“İddiaları imkanlarından qabaqdadır”
Azərbaycan Ali Sovetinin sədri olmuş Yaqub Məmmədov bu ilin noyabrında keçiriləcək parlament seçkilərilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Yaqub müəllim, deputatlığa namizədliyinizi vermək fikriniz varmı?
- Xeyr.
- Ümumiyyətlə, seçkilərdən nə gözləyirsiz?
- Elə ciddi dəyişiklik gözləmirəm. Seçkilər həmişəki kimi keçiriləcək.
- Seçkiqabağı mühiti necə qiymətləndirirsiz?
- Deputat olmaq istəyənlərin sayının çoxluğu mənim diqqətimi çəkir. 1990-cı illərin əvvəllərində belə hal var idi. Hamı məmur, deputat olmaq istəyirdi. Hər yerindən duran prokuror, deputat, icra başçısı olmaq istəyirdi. İndi isə görürəm ki, hamı özünü parlamentdə görür. Bu bir yandan yaxşıdır, bir yandan pis. Yaxşıdır ona görə ki, gənclər fəaldırlar, özlərində əminlik var. Pisdir ona görə ki, iddiaları imkanlarından qabaqdadır. Adam birinci imkanlarını götür-qoy edər, sonra addım atar.
- Yəqin ki, Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı ilə tanışsız. Siyahıya münasibətiniz necədir?
- Siyahı ilə tanışam. Partiya öz siyahısını hazırlamaqda müstəqildir. Bir vətəndaş kimi deyirəm ki, siyahıda elə adamlar var ki, nə mən, nə də mənim tanışlarım tanımır. Hakim partiyanın siyahısında çox nüfuzlu adamlar, ziyalılar, iş adamları var. Amma indiki siyahıda olanların çoxunu mən tanımıram. Müxalifət tərəfdə də vəziyyət yaxşı deyil. Yerindən duran deputat olmaq istəyir. Tanınmışlar, nüfuzu, savadı olanlar namizədliyini irəli sürməlidir, hər yerindən duran yox. Bir tərəfdən yenilik də lazımdır. Yenilik isə ümumi işin xeyrinə olmalıdır.
- Rektorların qarşısına seçim şərti qoyulub ki, ya deputat olun, ya rektor. Buna münasibətiniz necədir?
- Bu qanunun tələbidir. Seçki Məcəlləsinə görə, dövlət vəzifələrində işləyənlər deputat ola bilməzlər. O zaman Azərbaycan yeni müstəqillik qazanmışdı. Bəzi insanlara güzəştlər edildi. Ədalət Partiyasının sədri İlyas İsmayılov parlamentdə dəfələrlə bu məsələni qaldırıb. Ölkə rəhbərliyi nəhayət ki, qanunun bu tələblərini əsas götürdü. Rektorlara təklif ediblər ki, ya vəzifələrində qalsınlar, ya deputatlığa namizədliyini versinlər. Bu normaldır. Burada qeyri-adi heç nə yoxdur.
- Bəzi siyasi partiyalar seçkiləri boykot etmək barədə qərar qəbul ediblər. Necə hesab edirsiz, boykot çıxış yoludurmu?
- Boykotun heç bir nəticəsi yoxdur. Bu qədər namizəd var, onları necə niyyətlərindən çəkindirmək olar. Boykot təşkilatın özünü proseslərdən təcrid etməsidir. Effekti olmayacaq.
- Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ölkədə ciddi etiraza səbəb oldu. Sizin qətnaməyə münasibətiniz necədir?
- Mən çox praqmatik adamam. Hesab edirəm ki, Avropa Birliyi, Avropa ölkələri ilə münasibətlərdə müəyyən məsələlər var ki, onu danışıqlar yolu ilə həll etmək lazımdır. Avropa Parlamentinin məlum qətnaməsində elə məsələlər var ki, təbii, onlarla qətiyyən razılaşmaq olmaz! Amma elə məqamlar da var ki, nəzərə almaq mümkündür. Münasibətləri korlamaq lazım deyil. Biz Avropadan təcrid oluna bilmərik. Bizim siyasi, iqtisadi, mədəni əlaqələrimiz var. Bunların üzərindən xətt çəkmək olmaz. Əksinə, inkişaf etdirilməsində maraqlı olmalıyıq.
- 2016-cı ilin büdcə layihəsi hazırlanıb. Layihədə elm və təhsilə ayrılan vəsaiti yetərli hesab edirsiniz?
- Büdcədən elmə 0.8 faiz vəsait ayrılıb ki, bu da çox azdır. Bu, elmə olan münasibəti göstərir. Azərbaycanda kifayət qədər elmi institutlar fəaliyyət göstərir, güclü alimlərimiz, elmi nailiyyətlərimiz var. Bunları inkişaf etdirmək, gücləndirmək lazımdır. Təəssüf ki, bizdə elmə olan münasibət ürəkaçan deyil.
Ruslan