəcəksinizmi?
- Biz, hazırda qeydiyyata alınmağımızı gözləyirik. Sonuncu dəfə yenə də müraciətimiz olub. Bilirsiniz ki, biz xaricə səfər edirik, danışıqlar aparırıq, görüşlərimiz olur, müqavilə bağlayırıq və s. Bunun üçün partiyamıza hüquqi sənəd lazımdır. Qeydiyyatdan keçsək, mən seçkilərdə iştirak edəcəyəm. Qeydiyyatdan keçməsək, müstəqil namizəd qismində seçkidə iştirak etmək istəmirəm. Neçə illərdir siyasi fəaliyyət göstərirəm. Hüquqi baxımdan statusumuza uyğun olaraq seçkilərə qatılmağı üstün tuturuq.

- Bəzi partiyalar və Milli Şura seçkiləri boykot etməyə hazırlaşır. Bu mövqeyi necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycanda seçici mədəniyyəti formalaşdırılmalı, bütün partiyalar seçkilərdə iştirak etməlidir. Əslində biz seçkiyə getməklə, insanlarla ünsiyyət qurmaqla həm də cəmiyyətimizdə milli barışı yaratmalıyıq. Bizim özümüzdən savayı heç kimimiz yoxdur. İqtidarlı - müxalifətli bu gün baş verən proseslərdə toplum olaraq daha güclü olmalıyıq. İqtisadi və siyasi baxımdan bu, belə olmalıdır. Siyasi baxımdan seçkilərdə iştirak etməli, legitimlik yaratmalı, ölkənin imicinin möhkəmlənməsini dəstəkləməliyik. Bu, hökmən lazımdır. Elə normal sistem qurmalıyıq ki, kənardan bizə hörmətlə yanaşsınlar. Bu, bizim imicimizdir. Həm də legitimlik baxımından bizə hökmən lazımdır. İkincisi, boykot taktikası bölgədə strateji marağı olan ölkələrə sərf edə bilər. Yəni imic yaradarlar ki, bunlar demokratiyadan uzaq, radikal düşüncəyə malikdirlər və s. Nəzərə alın ki, bizim həm də müsəlman faktorumuz var. O üzdən də mənfi məqamları kənara qoymaq lazımdır. Bütün inkişaf, dialoq seçkilərlə həyata keçirilməlidir. Seçkilərdə hökmən iştirak etmək lazımdır. Eyni zamanda, tərəflər bir-birinə güzəştə getməyi də bacarmalıdır. Azərbaycanda milli birlik elə seçkidən keçir. Biz demokratik imicimizi möhkəmləndirsək, gələcəkdə Dağlıq Qarabağ problemi və digər taleyüklü məsələlərimizlə bağlı da güclü mövqeyə sahib olarıq. Ölkə daxilində olan problemləri özümüz həll etməliyik, taleyüklü problemlərə gəldikdə isə iqtidar və müxalifət bu istiqamətdə işləməlidir. İndi bir çoxları deyir ki, Gürcüstanda parlamentli respublikaya keçid müsbət alınıb. Bəzən qeyd edirlər ki, artıq Ermənistanda buna keçid etmək niyyətindədir. Əlbəttə, Azərbaycanda da bu haqda təkliflər irəli sürülür. Bunun üçün seçkilərdə iştirak etmək, seçki prosesinə diqqətlə yanaşmaq lazımdır. Bildiyiniz kimi, neft - qaz faktoru, enerji daşıyıcılarına görə ölkədə ciddi inkişaf gedirdi, gəlirimiz çox idi. Amma indi dünya çapında, regionda, ətrafımızda olan ölkələrə tətbiq edilən embarqolara görə, situasiya dəyişib. Biz, əlbəttə, özümüz də bu proseslərə diqqətlə yanaşmalı, hazır olmalıyıq. Bizim milli maraqlarımız da bunu tələb edir. Elə məqamlar var ki, orada iqtidar-müxalifət söhbəti olmamalıdır.

- Türkiyədə səfərdə olmusunuz, qardaş ölkədə mövcud olan vəziyyəti necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Türkiyədə uzun illərdir ki, bölgədə baş verən prosesləri ciddi şəkildə müzakirə edirdilər. Faktiki olaraq siyasi mənzərəyə baxanda görünür ki, ölkə daxilində hakimiyyət uğrunda siyasi mübarizə gedir, siyasi partiyalar bir-biri ilə rəqabət mühitindədir və s. Ancaq faktiki olaraq Türkiyənin siyasi qüvvələri ölkənin milli maraqlarına uyğun olaraq bölgədə neçə ildir atılmayan addımları atırlar. Sizə deyim ki, 1993-cü ildə Körfəz müharibəsi başlayandan bu yana, İraqın vurulması proses zamanı atmadığı addımı Türkiyə indi atır. İndiki geosiyasi durumun mürəkkəb olduğu, bölgədə faktiki müharibə yaşandığı bir zamanda Türkiyə türkmənlərə sahib çıxır. Hazırda Türkiyədə dövlətinin dərinliklərində bölgədə gedən proseslər diqqətlə izlənilir və ona uyğun planlar ortaya qoyulur. Kürd faktoruna da diqqət edilir. Aydındır ki, əsas diqqət mərkəzində Suriya və İraqdır. Sizə deyim ki, Osmanlı imperiyası çökəndə bu qocaman dövlətə ən böyük zərbə Suriya və İraq cəbhəsindən vurulub. İndi son dövrlər Türkiyə qonşularla stabil münasibətlər təşəbbüsünü irəli sürürdü. Eyni zamanda, kürdlərin siyasi proseslərdə təmsil olunmasını, sivil və demokratik fəaliyyəti daha münasib hal hesab olunurdu. Ancaq bunun tərsi müşahidə olundu, PKK-nın aktivləşməsi, terror hadisələri yaşanması artıq ortadadır. Bu mürəkkəb geosiyasi vəziyyətdə türkmənlər ortalıqda faktiki sahibsiz qalmışdı. Təsəvvür edin ki, 3 milyona yaxın İraqda, 4 milyona yaxın isə Suriyada türkmən var. Əvvəllər Türkiyənin bölgədə hansısa formada fəaliyyətinə münbit şərait yaranmamışdı. İndi isə Türkiyə ətrafında tampon bölgələr yaradır. Həm Suriyada, həm də İraqda türkmənlərdən ibarət dəstələr yaradılır. Bu bölgələrdə gələcəkdə faktiki olaraq türkmən muxtariyyəti üçün əsaslar yaradılır. İndi türkmənlər içərisində polis, hərbi dəstələr yaradılır. Nəzərə alın ki, 20 il əvvəl bu şərait İraqdakı kürdlərə yaradılırdı. Başqa sözlə, 20 il gecikən bir proses indi müşahidə olunur. Odur ki, indi Türkiyənin bölgədə baş verən proseslər fonunda atdığı addımlar ciddi oyundur. Türkiyə dövlət olaraq özü də gərginliyə düşsə də, bu addımları atdı. Bu, gələcəkdə Türkiyənin bölgədə mövqeyinin güclənməsinə səbəb olacaq addımlardır. Əlbəttə, bəzi siyasətçilər hesab edirlər ki, bu addımlarda daxili siyasətə hesablanan məqamlar da var. Amma burada həm də strateji hədəflər var və bu məsələdə milli maraqlarda olan qüvvələrin mövqeyi eynidir.

- Noyabrın 1-də Türkiyədə təkrar seçkilər keçiriləcək. Bu seçkidən nə gözləyirsiniz?
- Bəli, indi seçim hökuməti yaradılır. Məncə, ölkə daxilində milli maraqlara uyğun olaraq dolayısı ilə koalisiya yaradılacaq. Amma maraqlı məqam başqadır. Bir zamanlar Ədalət və İnkişaf Partiyası dini faktorlarla ortaya çıxırdı, indi isə milli şüarlarla ortaya çıxır. Həm də bu istiqamətdə ciddi addımlara gedilir. Gələcəkdə də yaşanan savaş və digər məqamlarla bağlı AKP ilə MHP-nin mövqelərində üst-üstə düşəcək məqamlar olacaq. Əslinə qalsa, Türkiyəyə olan hədəflərə qarşı bir koalisiya olacaq. İkincisi, seçki prosesi olacaq, düzdür, bölgələrdə çətinliklər var, terror hadisələri baş verir. Amma Türkiyədə nə qədər sabitlik olsa, bizim üçün bir o qədər vacibdir. Bildiyiniz kimi, Bakı-Kars-Ərzurum qaz kəmərində problemlər yaradılır. Amma bu kəmər faktiki olaraq gələcəkdə bizim Avropa bazarına çıxmağımız üçün əhəmiyyətlidir. Odur ki, Türkiyədə sabitliyin yaranması, orada güclü əlin olması bizə hava və su kimi vacibdir.

- Erkən seçkilərdə AKP təkbaşına hökumət qura biləcəkmi?
- Bildiyiniz kimi, Türkiyənin İŞİD-ə qarşı fəaliyyəti var, PKK ilə faktiki müharibə aparır. Müharibənin öz şərtləri var. Əlbəttə, müharibədən narazılar, şəhidlər olur. Lakin strateji məsələlər ortalıqda olduğuna görə AKP-nin mövqeyinin güclü olacağı qaçılmazdır.

- Səs itirən partiya olacaqmı?
- Erkən seçimlər HDP-nin səsini azalda bilər. Məncə, 1 noyabr seçkiləri ən çox bu partiyaya təsir edəcək. HDP barajı aşmaya da bilər. Çünki demokratik baxımdan Türkiyənin gələcəyini düşünən çoxlu sayda insan və partiya istəyirdi ki, cəmiyyətdə inkişaf olsun, məsələn, kürdlər də barajı aşsın. Amma düşünmürəm ki, təkrar seçkilərdə onlar yenidən HDP-yə səs versin. Çünki indi baş verən proseslər, terror hadisələri I Dünya Müharibəsi zamanı ermənilərin separatizmi qədər olan fəaliyyətə bərabərdir.

- CHP-nin durumu necə olacaq?
- Rəy sorğularına əsasən, CHP-nin səslərində 2 faizə qədər artım ola bilər. MHP də səslərini artıra bilər. CHP və MHP-nin səsləri 50 faiz civarında ola bilər. Yenə də əsas siyasi mübarizə AKP, CHP və MHP arasında gedəcək. Ancaq aydındır ki, AKP təkbaşına hökumət quracaq qədər səs almaq istəyir. Bəzi bölgələrdə HDP-yə verilən səslərin ona gələcəyinə ümid edir. Əsas məqsəd təkpartiyalı hökumət qurmaq, başqanlıq sisteminə keçməkdir. Ancaq bu çox ağır prosesdir. Həm müharibə aparsan, həm seçki keçirəsən, həm də demokratik qayda-qanuna riayət edəsən məsələsi çox mürəkkəbdir. Bizim əsas istəyimiz türkmənlərə sahib çıxılmasıdır. Bu proses gedir, Türkiyə bu addımları. Bizdə arzu edirik ki, bölgədə proseslər Türkiyənin maraqlarına uyğun şəkildə cərəyan etsin.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər