28 Avqust 2015 13:33
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifət düşərgəsində birliyin olmaması yalnız AMİP-lə bağlı məsələ deyil. Bildiyiniz kimi, son beş ildə çoxlu sayda siyasi birliklər yaranıb və sonradan dağılıb. Hər dəfə belə birliklər yarananda elan edilib ki, bundan dayanaqlı blok yoxdur. Amma sonradan birlik dağılaraq qarşılıqlı ittihamlar yaşanıb. Bu, reallıqdır. Bu, həm də o deməkdir ki, Azərbaycanda müxalifətin vahid birliyinə nail olmaq mümkün deyil. Hələ bir neçə il əvvəl təklif etmişdim ki, siyasi qüvvələr 125 seçki dairəsi üzrə vahid namizədlər siyahısı ilə seçkilərə qatılsınlar, ancaq bu, baş tutmadı. Çünki bəzi partiya özünün resursuna inanmır, bəzisinin marağı başqadır, digərinin isə ambisiyası güclüdür. Bu səbəblərdən də müxalifətin birliyi alınmır. Odur ki, biz seçkilərə təkbaşına gedirik”.

Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə “Gündəlik Teleqraf”a müsahibəsində söyləyib. Müsahibəni təqdim edirik.

- Yusif bəy, AMİP-in seçkilərlə bağlı qəti mövqeyini açıqlaya bilərsinizmi?
- AMİP-in 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qatılacağı qətidir və bu haqda partiyanın qərarı var. Biz seçkilərə gedirik. Sizə deyim ki, AMİP seçkilərə təkbaşına qatılacaq. Azərbaycanda seçki qanunvericiliyinə əsasən proporsional seçki sistemi yoxdur. Bu səbəbdən də partiyanın təkbaşına seçkilərə qatılması manevr və imkanlar baxımından daha məqbuldur. Əlbəttə, indi üçün AMİP başqa siyasi təşkilatlarla geniş əməkdaşlıq platformasında, amma bloklara qoşulmamaq şərti ilə seçkilər haqqında düşünür. 2010-cu ildə AMİP seçkilərə təkbaşına qatıldı və 90-dan çox namizəd irəli sürdük. Sonda seçkilərə 70 nəfərə yaxın namizədlə qatıldıq. Bu gün AMİP-in seçki taktikasında müəyyən dəyişikliyə gedirik. Hesab edirik ki, seçki qanunvericiliyinə görə, təbliğat, təşviqat, namizədliyin irəli sürülməsi və digər mərhələlər 2 aydan ibarət olduğundan biz partiyanın maddi, mənəvi və təşkilati resurslarını daha şanslı namizədlərimiz üzərində qurmalıyıq. İki gün əvvəl biz seçkilərə qatılacaq namizədlərimizin bir hissəsini cəmiyyətə açıqladıq. Siyasi Şuranın növbəti toplantısında digər namizədlərimizin siyahısını da bəyan edəcəyik. Bu gün AMİP-in seçkilərlə bağlı platforması da tam hazırdır. İctimaiyyətə bu haqda açıqlama verəcəyik. Bu, bizim seçicilərimizə AMİP-in mesajları olacaq. Təbii ki, bunu həm də müzakirəyə təqdim edəcəyik. Qeyd edim ki, AMİP qarşıdan gələn parlament seçkilərinə yüksək səviyyədə hazırdır. Bizim il boyu fəaliyyət göstərən seçki qərargahımız var.

- Neçə namizəd irəli sürməyi planlaşdırırsınız?
- Məlumat üçün sizə deyim ki, 2010-cu il parlament seçkiləri zamanı elə seçki dairələri olub ki, oradan bir neçə AMİP nümayəndəsi namizədliyini irəli sürüb. Bu namizədlərin hamısı da qeydiyyatdan keçmişdi. Ancaq bu seçkilərdə belə modelə deyil, əksinə, daha şanslı namizədlərin kampaniyasına üstünlük verəcəyik. Hazırda AMİP öz resurslarını buna səfərbər edib. Odur ki, biz seçkilərdə namizədlərin iştirakı məsələsinə kəmiyyət deyil, keyfiyyət baxımından yanaşırıq. Məhz bu səbəbdən də namizədlərimizin sayının neçə olacağını indi dəqiq deyə bilmərəm. Çünki bu gün də dairələrdə namizədlərimizin müəyyən edilməsi prosesi gedir, təhlillər aparılır, yerli seçici təbəqəsi öyrənilir. Yəqin ki, yaxın vaxtlarda bu barədə informasiyamız olacaq.

- Deyirsiniz ki, 2010-cu ildə bəzi dairələrdə bir neçə AMİP üzvü namizəd olub, lakin bu dəfə taktikanı dəyişirsiniz. Sizcə, bu, iddialı namizədlərin narazılığına səbəb olmayacaqmı?
- Seçki dövründə siyasi partiyalarda bu kimi narazılıqların müşahidə edilməsi normal haldır. Biz digər siyasi qüvvələrin təcrübəsində bu halları görmüşük. Ancaq AMİP-də bu kimi narazılıqlar mövcud deyil. Əksinə, durum kifayət qədər müsbətdir. Biz monitorinq keçirir, ən şanslı namizədi ortaya qoyuruq. Odur ki, digər namizəd seçkidə iştirakdan geri çəkiləcək. Həm də, bu narazılıq deyil, qarşılıqlı anlaşma yolu ilə müəyyən edilir.

- AMİP, “Azadlıq-2015", ADP və Ümidin açıqladığı siyahıda elə dairələr mövcuddur ki, burada hər partiyanın öz namizədi var. Yəni bir dairədən müxalifətin 5-6 namizədi olur. Sizcə, bu, problem deyil?
- Şəxsən biz bunda problem görmürük. Çünki AMİP-in özünəməxsus elektoratı var. Üstəlik, hər bir siyasi partiyanın marağı, seçici təbəqəsi mövcuddur. Onun irəli sürdüyü namizədin ətrafı, məxsus olduğu nəsil, dairə üzrə nüfuzu, dəstəyi var. Azərbaycan reallığı belədir ki, siyasi tərəfdən başqa, namizədin özünün elektoratı olmalıdır. Odur ki, digər siyasi qüvvələrdə bu cür düşündüyü üçün namizədlər irəli sürür. Məncə, bu məsələləri sonda namizədin nüfuz dairəsinin gücü həll edəcək. İkincisi, bizim qarşılıqlı əməkdaşlıq platformamız var və bu təklifi irəli sürürük. Biz bu platformadan 2010-cu ildə də istifadə etmişik. Ola bilsin seçkilərin elan ediləcəyi 1 sentyabrdan sonra siyasi qüvvələr arasında anlaşma əldə oldu, kimsə-kiməsə güzəştə getdi, güclü namizədlər daha da imkanlarını genişləndirdi. Ancaq daha vacib məqam odur ki, seçkilərdə rəqabət prinsipi olmalıdır. Seçki özü rəqabət deməkdir. Seçkinin əsasında rəqabət durur. Odur ki, namizədlərin çox olmasına rəqabət kimi də yanaşmaq lazımdır. Fikrimcə, bundan qorxmaq lazım deyil.

- Müxalifət arasında ümumi fəaliyyətin istiqamətləndirilməsinə dair anlaşma əldə edilmir, sanki tərəflər bir-birini qəbul etmir. Bunu necə şərh etmək olar?
- Təbii ki, haqlısınız. Bu, həm də o deməkdir ki, siyasi qüvvələrin seçkilərə marağı azdır. Müxalifət qüvvələri arasında isə birlik yoxdur.

- Niyə yoxdur?
- Bu birliyin olmaması yalnız AMİP-lə bağlı məsələ deyil. Bildiyiniz kimi, son beş ildə çoxlu sayda siyasi birliklər yaranıb və sonradan dağılıb. Hər dəfə yarananda elan edilib ki, bundan dayanaqlı blok yoxdur. Amma sonradan birlik dağılıb, qarşılıqlı ittihamlar yaşanıb. Bu, reallıqdır. Bu, həm də o deməkdir ki, Azərbaycanda müxalifətin vahid birliyinə nail olmaq mümkün deyil. Hələ bir neçə il əvvəl təklif etmişdim ki, siyasi qüvvələr 125 seçki dairəsi üzrə vahid namizədlər siyahısı ilə seçkilərə qatılsın, ancaq bu, baş tutmadı. Çünki bəzi partiya özünün resursuna, bəzisi seçkiyə inanmır, digərlərinin marağı fərqlidir, başqa bir qrupununsa ambisiyası güclüdür. Bu səbəblərdən də, birlik alınmır. Odur ki, biz seçkilərə təkbaşına gedirik.

- Siz bir müddət əvvəl digər siyasi qüvvələrlə seçkilərlə bağlı danışıqlar aparırdınız. Danışıqların nəticəsi necə oldu?
- AMİP olaraq bir çox siyasi təşkilatlarla seçkilərlə bağlı danışıqlar aparmışıq. Hazırda da aparırıq, bu danışıqlar davamlıdır və nəticəsi də olacaq.

- ADP və Ümidlə əməkdaşlıq alınmadı?
- Bizim ADP, Ümid və digərləri ilə gözəl münasibətlərimiz var. “Azadlıq-2015", KXCP ilə də normal əlaqələrimiz mövcuddur. Mən partiya sədri olaraq başqa siyasi cəbhə ilə münasibətlərin normallaşdırılmasının tərəfində olmuşam. Yəqin ki, seçki ərəfəsində əməkdaşlıq platforması gündəmə gələcək.

- Müsavat Partiyası ilə münasibətləriniz hansı səviyyədədir?
- Yuxarıda qeyd etdim ki, bizim bütün siyasi partiyalarla münasibətlərimiz normaldır. Hansı partiyanın ki, bizimlə münasibəti yaxşıdır, təbii olaraq bizim də onlarla pozitiv əlaqələrimiz mövcuddur. Heç bir siyasi təşkilatla problemimiz yoxdur və kifayət qədər real siyasət aparırıq. Həm də ona görə problemimiz yoxdur ki, bölüşməyəcəyimiz bir şey mövcud deyil. Məncə, bunu hər kəs başa düşməlidir.

- Bəzi qüvvələr, konkret olaraq Milli Şura seçkiləri boykot xəttini tutur. Sizin bununla bağlı yanaşmanız necədir?
- Biz seçkilərə qatılırıq. Təbii ki, hər bir partiyanın öz mövqeyi var. Hesab edirik ki, boykot təşkilatımızın imicinə mənfi təsir göstərə bilər. Odur ki, boykot taktikası bizim üçün məqbul deyil. AMİP-in beynəlxalq əlaqələri var, bizim İsveçin Moderatorlar, Böyük Britaniyanın Konservatorlar Partiyası ilə yaxşı münasibətimiz var. Onlar seçki prosesində AMİP-in addımlarını izləyir. Həm də boykot prinsipi beynəlxalq qurumlar tərəfindən qəbul edilmir. Biz boykot platformasından kənardayıq.

- AMİP bu il Avropa Parlamentində Avropa Xalq Partiyasının fraksiyasına daxil olacaqdı. Bu haqda yeni xəbərlər varmı?
- Öncə sizə deyim ki, AMİP yeganə siyasi təşkilatdır ki, Beynəlxalq Demokratlar İttifaqında təmsil olunur. Biz Avropa Xalq Partiyası fraksiyasına da daxil olmaq üçün addımlar atmışıq. Hesab edirəm ki, bu ilin sonuna qədər Avropa Xalq Partiyası fraksiyasına assosiativ üzvlüyümüz və ya namizədliyimiz təsdiqlənəcək. Eyni zamanda, oktyabrda Madrid şəhərində Avropa Xalq Partiyası fraksiyasının toplantısı keçiriləcək və AMİP-in bu quruma üzv olması məsələsinə baxılacaq. AMİP bu quruma üzv olmaq üçün namizədliyini təqdim edib. Partiyamızın bu platformada olması Azərbaycan üçün böyük dividenddir. Nəzərə alın ki, Avropa Xalq Partiyası fraksiyasında Gürcüstanda fəaliyyət göstərən siyasi partiya təmsil olunur. Ələlxüsus, düşmən Ermənistanda olan iki siyasi qurum burada təmsil edilir. Erməni siyasətçilər burada tez-tez Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirirlər. İddia edirlər ki, Ermənistan guya Türkiyə və Azərbaycan tərəfindən iqtisadi blokadaya alınıb. Biz orada təmsil olunmadığımıza görə isə belə yalançı iddiaların qarşısını almaq mümkünsüzləşir. Şübhəsiz ki, oktyabrda biz fraksiyanın tamhüquqlu üzvü seçildikdən sonra bu kimi şər-böhtanların da qarşısını ala biləcəyik. Hesab edirik ki, Qarabağ münaqişəsi ilə bağlı siyasi mənsubiyyətindən və düşərgəsindən asılı olmayaraq hər kəs öz köməyini, əlindən gələni etməlidir. Burada qeyd etmək yerinə düşər ki, AMİP-in seçki platformasında Dağlıq Qarabağ münaqişəsi xüsusi qırmızı xətlə keçir və biz bu problemlə bağlı fikirlərimizi də seçkilər zamanı seçicilərin diqqətinə çatdıracağıq.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər