Teleqraf.com Rüstəm Behrudi ilə müsahibəni təqdim edir.
- Rüstəm müəllim, “Facebook”da tez-tez görürəm, nəvələrinizin şəklini paylaşırsınız. Dövlətdə dəvə, övladda nəvə?
- Əslində, o bir görüntüdür. Başqaları kimi dövlətdə dəvə, övladda nəvə prinsipi ilə yaşayan adam deyiləm. Atamın bir sözü vardı. “Kim ki, deyir, nəvə övladdan istəkli olur, inanmayın”. Nəvə heç vaxt övladından şirin ola bilməz. Şəkilləri də səhifəmdə elə oğlum, qızım paylaşır, mən elə şeylərə maraqlı adam deyiləm. Məsələn, mənim kitablarımın heç birində ailəmlə bağlı heç bir şey yoxdur. Mənim üçün sonda incəsənətə çevrilməyən hər nə varsa, boş və mənasız bir şeydir.
- Niyə?
- Ailə hər bir adamın şəxsi işidir. Ədəbiyyata heç bir dəxili yoxdur. Ailəni ədəbiyyata gətirmək elə ədəbiyyatın özünə ziyandır. Məsələn, rus ədəbiyyatından misal gətirim. Yessenin, Mayakovski və bu kimi şairlərin həyatı haqqında yaşadığı vaxtlarda heç bir yerdə məlumat olmayıb. Yalnız indi-indi üzə çıxır, tanış oluruq.
- Bəs bu gün sizi ən yaşadan nədir? Nədən stimul alırsınız, həyat nəyi ilə maraqlıdır?
- Məni yaşadan ailəm və uşaqlarımdır. Onlarla maraqlı həyat tərzi sürürəm, həyatımın bir parçasıdır.
- Yeri gəlmişkən, xanımınızın sizin haqqınızda gözəl bir yazısını oxumuşdum.
- Görürsən, mənim xanımımın mənim haqqımda yazdığı yazları heç bir ədəbiyyat adamı yaza bilməzdi.
- Müəllim, axı bayaq ailə barədə ayrı şey deyirdiniz...
- Bayaq dedim ki, ailəmin mənim yazdıqlarıma və ədəbiyyata dəxili yoxdur. Əkrəm Əylislinin bir sözü var. Deyir, ədəbiyyat mənim vətənimdir. Mənim üçün də ədəbiyyat fərqli bir şeydir, ailə həyatı isə tamam fərqli. Ailəm həyatımın başqa bir yanıdır. Mənim uşaqlarımın da ədəbiyyata çox böyük marağı var.
- Uşaqlardan şeir yazanı var?
- Yox, nə şeir yazırlar, nə də başqa bir şey.
- İstərdinizmi yazınlar?
- Bu özlərinin biləcəyi işdir, mən qarışmıram. Ədəbiyyat dünyada adamın özünü ifadə edə biləcəyi son məqamdır. Mən onlara necə deyə bilərəm ki, yazmayın. Qızlarım uşaqlıqda şeirlər yazırdılar. Amma mən nə o vaxtı, nə də indi bu barədə maraqlanmıram. Öz seçimləridir. Bəlkə indi də yazırlar, çap edirlər, bilmirəm. Hətta yadıma gəlir, kiçik qızımın şeirlərini Vaqif Cəbrayılzadə “Müsavat” qəzetinə təqdim etmişdi. Hətta yazmışdı ki, Rüstəm Behrudinin qızı Ramiz Rövşəndən 5 dəfə, atasından da 15 dəfə yaxşı yazır. (gülür)
- Doğrudan, qızınız Ramiz Rövşəndən 5 dəfə, Rüstəm Behrudidən 15 dəfə yaxşı yazırdı? Vaqif Bayatlı ciddi adamdır, ona görə təəccübləndim.
- Yox... Sadəcə, Vaqif mənim dostum idi, uşaqlarıma çox fərqli münasibət bəsləyirdi. Amma həqiqətən qızımın şeiri uşaq şeiri deyildi, çox gözəl idi.
- Maraqlıdır, qadının şair olmasına münasibətiniz necədir? Qadından şair olar?
- Bir dəfə televiziyada dünya ədəbiyyatının qadın şairələrindən söhbət gedirdi. Mən orda çıxışımda dedim ki, şeir yazmaq ruhunu ortaya qoymaqdı. Qadın sirdi başdan-ayağa. Qadın şeir yazmağa başladısa, sirr olmaqdan çıxır artıq. Sirli olmayan qadınsa kişi üçün heç də yaxşı tərəf müqabil deyil.
- Bu gün yazıb-yaradan qadınların yaradıcılığı haqqında fikriniz nədir?
- Bu gün də istedadlı qadınlarımız ola bilsin, çoxdur və danışdıqlarım onlara aid deyil. Amma bilmirəm, onlar doğurdanmı gələcəkdə şair olacaqlar, ya yox. Bu gün istedadına hörmət elədiyim bir neçə şairə tanıyıram: Səhər Əhməd, Hədiyyə Şəfaət, Rəsmiyyə Sabir...
- Rüstəm müəllim, danışanda ağzınızdan od tökülür. Bilmək istəyirəm, sizin içinizdə danışdığınız sözlərə nəzarət mexanizmi varmı?
- Yoxdur. Bu, mənim özümdən asılı deyil. Həmişə belə olmuşam. Əvvəllər düşünürdüm ki, yaşım ötdkcə düzələcəm, amma baxıram necə varamsa, eləyəm.
- Bayaqdan danışırıq, söhbət ancaq qadından gedir.
- Mənə qadınlar yox, sevdiyim qadın maraqlıdır. Ümumiyyətlə, dünyada üç şey mənim üçün maraqlıdır.
- Birincisi...
- Şeir yazmaq...
- İkincisi...
- Qadın...
- Bəs üçüncü?
- Balıq tutmaq...
- Məncə, üçüncü daha maraqlıdır.
- Ona görə mən balıq tutanda qadınları da, şeir yazmağı da unuduram.
- Gənclik illərinizi tez-tez xatırlayırsınız? Yoxsa heç yadınıza düşümür.
- Mənim cavanlığım olduqca ağır keçib. Ailədə doqquz uşaq olmuşuq və uşaqlığımız kasıbçılıqla keçib. Camaat tətildə olanda mən qardaşımla 10 yaşımdan çöldə işləmişəm. Məktəb ləvazimatlarımızın hamısını öz qazandığımız pulla alırdıq. Sonra kənddən Bakıya gəldim və gecələr “Yazıçı” nəşriyyatında qarovulçu işləmişəm, gündüzlər də Azər kitab evinə kitab aparırdım. Atam ədəbiyyat müəllimi idi. Cəmi 140 manat maaş alırdı. Bunlara baxmayaraq, atam uşaqlarının hamısına ali təhsil verdi. Qardaşlarımın çoxu Rusiyada təhsil alıb. Cavanlığım haqqında nə deyə bilərəm? Rahat bir günüm olmayıb.
- Bəs indi necə, rahatsınız?
- Əvvəl düşünürdüm ki, ətrafım böyüdükcə, imkanlarım artdıqca problemlər azalacaq. Sən demə, daha çox problem yaranırmış. Böyük insanların böyük problemləri olur. Bu gün mən təyyarədən düşüb birbaşa sənlə görüşməyə gəldim. Yolda üç telefon zəngi aldım. Hamısı istəyir ki, onlara kömək edim. Etiraz eləyə bilmirəm. İstəyirəm gücün çatan qədər kiminsə əlindən tutum. Halbuki, mənim elə bir yaşımdır ki, istirahət etməliyəm.
- Hərdən sizin haqqınızda deyirlər ki, Rüstəm Behrudi hərdəmxəyal adamdır.
- Hərdəmxəyal ifadəsinin müxtəlif anlamı var. Hansı mənada deyirsən?
- Məsələn, verdiyi sözləri yadından çıxaran.
- Onu deyən adam qələt edir. Kim belə düşünürsə, o adamın başı xarabdır. Elə bir axmaq tap gətir ki, mən ona söz vermişəm və əməl etməmişəm. Mən hətta ən axırıncı adama belə söz versəm, sözümə əməl edərəm. Ola bilər, bəzi alkaşlara yemək-içmək sözü vermişəm, sonra başımdan eləmişəm. Bax, onlar həmin sözü deyə bilərlər. Heç bir istedadlı adama söz verib, sonra da sözümdən qaçmamışam. Mən heç kimə borclu deyiləm, söz deyirəmsə, ürəkdən də yerinə yetirirəm. Sadəcə, mənim yanlışım ondan ibarətdir ki, adamları çox yaxınıma buraxıram və sonra bu əməlimin ağrısını çəkirəm.
- Bayaq dediniz ki, uşaqlığım çox ağır keçib. O zamanlar şeir yazırdınız?
- Təbii ki, yazırdım. Mənim ilk şeirim 17 yaşımda çap olunub.
- Bizim bir çox şair və yazıçılar tez-tez deyirlər, mənim ədəbiyyata gəlməyimdə filankəslərin, filankəslərin rolu olub. Yəqin sizdə də belədi.
- Mənim yaradıcılığa gəlməyimdə heç kimin rolu olmayıb. Məgər ədəbiyyata gəlmək üçün kiminsə rolu lazımdır?
- Yazılarınızı çap etmək-filan.
- Çap etdirmək sonrakı işdir. Ədəbiyyata gəlmək şeir yazmaqdan başlayır. Yaza bilirsənsə, artıq ədəbiyyatdasan. Sənə kim kömək etdi, kim çap etdi kimi şeylər ədəbiyyatın predmeti ola bilməz, başa düşürsən? Kim danışırsa, boş-boş danışır.
- Əvvəllər Ramiz Rövşən, Vaqif Bayatlı və Rüstəm Behrudi. Bu üç adam adı həmişə bir yerdə hallanırdı... Vəziyyət indi necədir?
- Hər kəsin ədəbiyyat haqqında öz düşüncəsi olur. Məsələn, mən təpədən dırnağa qədər, iliyimə qədər millətçiyəm. Təbii ki, bizim fərqli cəhətlərimiz də var.
- Ramiz Rövşənlə?
- Ramiz mənim çox sevdiyim şair və dostumdur. Ədəbiyyatda da, bir insan kimi də olduqca maraqlı adamdır. Amma biz dostuq deyə də eyni zümrədən, eyni ruhdan ola bilmərik. Biz doğma olduğumuz qədər də fərqli adamlarıq. Yadıma gəlir, 1984-cü ildə indiki gəncliyin gah baş əydiyi, gah da söydüyü şairlər vardı, mənim Türk dünyasında məşhur olan “Boz qurd” adlı şeirimə irad bildirdilər ki, adam da qurda şeir yazar? Üstündən 10 il keçdi, inqilab, hərakatlar başlayanda mənə irad bildirən xalq şairləri boz qurd haqqında şeir yazmağa başladılar. Halbuki, o şeirlərin heç biri oxunmadı, sevilmədi, hamısı yaddan çıxdı. Amma mənim şeirimi indi millətçilər marş kimi oxuyurlar. Çünki mən içimdən nə gəlir, onu da yazıram.
- Bildiyimə görə, əvvəllər yaman içirsinizmiş.
- Hərdən zarafatla deyirəm ki, Bakının arağını 25 faizini vaxtı ilə təkbaşına mən içmişəm. Rəhmətlik Elçibəylə tez-tez içirdik, dostlarla da çox içmişik. Maraqlı günlər idi.
- Deyəsən, indi içmirsiniz...
-İndi yaş keçib deyə daha içə bilmirəm, pis təsir edir. Amma içənlərdən də uzaq deyiləm. İçməməyim dinə görə deyil. Bir şeyi deyim ki, mən heç İslam dinini din olaraq önəmsəyən, qəbul edən adam deyiləm. Hətta mənim şamanlara aid üç kitabım Türkiyədə çap olunub. Yəni möminəm deyə içməkdən uzaqlaşmamışam.
- Bizdə elə adamlar var, şeir onu ağ günüə çıxarıb, eləsi də var, şeir onu bədbəx eləyib. Siz hansındansınız?
- Şeir mənim həyatımı xilas edib, həyatda nə qazanmışamsa, hamısını şeirlə qazanmışam. Mən kitablarımdan nəşriyyatdan xeyli miqdarda pul almışam və bu mənim həyatıma böyük kömək olub. Əvvəllər “Şaman duası” kitabıma görə bir günün içində bir maşının pulunu qazanmışdım. Hətta sevdiyim qadını da şeirlə qazanmışam. Şeir yazmasaydım, o qadın heç mənə baxmazdı. Qadınların içində kişilərdə olmayan bir qeyri-adilik var. Mən həmişə demişəm ki, kişilərin həytı boyu qazandıqlarını qadınlar doğuluşdan bilirdilər. Biz həyatımız boyu təcrübə qazanırıq, amma qadınlar onu əvvəldən bilirlər. Ona görə də onların incəsənətə marağı böyükdür. İstənilən bir qadın, şeirin, incəsənətin qarşısında heç nədir, özünü itirir. Bunu şəxsi təcrübəmdən deyirəm.
- Heç ürəyinizdən xalq şairi olmaq keçib?
- Yox, heç vaxt keçməyib. Amma bu fəxri ad pul olsaydı, mütləq alardım.
- Pul sizə ən çox nə üçün lazımdı?
- Doğmaları, sevdiklərimi xoşbəxt eləmək üçün.Yadıma gəlir ki, “Salam, dar ağac”ına aldığım qonararı bir gündə sevdiyim adamlara paylamışdım. Yəni, kitablardan gələn qonorarlara görə bəlkə də, müəyyən vaxtlarda pulum olub, amma mənim heç vaxt çoxlu pulum olmayıb.
- Bəs niyə hamı sizi niyə pullu bilir?
- Bilmirəm. Görünür, o da mənim düşmənlərimin adamlarda yaratdığı fikirdən irəli gəlir. Maraqlı bir misal deyim. Hamının tanıdığı bir şair var, hansı ki, mən də onu şair kimi qəbul etmişdim. Yaxınlarda ad günü oldu. Restoran xərcləri də mən çəkdim. Təsəvvür elə, həmin məclisdə qalxıb mənə dedi ki, siz - Ramiz Rövşən və Vaqif Cəbrayılzadə və Rüstəm Behrudi - nə vaxt öləcəksiniz? Dedim, niyə belə danışırsan? Açıq-aşkar dedi ki, siz nə qədər sağsınız, bizim adımızı çəkməyəcəklər. Sualın yadımdan çıxdı, nə soruşdun?
- Soruşdum ki, hamı sizi niyə pullu bilir?
- Hə... Yadıma düşmüşkən, bir şeyi də deyim. Qan Turalıya müsahibə vermişdim. Həmin müsahibədən sonra o, gedib yazmışdı ki, Rüstəm Behrudi belə pulludur, elə pulludur...
- Deyəsən, maşınızın necə bahalı olmasından da yazmışdı.
- Hə, elə o yazını deyirəm.Təbii, Nəsiminin dövrü deyil ki, mən ata minib gəzim. Bu gün sıradan bir alverçinin, dələduzun da maşını var, niyə Rüstəm Behrudinin maşını ola bilməz? Baxanda hamının maşını var. Hafiz Hacıyev də haqqımda demişdi ki, Rüstəm Behrudi olduqca böyük sərvət toplayıb.
- Siyasətçi Hafiz Hacıyevi deyirsiniz?
- Hə, guya siyasətçidir.
- Pulunuz yoxdursa, bəs niyə adınız belə çıxıb? Məsələ bundadır. Od yanmayan yerdən niyə tüstü çıxsın ki?
- Kəramət, sən mənim dostumsan. Özü də mən heç kimə müsahibə vermirdim. Sən mənə zəng elədin, böyük məmnuniyyətlə qəbul elədim.
- Təşəkkür edirəm.
- Yəni demək istəyirəm ki, inan səmimiyyətimə, mənim haqqımda o cür şeyləri yayan adamların hamısı istedadsız adamlardı. Rüstəmin belə pulu var, elə pulu var. Boş-boş söhbətlərdir. Mən milyoçu-zad deyiləm. Sadəcə, hamı kimi normal dolanıram, vəssalam. Və indiyə qədər heç kim bir şair kimi mənim təbliğatımla məşğul olmayıb. Amma Ramiz Rövşənin də, rəhmətlik Vaqif Səmədoğlunun da təbliğatını aparanlar çox olub. Halbuki, elə mən də ən azı onlar qədər məşhur bir şairəm. Ona görə də haqqımda bu cür fikir yaradırlar ki, Rüstəm Behrudi bizneslə məşğuldur. Hamısı paxıllıqdan irəli gələn bir şeydir. Bir dəfə Aqşin Yenisey haqqımda yazmışdı.
- Taxta-şalban söhbətini deyirsiniz?
- Ay sağ ol, hə, onu deyirəm. Aqşin anlamır ki, mən ömrümdə taxta-şalban alveri ilə məşğul olmaram. Lap məşğul olsam belə heç nə dəyişmir, kim mənə nə deyə bilər ki? Məşhur fransız şairi Artur Rembo silah alveri ilə məşğul olub. Belə çıxır ki, onda gərək Artur şeir yazmayaydı? Özü də Artur konkret silah satıb, mən alverçiliklə məşğul olmamışam. Mənim ticarətdən başım çıxmır. Bunu yazanlar məni hörmətdən salmaq istəyirlər. Amma bu, Rüstəm Behrudini hörmətdən salmaq üçün yaxşı üsul deyil.
- Müəllim, bu söhbətlər doğrudan, sizi əsəbiləşdirir?
- Əlbəttə, əsəbləşirəm.
- Niyə? Burda nə var ki?
- Çünki bu mövzuda mənə tez-tez suallar verirlər. Artıq bezmişəm. Bəzən mənim müsahibə verdiyim məkanı belə dəyişdirib yazırlar. Düzü, əvvəllər daha çox əsəbləşirdim. İndi bu söhbətlərin başını buraxmışam.
- Müəllim, heç qumar oynamısınız?
- Qumar oynamaq mənim çox sevdiyim ziyanlı vərdişlərimdən biridir. Cavanlıqda çox oynamışam. Amma təbii, həddi keçmirəm, böyük məbləğlər oynamamışam.
- Daha çox udmusunuz, yoxsa uduzmusunuz?
- Həm udmuşam, həm də uduzmuşam. Bir dəfə Vyetnamda görmək üçün getdiyim bina ilə üzbəüz kazino vardı. Qumar oynamaq üçün kazinoya girdim, bir də baxdım ki, adamların əlindən yerimdən tərpənə bilmirəm. Sən demə, 300 dollar pul udmuşammış. Sonra bildim ki, bu məbləğ bir vyetnamlının bir neçə illik məvacibi imiş.
- Bir dəfə mənə söhbət etmişdiniz, qumarda uduzub Ellçibəydən pul almısınız.
- Hə, olmuşdu belə bir şey. Uduzub Elçibəydən 500 dollor almışdım. Onda Türkiyədə idi. Əkrəm Əylislinin, Ramiz Rövşənin də pulunu alıb qumarda uduzmuşam.
- Elçibəy pulu nəyə görə aldığınızı soruşdu?
- Yox, soruşmadı. Çünki pul onun üçün önəmli bir şey deyildi. Turqut Özalla oturmuşdu. Onun köməkçilərinin də hamısı mənim dərs dediyim uşaqlar idi. Dost idik Elçibəylə. Onu 17 yaşımdan tanıyırdım. Mübahisələrimiz olub, amma heç vaxt bir-birimizdən inciməmişik. Hətta bəy demişdi ki, mənim yer üzündə bir nəfər təmənnasız dostum var, o da Rüstəm Behrudidir. Təklif etdiyi bütün vəzifələrdən imtina etmişdim.
- Maraqlıdır, nəyə görə heç bir vəzifə təklifini qəbul etmədiniz?
- Çünki insan azadlığından önəmli və gözəl heç nə yoxdur. Vəzifə də azadlığı məhdudlaşdırır. Təbii, istəsəydim, nazir də ola bilərdim. Amma hər bir şairin içində bir eqo var. Şair kiminsə əlinin altında işləmək istəmir.
- Bəylə xatirələriniz mənə çox maraqlı gəlir. Hər dəfə görüşəndə bəydən çox danışırsınız. Bir dəfə də Elçibəy təyyarədə sizi gözləyirmiş. Ramiz Rövşən, Əkrəm Əylisli və siz də araq içirsinizmiş.
- Hə, yadıma gəlir. Türküyəyə gedirdik. Səhər Əkrəm Əylisli, mən və Ramiz Rövşənə dedilər ki, Elçibəy sizi gözləyir. Gəldik, görüşdük, sonra uçuşun vaxtı dəyişdi. Biz gözləməli olduq. Çoxdandır görüşmədiyim Mehman Cavadoğlu da orda idi. O bizə dedi, gəlin, üç böyük ədəbiyyat adamı, sizə qonaqlıq verim. Getdik oturduq. Sən demə, təyyarənin uçuş vaxtını dəyişiblərmiş. Elə qonaqlıqda saata baxdım ki, artıq təyyarə uçub. Baxdıq ki, Əkrəm müəllim yoxdur, eşidib təyyarə qalxır, gedib oturub təyyarədə, bizə də deməyib. Bəy hərəmizə protokolla 90 dollor pul vermişdi. O vaxt üçün ciddi pul idi. Mən Ramizə dedim ki, təyyarə artıq uçub, çıxıb gedək. Ramiz də dedi ki, 90 manatımız var, Türkiyədə nə işimiz var. Amma Elçibəyə hörmətsizlik olar deyə qərarlaşdırdıq ki, təyyarənin yanına gedək. Gedib gördük, təyyarə gözləyir. Elçibəy də, sən demə, tapşırıbmış ki, bizi axtarsınlar. Ramiz Rövşən yaşca məndən böyük idi. Dedim, get bəydən üzr istə. Mənə dedi, sən cavansan, sən get üzr istə. Getdim üzr istədim.
- Bəs Elçibəy nə dedi? Üzr qəbul olundu?
- Təyyarə qalxandan sonra bəyə yaxınlaşdım. Yanında adamlar vardı. Əyilib qulağına üzrxahlıq elədim. Elçibəy dedi, qulağıma dediyin sözləri ucadan söylə hamı eşitsin. Mən də bir az əsəbləşdim, çünki onun yaında oturan bəzi adamlar məni sevmirdilər. Onların yanında ikinci dəfə Elçibəydən üzr istəyə bilməzdim. Hazırlaşırdım deyəm ki, istəyirsiz biz düşək gedək. Elçibəy gördü ki, mən əsəbiləşmişəm, dedi, ikiniz də gedin oturun, kef eliyin. Bu təyyarədə sizdən böyük adam yoxdur.
- Yeri gəlmişkən, bir neçə dəfə də yazdığınız yazıya görə Bakı camaatından üzr istəmisiniz.
- Deməli, Bakı haqqında bir şeir yazmışdım, həmin şeirin başlığına nəsrlə yazdığım epiqraf səhv anlaşılmışdı. Bədii yazı idi və orda fahişə qadın sözü işlətmişdim. Bakıya sevgimi bu cür izah etmişdim, yəni ilahi eşqdən daha dəhşətli sevgi kimi göstərmişdim. Sonra Bakı kəndlərində kompaniya-filan başladı ki, Rüstəm Naxçıvanlıdır, bizi təhqir edir. Bütün bunların dəstəkçisi də ANS oldu.
- ANS-in sizinlə nə problemi var ki?
- Heç bir problemi yoxdur. Mirşahin mənim işçim olub, Vahid Mustafayev isə kabinetimə heç vaxt qapını döyməmiş girməyib.
- Bəs Bakı ilə bağlı yazınızın söz-söhbətinin axırı necə oldu? Üzr istəyəndən sonra məsələ qurtardı?
- Mən ədəbiyyat adamıyam, qalmaqal adamı deyiləm, neçə illərdir heç Yazıçılar İttifaqına getmirəm ki, birdən kiminləsə sözüm çəp gələr, problem olar. Mirşahin mənə zəng edib efirə çıxmağı təklif etdi və mən birbaşa xəbərlər proqramına çıxdım. Dedim ki, siz məni düzgün başa düşməmisiniz və sizdən üzr istəyirəm. Vəssalam. Ondan sonra məndən əl çəkdilər.
- Yazıçılar Birliyinin üzvüsünüz?
- Bilmirəm. Çıxarmayıblarsa, üzvüyəm.
- Niyə çıxarsınlar ki?
- Bilmirəm. Özləri bilərlər, Yazıçılar İttifaqı mənim üçün maraqlı yer deyil.
- Amma bildiyimə görə, Anarla münasibətləriniz yaxşıdır.
- Salam-sağolumuz var. Anar mənim üçün hörmətli bir adamdır. Kim onun haqqında nə fikirləşir, özü bilər.
- Zəngin həyat yolu keçmisiniz, xatirələriniz çox maraqlıdır. Bir dəfə də Ahmed Kaya ilə mübahisənizdən danışırdınız.
- Hə, 80-ci illərdə Ahmed Kaya ilə də bir məclisdə mübahisəmiz düşdü. Milli məsələ ilə bağlı idi. Sonra yoluna qoyduq, getdi.
- Maraqlıdır, Elçibəyin hörməti, sevgisi, prezidentlə yaxın dostluq münasibətləriniz sizi cəmiyyətdə şairdən çox, avtoritet kimi davranmağa həvəsləndirmirdi ki?
- Qəşəm müəllim məni tanıyır, yaxın dost olmuşuq, ondan soruşa bilərsən. Mən Elçibəyin dövründə işsiz qaldım, heç bir yerdə işləmədim. Halbuki, buna imkan və şərait vardı. Hətta mən onun üstündə işdən çıxdım. Sənin dediyin kimi hərəkətlərim heç vaxt olmayıb. Və Azərbaycanda heç bir adam deyə bilməz ki, Rüstəm Behrudi məndən nəsə istəyib.
- Amma sizdən istəyənlər çox olub, elə?
- Olsun. İstəyənə kömək etmişəm. Sən Aqşindən soruş gör niyə yazır ki, Rüstəm taxta-şalban satır? Yenə o söhbətə qayıdıram. Taxta-şalban satsaydım, çoxlu pulum olardı. Yaxud da, taxta-şalban satmaq adam satmaqdan pisdirmi? Əvvəla, satmır. Amma lap satıram. Taxta-şalban satıram, adam satmıram ki...
- Hə, vallah...
- Bilirsən ki, Əkrəm Əylisliyə cəmiyyətin münasibəti birmənalı deyil. Hətta Əkrəm müəllimi tanıdığı halda, şəxsi münasibətləri olduğu halda iqtidara yaranmaqdan ötrü onu pisləyənlər çoxdur. Amma mən heç vaxt dostlarımı satmamışam. Bir dəfə Əkrəm müəllimlə oturub yemək yeyirdik, Şahbaz Xuduoğlu da yanımızda idi, bizim şəklimizi çəkdi. O şəkli “Facebook”a qoydum, adamlar az qala məni öldürmək istəyirdilər. Ki, sən belə xəyanətkarla niyə şəkil şəkdirmisən? Hətta bir qadın da rəy yazmışdı ki, biz bu şəklə tüpürürük və o tüpürcək sənə də sıçrayır. Görün, insanlar nə günə qalıblar.
- O qadına cavab yazdınız?
- Yenə deyirəm, mən dostlarımı heç vaxt satmıram. Əkrəm müəllimlə məni rəhmətlik Elçibəy tanış edib. Qadına da bu məzmunda cavab verdim.
- Eşitmişəm İsa Həbibbəyli sizin haqqınızda kitab yazır...
- O kitab deyil, məqalədir. Əvvəla, İsa Həbibbəyli müəllimim olduğu üçün də fikirləri olduqca maraqlıdır. Çünki tələbəsi haqqında müəlliminin yazdığı başqalarının yazısından qat-qat qiymətlidir. İkincisi, o, həm də böyük ədəbiyyat tənqidçisidir, böyük fikir, düşüncə adamıdır. Müəllimim olduğu üçün demirəm, ürəkdən deyirəm.
- Harda müəlliminiz olub?
- Mən Naxçıvan Dövlət Universitetini bitirmişəm. İsa Həbibbəyli universitetdə ilk dərsini bizə deyib. Mühazirələrinə heyranlıqla qulaq asırdım, hətta birinci mühazirəsi əzbər ağlımdadır. Mənim haqqımda yazılan yazılardan ibarət kitab hazırlanır. O kitabda birinci İsa müəllimin yazısı gedir. Digər adamların da yazdıqları var. Məsələn, Kamal Abdullanın, Ramiz Rövşənin yazları daha çox tərifdir, yəni dost yazısıdır, amma İsa müəllim məni təhlil eləyib.
Kəramət Böyükçöl