11 Sentyabr 2015 16:42
3 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Vahid Abbasla müsahibəni təqdim edir.

- Vahid bəy, şeirlə aranız necədir?
- Düzünü deyim, mən poeziya ilə maraqlanan adam deyiləm. Hətta facebookda kişi dostlarımdan kim şeir paylaşırsa deyirəm ki, sizi dostluqdan siləcəm. (gülür) Orta məktəb vaxtından mənim şeir əzbərləmklə bağlı problemim olub. Nəzm mənlik deyil.

- Demək istəyirsiniz kişinin şeir paylaşmasına pis baxırsınız? Yoxsa...
- Yenə də deyirəm, bu, mənim subyektiv fikrimdir. Məsələn, facebookda Elçin Mirzəbəyli öz yazdığı şeirlərini paylaşırsa, onu sevə-sevə oxuyuram və qəbul edirəm. Amma kimsə başqasının şeirini paylaşırsa xoşum gəlmir.

- Bəs sevdiyiniz şairlər var?
- Bəli, əlbəttə ki, var.

- Kimlərdir?
- Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli...

- İndi yazıb-yaradan şairlərdən necə?
- Daha müasirlərdən Salam Sarvanı şeirlərini maraqla oxumuşam.

- Bəs Ramiz Rövşən?
- Ramiz Rövşən həm mənim sevdiyim şairdir, həm dostumun atasıdır və mənə elə gəlir ki, müasir dövrdə Ramiz Rövşənin istedadına çata biləcək, Ramiz Rövşən səviyyəsində şair yoxdur. Amma bəlkə də yanılıram, çünki ədəbi mühiti izləmirəm. Səhv edə bilərəm, belədirsə, səhvimi düzəldin.

- Onda maraq dairənizdə nə var?
- Mən artıq 16-cı ildir ki, jurnalistika ilə məşğulam. Bu fəaliyyətimin ilk 5-6 ilini daxili siyasətlə bağlı yazılarla məşğul olmuşam. O zamanlar partiyaların cəmiyyətdəki yeri, gücü, nüfuzu tamam başqa idi.

- Siyasətə gəlmək istəyirdiniz?
- Düzü, heç vaxt istəməmişəm siyasətə gəlim və siyasətlə məşğul olum. Elə bu günün özündə də məşğul deyiləm. Çünki siyasət bu işlə məşğul olan adamların ömrünü xərçəng xəstəliyi kimi yeyir.

- Bəs həyatınıza rəng qatan, dünyanı sizə maraqlı edən nədir?
- Mən dost sevən adamam. Günümün böyük bir hissəsi dostlarımla keçir. Demək olar ki, həyatıma rəng qatan idman və dostlardır.

- Ailəlisiniz?
- Xeyr.

- Yəqin ki, dostlarınız arasında qadınlar daha çox olar.
- Deyirlər, kişi ilə qadının dostluğu daha yaxşı alınır, nəinki qadınla qadının. (gülür)

- Zarafatsız...
- Təbii, oğlan dostlarımla yanaşı qız dostlarım da var.

- Deməli, qadın həyata rəng qata bilir.
- Əlbəttə. Mənə elə gəlir, qadınsız həyatın marağı və mənası yoxdur.

- Maraqlıdır, bəs bu marağın ömrü nə qədər çəkir? Qadınlarla dostluq sizin üçün müvəqqəti bir hissdir, yoxsa?
- Mənim üçün müvəqqəti deyil. Bəziləri deyir, sevginin müəyyən qədər ömrü var. Tamamilə absurd fikirdir. Bu fərdə görə dəyişir. Sevgini həyatda saxlayan qəribə hislər və maraqlar var. Mən adam tanıyıram ki, bir adamı bir aydan artıq sevə bilmir.

- Bəs sizdə sevginin ömrü nə qədər olsa, yaxşıdır?
- Bilmirəm. (gülür)

- Bir il necədir?
- Çox da ola bilər. 5-6 il, hətta 7 il. Əbədi sevgiyə isə çalışıram inanım. Onu zaman göstərər.

