Teleqraf.com Azad Yaşarla müsahibəni təqdim edir.
- Azad müəllim, peşəkar tərcüməçisiniz, amma sizi o qədər də tanımırıq...
- 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Amma Əli Bayramlıda (Şirvanda) böyümüşəm və orada orta məktəbi bitirmişəm. İlk şeirimi dördüncü sinifdə oxuyanda yazmışam. Məktəbdə əlaçı idim, ancaq yaxşı əl qabilyyətimə görə “məktəbin rəssamı” kimi tanınırdım. Əvvəl rəssam, sonra şair və ya türkoloq olmaq arzusuna düşdüm. Ədəbiyyat müəllimi olan məktəb direktorumuz bir gün mənə məsləhət gördü ki, dəqiq elmləri yaxşı bilirsən, gözəl rəsm çəkirsən, səndən yaxşı memar olar. Mən də oldum. Dəfələrlə sərgilərdə iştirak etmişdim, “Artek” pioner düşərgəsinə pulsuz istirahətə göndərilmişdim.
- Ali təhsil...
- 1978-ci ildə yüksək balla Memarlıq fakültəsinə daxil oldum. Tələbəlik illərində ilk şeirlərimi və karikaturalarımı jurnalist dostum Nəcəf Nəcəfov (sonradan - milli-demokratik mətbuatımızın banisi) o vaxt çalışdığı “İnşaatçı” qəzetində çap etdirdi. İnstitutu bitirəndən sonra təyinatımı Əli Bayramlıya aldım, çünki o şəhərdə yetişən gənclərdən ilk memar diplomu alan... mən idim. Qısa müddət işləyib, əsgərliyə getdim. Təkrar döndüyüm Əli Bayramlıdakı təşkilatlarda memar, şəhərin baş memarı və baş rəssamı, zavodda dizayn qrupunun rəhbəri vəzifələrində çalışdım. Əli Bayramlı da daxil, ölkəmizin bir çox bölgələrində mənim layihələrimlə tikilən obyektlər var. Əlbəttə, o vaxtlar tikinti işləri indiki qədər irimiqyaslı və sürətli deyildi.
- Heç ədəbiyyatda indiki kimi irimiqyaslı və sürətli deyildi, eləmi?
- Paralel olaraq, ədəbiyyatla da məşğul olur, şeirlər yazır, tərcümələr edir, məqalələr hazırlayırdım. Təbii, o vaxt indiki kimi azad mətbuat, internet-filan, dünyaya sərbəst çıxış yox idi.
- Bəs sonra necə oldu? Memarlıq qaldı, yoxsa davam elədiniz?
- 1988-ci ildə şəhər qəzetində jurnalist işləyən Rasim Qaraca ilə tanış oldum. Ədəbiyyat, sənət barədə baxışlarımızı, yazdıqlarımızı qarşılıqlı paylaşdıq. Qərara gəldik ki, ədəbiyyata öz yolumuzla, iradəmizlə gələk, rəsmi qurumlardan izn, tanınmışlardan “uğurlu yol” yazısı dilənməyək, bu seçimin özü ədəbiyyatı yeniləşdirmək yolunda ilk addımımız olsun. Sonradan İsmayıl Bayramoğlu da bizə qoşuldu, “Baca” ədəbi qrupunu yaratdıq, öz manifestimizi yazdıq, mən qrup üçün avanqard üslubda loqo çəkdim, şeirlərimiz və ədəbi məramımız Vaqif Bayatlının baş redaktoru olduğu “Xəzər” jurnalında çap olundu. Öz imkanlarımızla “Yaşıl söz” divar qəzeti buraxdıq, onu Yazıçılar İttifaqının girişində asdıq.
- Maraqlıdır, niyə o zamanlar Rasim bəylə birgə ədəbiyyatda yenilik və çevriliş barədə arzularınızdan danışanda üzünüzə şux bir təbəssüm qondu?
- Həmin arzular cavanlıq enerjimiz və yenilik istəyimizlə bağlı idi. Gənclərin mövcud durumla barışmaması - normal haldır, anlaşılandır. Özündən sonra bir iz buraxmaq, durğunluğa son qoymaq, yeniliyə can atmaq, ən azından daim bu barədə düşünmək, fərqli məzmuna və formaya malik əsərlər, yeni axın yaratmaq gəncliyin borcudur. Biz də onda məhz ruhumuzun diqtəsiylə hərəkət edirdik.
- Yenilik arzusu, sizcə, sadəlövhlükdən irəli gəlmirdi?
- Yox. Şərq mühitində, aydın məsələdir ki, yüz faizlik uğura nail olmaq çətindir. Həm də biz yaşadığımız müstəqillik dövründə, ən azından ədəbiyyata yanaşmanı dəyişməyə niyyətliydik. Mən bu gün də eyni istəklə yaşayıram və başladığımız işi davam etdirmək üçün yetərincə enerjim var.
- “Baca” qrupunda adını çəkdiyiniz İsmayıl Bayramoğlu kimdir? Heç tanımıram.
- O, hazırda Moskvada elmi fəaliyyətlə məşğuldur, elmlər doktorudur.
- Rusiyada işləyəndə şeirlər yazmağa davam elədiniz?
- Gəlin, tarixi ardıcıllığı qoruyaq. Sonra SSRİ dağıldı, aləm dəydi bir-birinə. Tələbəlik dostum Rusiyada inşaat işləri görən bir türk firmasında işə girdi, məni də ora dəvət elədi. Orada əvvəlcə memar, sonra müdir müavini vəzifələrində çalışdım. Həmin 8 ildə ailəmlə birgə qonşu ölkədə yaşadım, rus və türk dillərini daha yaxşı öyrənmək imkanı qazandım, sözlüklər yazmağa başladım. İndi söz düşəndə, həmin dövrü fəxrlə “ikinci universitetim” adlandırıram. O ara Rusiya və Türkiyə ədəbiyyatlarında yenilənmə prosesləri sürətlənmişdi, postmodernizm, konseptualizm və avanqardizm özünü bütün cəhətləriylə göstərməkdəydi. Mən də həm onları izləyir, həm şeirlər yazır, qürbətdə olmama rəğmən, dünya ədəbiyyatından ana dilimizə çevirilər edirdim.
- Bəs Rasim bəy hara getdi?
- Bir müddət sonra Rasimin də çalışdığım şirkətdə işə girməsinə yardım elədim, başqa şəhərlərdə işlədiyimiz dövrdə onunla tez-tez məktublaşır, yazdıqlarımızı, öyrəndiyimiz yenilikləri paylaşırdıq. Övladlarım orada məktəbə getdilər. Sonra Bakıya qayıtdıq və mən başladım iş axtarmağa. İş isə yox idi. Xaricdən müsbət CV ilə, iş təcrübəsiylə dönən biri olsam da, il yarım işsiz qaldım. Vaxt isə gedirdi, fikirləşdim ki, nəyinsə və ya kimlərinsə verdiyi vədlərlə yaşamaqdansa, öz ümidimə qalım. Ona görə 27 il boyu yazdığım şeirləri topladım, “Hamı və Heç kim” adlı ilk şeirlər və rəsmlər kitabımı çapa hazırladım, kitaba eyni zamanda 60-a qədər rəsmimi saldım. Kitab yetərincə orijinal olduğundan maraqla qarşılandı və yaxşı da satıldı.
- Maraqlıdı, siz də o fikirlə razısınız ki, yaxşı tərcüməçi əsərin ikinci müəllifi hesab olunur?
- Hə. Əslində tərcümə - öz məğzi etibarıylə dünyanın ən postmodernist sənətidir. Postmodernizm isə, kəsə desək, hansısa məlum bir həqiqətin, mətnin, mövzunun tamamilə fərqli, indiyədək məlum olmayan şəkildə təqdimatıdır. Tərcümədə də sən seçdiyin mətni hansısa bir fərqli mədəni mühitə calaq edirsən, qazandırırsan, öz dilində onu təzədən canlandırırsan, təkrar yaradırsan. Yəni ona yenidən həyat verirsən. Bu missiya isə sənin nə qədər uğurlu tərcümə etməyindən asılıdır.
- Siz rus və türk dillərindən tərcümələr edirsiniz, eləmi?
- Mən orta məktəbdə oxuyandan bəri rus dilindən tərcümələr edirəm. Sonradan türk dilini öyrəndim. Türk firmasında işləyəndə inşaat və hüquqi terminlərlə dolu kontraktlar hazırlanırdı. Mən orada kadrlarla iş və sənədlərin tərcüməsindən cavabdeh müdir müavini idim. Kontraktların məbləği 60-150 milyon dollar arasında dəyişirdi. Kiçik bir səhvə, yanlış tərcüməyə görə cəzalar tətbiq oluna bilərdi. Yəni sözlərin ardında milyon dollarlar dururdu. Kontraktları tərcümə edə-edə, öz tərcüməçilik istedadımı daha da cilaladım.
- “Sözlərin ardında milyonlar dururdu...” Nə gözəl ifadədir!
- Bəli... Yəni qəpiklər deyildi. İlk şeirim çap olunanda aldığım qonorarda isə bir sözə cəmisi... 3 qəpik dəyər biçilmişdi.
- Tərcümə ilə bağlı söhbətə qayıdaq...
- Hə... Tərcümə - dəqiqlik, dərin dünyagörüşü tələb edən sənətdir. Hər iki dili yüksək səviyyədə bilmək vacibdir. Dilin ən fərqli qatlarına aşina olmaqdan ötrü tərcüməçi bəzən illərlə həmin xalqın içində yaşamalıdır, elmi, bədii üslubdan ta jarqona qədər bütün üslublardan agah olmalıdır. Yəni hər iki xalqın düşüncə tərzini, kinayə və yumor dilini, folklorunu, keçmişini öyrənməlidir. Bizdə isə düşünürlər ki, əgər kimsə rus və ya ərəb dili fakültəsini birtəhər bitiribsə, həmin dillərdən maneəsiz tərcümə edə bilər. Uzaqbaşı sözlüklərə baxar. Ancaq məsələ heç də belə deyil.
- Bizdə tərcümə sahəsində təbii ki, problemlər çoxdur. Amma istəyirəm ən əsas və daha vacib oməsələdən danışasınız. Bu sahədə bizim əsas dərdimiz nədir?
- Problemimizin biri odur ki, birbaşa fransız, ingilis, fars dilindən bədii mətn tərcümə edəcək mütəxəssislər bizdə hələ də barmaqla sayılacaq qədər azdır. Bu da ona görədir ki, yaxşı tərcüməçinin əməyinə qiymət verilmir. Dilləri bilən, məsələn, elə mənim kimi bir adam, gedib neft şirkətində ingilis dilindən tərcüməçi işləyir və çox yüksək maaş aldığından cüzi qonorarlara gözünü dikmir. Bir başqa problem isə odur ki, bizdə tərcüməçi əməyi üçün dəqiq qiymət cədvəli yoxdur. ABŞ-da isə hər ştatın öz tərcüməçilər gildiyası və həmkarlar təşkilatı var, onlar öz xidmətləri üçün konkret qiymətlər qoyur və buna uyğun fəaliyyət göstərirlər. Bizdə isə, həvəskar tərcüməçilər bir kitab səhifəsi və ya A4 səhifə üçün 2 manat alanda sevincdən uçurlar. Halbuki tərcümə sənətinə ömrünü həsr edən peşəkarlar heç vaxt buna razı olmazlar.
- Niyə?
- Çünki onlar öz əməklərinə qiymət qoyurlar və bu qiyməti təxminən də olsa, bilirlər. “Ehtiyac qul eylər qəhrəmanı da” (S.Vurğun) şərti isə... xüsusi haldır.
- Tərcümənin pulu səhifə, yoxsa işarə sayına görə hesablanır?
- Həm səhifə, həm də işarə sayına görə razılaşma mümkündür.
- Yaxşı tərcümənin normal qiyməti neçə olmalıdır ki?
- Burada janrlararası fərq də nəzərə alınır. Şeirin tərcümə haqqı nəsrinkindən fərqlidir.
- Konkret nəsrin qiymətindən söhbət gedir.
- Nəsrdən nəsrə də, müəllifdən müəllifə də fərq var. Absurd, fantastik əsərlərin tərcüməsində bizim dilimizdə olmayan terminləri tərcüməçi özündən uydurmalıdır. Nəsr və publisistika tərcüməsi üçün 2000 işarə üçün 10-12 manat uyğundur. Şəxsən mən mətni elə təhvil verirəm ki, onun ciddi redaktə və korrektəsinə gərək qalmır, qiymət də ona görə yüksəlir. Qiymətləndirmədə ən önəmli məqamlardan biri - mətnin tərcüməçi, yoxsa sifarişçi tərəfindən seçilməsi faktıdır, çünki tərcüməçinin seçiminə daha az vəsait ödəyirlər. Əsəri sifarişçi seçəndə isə sən istər-istəməz bu tərcüməyə, müəllifə köklənməyə məcbursan və qiymət təyinində dominantlıq səndə olur. Daha bir məqam da əsərin qəlizliyi ilə bağlıdır. Üçüncü məqam - tərcümə üçün ayrılan vaxtla, müddətlə əlaqəlidir: zamanın darlığı qiyməti mütləq artırır. Bu üç məqam tərcümə işinin dəyərləndirilməsində həlledicidir.
- Bizdə tərcüməçilərin çoxu ya şairdir, ya yazıçıdır. Kimsə müəyyən səviyyədə başqa bir dili bilir və dolanmaq üçün tərcüməçiliyə girişməyi son çarə sayır. Sonra da həmin tərcümənin havasına girib, öz əsərlərini yazır. Öyrənmək istərdim ki, bizdə sırf tərcüməçilik üzrə ixtisaslaşan adamlar varmı? Kimlərdir?
- Məsələn, mərhum tərcüməçilərimiz Zeydulla Ağayev və Tehran Vəliyev amerikan ədəbiyyatı üzrə (Heyli, Folkner, Sellincer və sair) üzrə ixtisaslaşmışdılar. Digər usta çevirmənimiz Vilayət Hacıyev isə almandilli ədəbiyyat üzrə nüfuzlu mütəxəssis sayılır.
- Tərcümə sənətinin fərqli növləri də var...
- Bəli. Tərcüməşünaslıq – ayrıca bir elmdir, bu sənətin incəliklərini araşdırır. Tərcümənin növləri də çoxdur: yazılı, şifahi, hərfi, filoloji, sinxron... Xarici şirkətdə işləyəndə mən sinxron tərcümə sahəsində də böyük təcrübə toplamışam. Belədə qarşılaşdığın ən müxtəlif mövzulardakı söhbəti başqa bir dilə çevirirsən və durub deyə bilməzsən ki, qüsura baxmayın, mən bu sahəni bilmirəm. Elmi, iqtisadi, siyasi, texniki söhbətlərdən tutmuş folklora, atmacalara, şux lətifələrə qədər. Elə buna görə də sinxron tərcümə - ən çətin tərcümə sahəsidir, çünki qarşı tərəfin dediklərini həm Google axtarış sistemi kimi ən qısa müddətdə, həm də dəqiq tərcümə etməlisən. Dünyada sinxron tərcümənin bir saatının qiyməti (tədbirin əhəmiyyətindən asılı olaraq) 200 ilə 1200 dollar arasında dəyişə bilir. Amma bu, o qədər gərgin bir prosesdir ki, sinxronistlərin bir çoxunun vaxtından əvvəl saçı ağarır, proses zamanı stressə qapılır, başdan-ayağa tərin-suyun içində olurlar. Yazılı tərcümədə isə vaxtaşırı lüğətə də, internetə də baxmaq olur, hansısa sözün fərqli məna çalarlarından ən uyğununu seçmək mümkündür.
- Bəs sizə görə poetik əsərlərin tərcüməsində forma qorunmalıdırmı? Bu zaman əsərin forma özəllikləri vacibdir, yoxsa məzmun?
- Mən özüm mənzum tərcümələr edəndə şahid olmuşam ki, fikri şeirin dar qəlibində, həm də qafiyəli verməkdən ötrü ikiqat əziyyətə qatlaşırsan, bəlli bir qafiyənin xətrinə ora hansısa sözlər əlavə etməyə məcbur qalırsan. Elə buna görə də Türkiyədə şeiri qafiyə ilə yox, sətri tərcümə edirlər, amma mətnin daxilində müəyyən bir axıcılıq olur. Yəni şeirin ruhunu, mənasını saxlamağa çalışırlar, nəinki qafiyəsini, bəndini. Məsələn, bizdə Nizami Gəncəvinin S.Vurğun, M.Rahim, R.Rza tərəfindən olunmuş tərcümələri olduqca axıcıdır, qafiyələr, bölgülər yerindədir, amma mətn artıq Nizamininki deyil.
- Azad müəllim, indi “Qanun” nəşriyyatı tərcümə seriyası nəşr edir. Tərcümə Mərkəzinin fəaliyyəti göz önündədir. Amma tərcümə ilə bağlı vəziyyət sizin də vurğuladığınız kimi, heç də ürəkaçan deyil.
- Yarandığı ilk dövrdə Tərcümə Mərkəzinin öz fəaliyyəti ilə bağlı verdiyi bəyanatları, açıqlamaları oxuyanda heyrətlənirdim ki, kiçik və hələ tam formalaşmamış kollektiv o qədər çoxsahəli və qəliz işin öhdəsindən necə gələcək. O işləri görəcək mütəxəssislər illər uzunu, həm də bəlli bir sahədə ixtisaslaşmaqla yetişir. Bir günün içində verilən göstərişlə yox. Hər hansı ixtisas təhsili almayan və o sahənin terminoloji bazasından xəbərsiz adam hansısa dövlət qurumunun sənədlərinə dil və ya tərcümə mətni baxımından necə nəzarət edə bilər?!
- Bəs nə təklif edirsiniz, yaxşı tərcümə üçün nə lazımdır?
- Bu işləri yüksək səviyyədə görməkdən ötrü ilk növbədə Azərbaycanda səviyyəli ixtisas sözlükləri hazırlanmalıdır. Təəssüf ki, bu sahədə böyük boşluq var. Məsələn, inşaat sahəsində bizim dilimizdə işlənən terminlər yox dərəcəsindədir. Halbuki qardaş türk dilində bu məfhumların hamısına dəqiqlik gətirilib və qismən bunlardan yararlanmaq olar. Gündəlik həyatımızdan danışım. Məsələn, bizim reklam mətnlərimiz dilə sayğısızlığın bariz örnəkləridir, çünki ya rusca, ya da türkcə orijinalın hərfi və küt tərcüməsidir.
- Bəlkə konkret misallara keçək?
- Ən adi misal. “Pepsi” qazlı içkisinin reklamı Türkiyədə üç sözlə ifadə olunur: “Pepsi yaşatır seni”. Azərbaycanlı tərcüməçi elə sanıb ki, bu “yaşatır” feilini dilimizdə “yaşadır” yazsa, iş bitəcək. Halbuki onlardakı “yaşatır” feili bizdəki “yaşadar” mənasına gəlir. Beləliklə, 3 sözdən ibarət devizdə (sloqanda) 1 ciddi səhvə yol verilib. Orijinaldakı feil “hər zaman / daim yaşadar” mənasına gəldiyi halda, tərcümədə həmin feildə zaman daralması baş verib: “indi yaşadır səni”.
- Hmm...
- Vaxtilə tanınmış yazar və kulturoloq alim Kamal Abdulla da demişdi ki, qohum dillərdən tərcümə - ilk baxışda asan görünməsinə rəğmən, daha qəliz və əziyyətlidir. Məsələn, mən də rus dilindən çox, türk dilindən etdiyim tərcümələrdə çətinlik çəkirəm. İlk baxışda dillərimiz eyni dil kimi görünür, əslində isə oxşarlıq əlli əlliyədir, bəlkə daha azdır. Məncə, biz də türklərin yeni sözlər yaratma siyasətinə qoşulmalıyıq, zaman, sənət, elm və texnologiya hər an irəliləyirsə, dil də onlarla ayaqlaşmağa məcburdur. Yoxsa, başqa dillər, dominant dillər qısır dilləri vurub, tarix səhnəsindən çıxaracaq. Biz etiraf etməsək də, bu proses son iyirmi ildə gedir və getdikcə öz miqyasını, təsir dairəsini daha da artırır. Əlifbamızda hərflərin düzülüşü də qüsurludur, qismən kiril, qismən latın əlifbasına uyğundur. Bilgisayar texnologiyaları üçün isə ən böyük problemlərdən biri - doğma və ən populyar “ə” hərfimizdir.
- Tərcümə Mərkəzi yaradılanda sizin oraya cəlb olunmağınızla bağlı heç bir təşəbbüs olmadımı?
- Yox, heç bir dəvət və təklif almadım. Öyünmək kimi olmasın, ən azından mənim hələlik çap olunmamış, lakin daim üzərində işlədiyim 6-7 sözlüyüm var. Onları hazırlamaqla, o bayaq sözünü etdiyim məsələləri həll eləməyə, bəlli boşluqları doldurmağa çalışmışam. Halbuki belə kitabları həmin qurumların, mərkəzlərin mütəxəssisləri, ayrıca qruplar işləyib hazırlamalıdır. Düzünə qalsa, Mərkəzin fəaliyyəti müstəqilliyimizin ilk illərində canlanmalıydı, azı 20 il gecikdiyimiz heç kimə sirr deyildir. Hədəflər səhv seçilərsə, daha 20 il geri düşə bilərik.
- Bəs Tərcümə Mərkəzində işləyən insanlar görəsən, hansı prinsiplə işə götürülüblər? Məsələn, filankəs işsizdir, filankəs kasıbdır, qoy işləyib evinə çörəkpulu aparsın və s. Demək olar ki, peşəkarlıq heç nəzərə alınmır.
- Halbuki belə seçimlərdə peşəkarlıq ön plana keçməlidir. Biri kasıbdırsa, pul qazanmaqdan ötrü fiziki güc tələb edən başqa sahəni də seçə bilər, axı, tərcümə insandan istedad, zəhmət və dil bilgisi tələb edir. Elə ona görədir ki, tərcümə işi bizdə bu dərəcədə axsamaqdadır. Tərcümə mətnlərinin ibtidailiyi və dayazlığı, bədiilikdən, və zövqdən uzaqlığı insanlarda kitablara qarşı aşkar nifrət doğura bilər. Nə qədər ki gec deyil, bu millət tərcümənin bir sənət olduğunu, həm də ən çətin sənətlərdən biri olduğunu anlamalıdır. Tarixi qaynaqlar da şahidlik edirlər ki, keçmişdə bəzi ölkələr padşah məktublarının yanlış tərcümələri ucbatından bir-birləriylə qanlı savaşlara giriblər.
- Afaq Məsud Tərcümə Mərkəzinin rəhbəridir. Sizin fikrinizcə, Afaq xanım özü bu sahədə peşəkardırmı?
- Hər kəs özünə cavabdehdir. Şəxsən mənə tərcümənin necə məsuliyyətli bir iş olduğu yetərincə yaxşı məlumdur. İlk iş - Mərkəzin hədəflərini düzgün seçmək, ixtisaslı mütəxəssisləri ora toplamaq idi. Hansısa fəaliyyət sahəsi üzrə rəsmi qurumun yaradılması onun bir mərkəz ətrafında birləşməsinə xidmət etsə də, monopollaşmaya şərait yaratmamalıdır. Son aylar ədəbi saytlarda tərcümə sifarişlərinə qoyulan qadağalar hələ də ortadan qalxmayıb. Halbuki ötən illərdə mən 3-4 saytla bu sahədə sıx əməkdaşlıq edirdim.
- Ümumiyyətlə, bizdə yüksək səviyyəli, uğurlu tərcüməçilərdən kimlərin adını çəkə bilərsiniz?
- Mikayıl Rəfilinin, Mikayıl Rzaquluzadənin, İshaq İbrahimovun, Natiq Səfərovun... Hamısı haqq dünyasındadır. İndi yadıma çox ad gəlmir nədənsə...
- Bəlkə daha yoxdur deyə adlar yadınıza gəlmir?
- Niyə yoxdur?! Bir məqama da toxunum. Uşaqlıqdan bəri oxuduğum tərcümə kitablarını indi oxuyanda onlar mənə bir az köntöy və qılçıqlı görünürlər. Düşünürəm ki, vaxtilə çap olunmuş tərcümələrin də təkrar, bu günün və bugünkü nəslin dilinə çevrilməsinə ciddi ehtiyac var. Çünki dil – canlı və durmadan yenilənən bir prosesdir.
- Nəriman Əbdülrəhmanlının da xeyli tərcümələri çap olunur. Amma təbii ki, ortada kəmiyyət-keyfiyyət məsələsi var. Sizcə, Nəriman müəllimin tərcümələrini uğurlu hesab eləmək olarmı? Yoxsa ağsaqqal kişidir deyə heç kim onu tənqid eləmir, o da yaxşı iş gördüyünü fikirləşir.
- Nəriman müəllimlə xoş münasibətimiz var və xətrini də istəyirəm, yaratdığı həm orijinal, həm də tərcümə mətnləriylə ədəbiyyatımızı zənginləşdirən tək-tük insanlardandır. Amma burda sənin dediyin kimi, ortada kəmiyyət-keyfiyyət məsələsi var. Kəmiyyət bir az çox olan kimi istər-istəməz keyfiyyət ləngiyir və axsayır. Bu şərt təkcə tərcümədə yox, bütün fəaliyyət sahələri üçün keçərlidir. Bazarda da bir maldan çox olanda onun dəyəri düşür. Tərcüməçi qarşısına çıxan hər mətni çevirməyə girişməməlidir. Qədimdən bəri hər ustanın özünə uyğun bildiyi, bacardığı bəlli işlər olub və hər kəs özünə bab işlərlə uğraşıbdır, çünki adı, imzanı, ustalıq dərəcəsini qorumaq vacibdir. Hansısa sifarişi sırf qonorar xətrinə və tələm-tələsik yerinə yetirmək tərcüməçinin imicinə ancaq zərər vurar. Ədəbi imza illər uzunu qazanıldığı üçün onun dəyəri bilinməlidir. Hazır saydığı mətnin altına imza qoyan şəxs özünə daxili hesabat verməyə də məcburdur.
- Sizə görə tərcüməçinin bir əsərə öz istedadı hesabına rəng qatması peşəkarlıq hesab oluna bilərmi? Məsələn, Markesin “Gözlənilən bir qətlin tarixçəsi”ni Əkrəm Əylislinin tərcüməsində yəqin oxumusunuz. Belə bir fikir var ki, Markes bu əsəri Əkrəm müəllimin tərcüməsi qədər gözəl yazmayıb.
- O tərcüməni addımbaşı tərifləyirlər. Mən povestin ruscasına baxdım, çünki Əylisli onu ruscadan çevirib və bizdəki rəngarəng dili orda sezmədim. Əkrəm Əylislinin tərcüməsi məktəbyaşlı və tələbə oxucular üçün bəlkə də yaxşı tərcümədir, ədəbiyyata təzə-təzə həvəs duyan adam üçün yaxşı örnəkdir, kitablara meyl göstərən adamı söz sənətinə daha sıx bağlamaq üçün yaxşı vasitədir. Amma tərcüməşünaslıq baxımından, təbii ki, peşəkar səviyyə sayılmaz. Çünki tərcümə - orijinalın surətidirsə, surətin orijinaldan gözəl olması absurddur. Bu, “Fotoşop” effektidir. Yəni Əylisli də Markesin əsərini “fotoşop” etməklə, mazata mindirib, gözəlləşdirib. Düzünə qalsa, Markesin buna elə bir ehtiyacı yoxdur, amma dilimizə bu əsəri daha gözəl şəkildə qazandırdığına görə Əylisliyə bir “sağ ol” düşür hər halda.
Kəramət Böyükçöl