- Necə düşünürsünüz, sevginin mahiyyəti bu qədərmi dəyişib ki, biz onu ələ salırıq. Bir il, iki il, üç il... Halbuki, klassik sevgilər adamı ot vurub yandırırdı, çöllərə salırdı, kişinin boynuna zəncir keçirirdi...
- Mənə elə gəlir çöllərə düşmək, od tutub yanmaq dəliliyə daha yaxın hislərdir. Düzdü, o da sevgidən qaynaqlanır, amma heç kimə bunu rəva bilməzdim. Sonu faciəyə gəlib çıxırsa, mənə elə gəlir, belə sevgi olmasa daha yaxşıdır.

- Özünüzü yaxşı tanıyırsınız?
- Əlbəttə...

- Sizcə, hansısa bir sevgi boynunuza zəncir keçirə bilər?
- Dəlicəsinə sevə bilərəm. Amma düşünmürəm ki, bir qadına vurulum və ona görə boynuma zəncir keçirim. Heç bir qadın boynuma zəncir keçirə bilməz.

- Niyə bu qədər əmin danışırsınız?
- Çünki başına zəncir çevirmək, sevgiyə görə özünü Qız qalasından atmaq eqoistlikdir, yaxınlarını düşünməməkdir. Hisslərlə ağıl təmasda olanda sevgi daha gözəl olur.

- Başqa bir məsələ. Öz intellekt və dünya görüşünüzü formada saxlamaq üçün nə edirsiniz? Kitablar, filmlər sizə kömək edirmi?
- Kinoya baxmağı çox sevirəm. Bir ara sanki xəstəliyə tutulmuşdum, gün ərzində üç-dörd kinoya baxırdım.

- Seriallar da?
- Yox. Serial aludəçisi olmaq mənə çatmır və bu yaşıma kimi heç bir seriala baxmamışam.

- Aha...
- Təbii ki, bədii ədəbiyyat da formada qalmağıma kömək edir. Burda həmçinin yaxın çevrənin də rolu var. Şükür ki, ətrafımda intellektual dostlarım çoxdur və onlarla vaxt keçirirəm. Aramızda kişilərin maraq dairəsinə aid söhbətlər, rəngarəng danışıqlar olur.

- Fikir verirəm, söhbətə başlayandan bir neçə dəfə kişi sözü işlətmisiniz.
- Mən bayaq qadınların seriala baxmasını normal hal kimi qəbul etdiyimi, lakin kişinin baxmasının doğru olmadığını söylədim.

- Kişi seriala baxmaz?
- Yəni ümumi seriala baxmaq normaldır. Demədim, bu məsələdə qadınlarla kişiləri ayırıram. Amma fikrimcə, kişi daha ciddi işlə məşğul olmalıdır.

- Vahid bəy, hansısa bir fikrə görə insanların diqqət mərkəzinə düşməkdən qorxmursunuz ki?
- Çox qorxuram və sevmədiyim bir şeydir. Nəinki böyük ictimaiyyətdə, elə çalışdığım şirkətdə də böyük toplantılarda iştirak etmirəm. İndiyə qədər bir-iki dəfə tədbirdə olmuşam. Bəlkə də bu kompleksdir, amma diqqətdən kənarda qalmağı sevirəm. Yaxşı və ya pis mənada mətbuatın dilinə düşməkdən çəkinirəm.

- Nə vaxtsa mətbuatın dilinə düşdüyünüz olub?
- Çalışmışam olmasın və olmayıb. Bir şey də deyim.

- Buyurun.
- Hal-hazırda bir çox jurnalistlər yerli kanallara baxmadığını dəfələrlə təkrar edir və sanki bununla öyünür. Yerli kanallara baxmamaq, bu gün az qala, səviyyə göstəricisi sayılır. Yəqin siz də izləyirsiniz, Azərbaycanda istənilən aparıcının işdən çıxarılması, biri kanaldan başqa bir kanala keçməsi, cümlə işlədərkən diqqətsizlikdən bir sözün yerini dəyişik salması ölkədə, mətbuatı izləmirəm deyənlərin həyatında, sosial şəbəkələrdə bomba kimi partlayır. Azərbaycanda mətbuat dilinə-dişinə düşmək senzurası insanların içinə oturub.

- Ona görə aparıcısı olduğunuz verilişdə ictimaiyyəti qıcıqlanan mövzularda müzakirələr aparmırsınız?
- Bəli, düzü, buna görədir. Bu cür gündəmə gəlmək məsələsinə görə verilişdə maksimum ehtiyatlı oluram.

- Tez-tez teleaparıcılar haqqında fikir səsləndirirlər ki, istedadları yoxdur, intellektləri yoxdur, Azərbaycan dilini bilmirlər. Digər tərəfdən də deyirlər ki, bir az da həyasız olsa yaxşıdır. Bu barədə fikriniz nədi?
- Sözünüzdə həqiqət çoxdur. Bu gün hay-küylü veriliş aparan teleaparıcılar az deyil. Təbii ki, onlar mənim həmkarlarımdır. Və məndə həmkar təəssübkeşliyi həmişə var.

- Yəni...
- Məsələn, bir aparıcı efirdə şpakat açsa da, yenə həmişə onların tərəfində olmuşam. Çünki verilişin formatı buna imkan verir.

- Bəs bunu qəsdən edirlərsə, necə?
- Düzdü, müəyyən şirkətlərdə bilərəkdən belə halların baş verməsi dəb halını alıb ki, kanal daha baxımlı olsun. İntellektual adam isə heç vaxt bu cür söhbətlərə getmir. Bu da kanala sərf eləmir, çünki reytinq olmur. Analitik və ya ictimai-siyasi mövzularla bağlı on illərlə efirdə verilişlər insanlar tərəfindən tanınmır, izlənmir.

- Yəni siz də o fikirdəsiniz ki, reytinq naminə kütlənin zövqü əsas götürülməlidir?
- Qəliz məsələdir. Sadəcə, gördüyümü deyirəm. Sosial şəbəkələrdə aparılan müzakirələrdən, kəskin tənqid, hətta təhqirlərdən belə qənaətə gəlmişəm ki, Space-də gedən Mikayıl şou uşaqlardan tutmuş qocalara qədər, hamının diqqət mərkəzindədir. 90% adam bu verilişi tanıyır və mənə elə gəlir ki, hamı həm də baxır. Çünki sevirlər, sevməsələr baxmazlar ki...

- Sizcə, insanlar bu tip verilişləri niyə sevirlər?
- Səbəbi odur ki, bəşəriyyət yaranandan insanlar çal-çağırı, toy-büsatı seviblər. İllərdən bəri müzakirələr, tənqidlər olunsa da, bizdə hələ də toy adət-ənənələri davam edir. Demək ki, cəmiyyət bunu istəyir, vətəndaş, insan, toya gedən qonaq bunu istəyir, o cür oynamaq, o cür oynayana baxmaqdan xoşu gəlir. Bu formadakı toyların da efir versiyası Mikayılın şousudur.

- Yüngül şou verilişlərinə və ya bəzi toy adət-ənənələrimizə qadağalar qoyulsa, necə?
- Əslində, qadağalar düzgün deyil. Amma bəlkə də yeganə çıxış yolu elə qadağalar ola bilər. Lakin təcrübə də göstərir ki, məsələn, yaslarla bağlı qadağaların heç bir faydası olmadı. İnsanlar var, elə düşünürlər ki, əgər mənim toyum dəb-dəbəli və süfrəm zəngin olmasa, mənə pis baxarlar. Bütün bu toy ənənələrinə görə bu gün bizdə subay qalan saysız-hesabsız adamlar var.

- Veriliş aparıcısı kimi ilk günlər yadınıza gəlir? Bildiyimə görə uzun müddətdir Lider-də işləyirsiniz.
- Əslində, mən qəzetdən televiziyaya gəlmişəm. Bir dəfə də demişdim ki, mənim üçün qəzetçilik televiziyadan qat-qat maraqlıdır. İndi də dostlarla oturub həmin günləri həsrətlə xatırlayırıq. Televiziyaya həvəslə gəlmişəm deyə bilmərəm. Bu sahəyə xüsusi bir marağım olmadan başladım. Efirdə çox sıxılırdım, verilişin bitməsi üçün dəqiqələrimi sayırdım, həyəcan təri basırdı, çox pis olurdum, alışa bilmirdim. Amma vaxt ötdükcə yavaş-yavaş kameraya alışdım. İndi mənə elə gəlir, kamera önündə üç saat danışmaq, sizə müsahibə verməkdən qat-qat rahatdır.

- Ümumi bir fikir var ki, Lider televiziyası o qədər də baxımlı deyil. Sizcə, bunun səbəbi nədədir?
- Əslində reytinqi ən aşağıda olan telekanalın belə öz auditoriyası var. Bir kanala seriallara görə, digərinə xəbərlər verilişinə görə, filan kanala da şou proqramına görə baxırlar. Amma ölkə kanallarına həqiqi intellektual verilişləri məhz Lider televiziyası gətirib. “Milyonçu”, “Zəif bənd” və digərləri özünə böyük auditoriya yığa bilmişdi və Liderin o zamankı auditoriyası, reytinqi indiki telekanalların heç birində yoxdur.

- Mən hazırkı auditoriyanı deyirəm.
- Təbii ki, əvvəlki kimi olmasa da, bu gün də müəyyən səviyyədə Lider-in öz tamaşaçı kütləsi var.

- İndi reytinq Lider televiziyası üçün maraqlı deyil, yoxsa necə?
- Verilişlərin reytinqini müəyyən edən şirkətlər var. Bu sahədə olduğuma baxmayaraq, indiyə qədər reytinqin necə müəyyən olunmasını dəqiq şəkildə bilmirəm. Bu barədə çox adamlara sual vermişəm, heç onlar da cavab verə bilmirlər. Reytinq sorğusunu kim necə, hansı formada təyin edir, bunu bir Allah bilir. Bu baxımdan mən həmişə reytinq oyunlarına dırnaqarası baxmışam və inanmamışam.

- Bəs verilişlərin mövzusunu hansı prinsiplə seçirsiniz?
- Bu günə qədər, demək olar, eyni formatda olan veriliş aparmışam. Məsələn, bir dəfə də olsun şou-biznes nümayəndələrini verilişə dəvət etməmişəm. İctimai-siyasi mövzular bizim üçün daha çox maraqlıdır.

- Mədəniyyətlə bağlı mövzular necə?
- Çox nadir hallarda olur.

- Niyə?
- Bəlkə də, bu məsələ verilişin yox, aparıcının problemidir. Biz bilərəkdən və ya bilməyərəkdən verilişi sıxıb-sıxıb dar bir siyasi çərçivəyə salmışıq.

- Maraq var?
- Açığı, bu gün cəmiyyətdə siyasi mövzularda müzakirələrə də maraq o qədər ürəkaçan deyil.

- Bəlkə, siyasətlə bağlı açıq söhbətlər getmir, ona görədir?
- Bizim siyasətlə bağlı toxunduğumuz ən mühüm məsələ Qarabağdır. Və əlimizdən gəldiyi qədər bu mövzuda açıq danışmağa çalışırıq. Nə bilim, bəlkə də insanlar həmsədrlərin gəlib-getmə xəbərindən yorulublar. İnanın, ixtiyar öz əlimdə olsaydı, nəinki öz verilişimizdə, bütün telekanallarda həmsədrlər söhbətini birdəfəlik qadağan edərdim.

- Niyə?
- Qarabağ mövzusundan insanları iyrəndirən məhz həmsədrlər yalandan gəlib-getməsidir.

- Vahid bəy, Lider televiziyasında azadlığınız olsa, daha gözəl işlər görə bilərsinizmi? Yoxsa, bacardığınız elə ortada olandır.
- Efir məkanında tam azadlıq mümkün deyil. Azadlıq qorxunc bir silahdır. Düzdü, bu silahdan kiminsə həyatını xilas etmək və ya müdafiə məqsədi ilə istifadə edilər. Amma eyni zamanda dağıdıcı niyyətləri həyata keçirmək üçün də istifadə etmək olar. Sırf bu mənada mən elə də azadlıq tərəfdarı deyiləm. Əgər Tv-də barəsində danışdığımız azadlıq lazımdırsa, o zaman dünyaya söz və mətbuat azadlığından dərs keçməyə çalışan qərb dövlətlərinin ən populyar Tv-ləri – CNN, BBC, Euronew kimi kanallarda niyə o azadlığı, müstəqilliyi görə bilmirik? Müəyyən mənada hər bir şeydə çərçivənin olmasını istəyirəm. Yoxsa sonu anarxiyaya gətirib çıxaracaq.

- Sizcə, bütün azadlıqların sonu anarxiyadır?
- Əlbəttə, elədir. Əgər azadlıq çərçivəsində və eyni zamanda hər hansısa pis bir istəyi yerinə yetirmək üçündürsə, o, bu gün bizə, bizim ailəmizə lazımdırmı?

- Yəni mən azadam, küçədə lüt gəzmək istəyirəm. Bu mənada?
- Hə, ola bilər, Avropada kim istəsə lüt gəzə bilər, amma Şərq ölkələrində azadlığın temperamenti başqadır. Və buna da uyğunlaşmaq lazımdır.

- Televiziyadan ayrılsanız, yenidən mətbuata qayıdarsınızmı?
- Televiziya işini buraxmaq, əslində, həmişə mənim arzum olub.

- Bəs niyə getmirsiniz ki? Ayrı iş yoxdur?
- Sadəcə, işimi dəyişmək mənim sevmədiyim bir şeydir. Mən indiki şirkətimizdə işləyə-işləyə çoxlu sayda olduqca cazibəli iş təklifləri almışam, hamısına da yox demişəm. Özümü yaxın vaxtlarda paralel şəkildə jurnalistikadan başqa bir sahədə sınamağı düşünürəm.

- Maraqlıdır, bu ölkədə normal yaşamaq üçün sizə ayda nə qədər pul lazım olur?
- Çox abstrakt, çətin və eyni zamanda yaxşı sualdır. Mənə elə gəlir, normal yaşayış üçün təminatın qədəri insanın özündən asılıdır. Birinin on min manatdan ala bilmədiyi zövqü, elə insan var 500 manatdan alır. Yəni məsələ fərdə görə dəyişir.

- Məsələn, ayda 800-1000 manat maaşı çox hesab edirsiniz, yoxsa bu normal yaşayış üçün kifayət deyil?
- Az hesab edirəm. Söhbət əgər jurnalistdən gedirsə, o heç vaxt ələ baxmamalıdır.

- Yəni jurnalist məcbur olub müsahibə aldığı adamdan pul umur?
- Ay sağ olun. Bu, çox pis şeydir. Mən bunu qəbul etmirəm.

- Sizcə, müsahibədən hiss eləmək olur ki, jurnalist müsahibindən pul alıb, yoxsa almayıb?
- Əlbəttə, olur. Peşəkarlar pulun iyini müsahibədən hiss eləyir. Ola bilər, jurnalist desin ki, maaşım azdır və pul almağa məcburam. Amma istənilən halda bu, qəbahət bir işdir. Təxminən, hansısa bir qadının az maaş almasına görə pis yola düşməsi kimi bir şeydir.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər