21 Sentyabr 2015 16:46
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AKP təkbaşına hökumət qura bilsə, ölkəni vəziyyətdən çıxarmaq üçün ssenarisi olacaq. Məsələn, mən İstanbul və Ankarada keçirilən barış mitinqlərini təsadüfi hesab etmirəm. Bu, Ərdoğanın seçkidən sonrakı dövrə hazırlığıdır. Sanki bu mitinqlərlə PKK ilə savaş dövrünün sonuna çatması mesajı verilir Artıq ola bilsin ki, vasitəçilərin köməyi ilə razılığa gəlinib ki, PKK silahlılarını ölkədən çıxarsın. Yəni, nisbi sakitlik yaransın. Fikrimcə, əvvəlki dövrdə olduğu kimi qeyri-rəsmi atəşkəs elan oluna bilər”.

Bunu qəzetimizə müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Müsahibəni təqdim edirik:

- Elxan bəy, hazırda Türkiyədə son durumu necə qiymətləndirirsiniz?
- Türkiyə cəmiyyəti sanki son aylar qaynar ictimai-siyasi vəziyyətə adaptasiya olub. Yayın əvvəlində isti ab-hava müşahidə edildi, seçkidən dərhal sonra isə PKK-nın terror hadisələri ortaya çıxdı. Bunun nəticəsində Türkiyə ordusu və polisi yüzdən çox şəhid verdi. Lakin buna baxmayaraq, terrora qarşı mübarizə əvvəlki əzmi ilə davam edir. Şəhidlərin sayı yüzdən çox olsa da, terrorçular daha çox itki veriblər. Türkiyənin rəsmi orqanlarının açıqladığı rəqəmə görə, antiterror hərəkatı zamanı qarşı tərəf mindən çox itki verib. Hazırda Türkiyə ordusunun və polisinin əsas məqsədi Türkiyə ərazisində olan PKK-çıların ya silahlarını təhvil vermələrinə, ya da ölkədən çıxmalarına nail olmaqdır. Yəni, məqsəd o deyil ki, Şimali İraqda mövcud olan PKK bazalarını və terrorçuları bütövlükdə məhv etsin. Bu, çətin prosesdir. Həm də, birini məhv edəndə yerini digəri tutur. Əsas məqsəd Türkiyə daxilində olan 1500-ə qədər terrorçunu zərərsizləşdirməkdir. Bunun başqa alternativi də yoxdur. Türkiyə hökuməti 13 ildir kürd açılımı proyekti elan etmişdi, PKK-nın bir çox əməllərinə dözürdü. Qarşı tərəf də yalandan deyirdi ki, silahı atıb siyasətlə məşğul olacağıq.

- Halbuki, bunun üçün şans yaranmışdı...
- Doğrudur, 7 iyun seçkisindən sonra faktiki olaraq PKK-nın siyasi qanadı Böyük Millət Məclisində 80 millət vəkili yeri qazandı. Lakin bəlli oldu ki, onların məqsədi heç də siyasi dialoqda iştirak etmək, kürdlərin problemini həll etmək deyil. Əksinə, ölkəni qatmaq, stabilliyi pozmaq və mifik “Kürdüstan” yaratmaqdan ibarətdir. Hazırda Türkiyə erkən parlament seçkilərinə gedir, noyabrın 1-də seçki keçiriləcək. Düşünürəm ki, ciddi bir problem olmayacaq. Şərq bölgələrində seçki qutularına nəzarət etmək asan olmayacaq, terrorçular aləmi qata bilər. Mümkündür ki, müəyyən hadisələr də baş versin. Amma böyük mənada bu saat Türkiyə cəmiyyəti və siyasi partiyalar seçkilərə köklənib. Son günlər İstanbul və Ankarada keçirilən qardaşlıq mitinqləri də bundan xəbər verir. Düşünürəm ki, seçkilərdə müəyyən hadisələr baş versə də, seçki keçiriləcək və bundan sonra da terrorla mübarizə davam edəcək. Məndə belə bir güman var ki, bu qədər itkilər verən PKK son anda geriyə addım qərarı verə və Türkiyə ərazisində olan silahlı üzvlərini Şimali İraqa çəkə bilər.

- Seçkilərlə bağlı siyasi durumu necə şərh edirsiniz?
- Hazırda Türkiyədə seçkinin nəticələrinin necə olacağı türk cəmiyyəti üçün ən aktual məsələdir. Çünki 7 iyun seçkisinin nəticəsinə görə, AKP-yə cəmi 18 millət vəkili yeri çatmadı ki, təkbaşına hökumət qursun. Bundan sonra koalisiya hökuməti qurmaq üçün aparılan danışıqlar heç bir nəticə vermədi. İndi AKP çalışır ki, seçkidə daha çox səs əldə edərək təkbaşına hökumət qurmaq imkanı əldə etsin. Çünki AKP-yə aydındır ki, koalisiya onun üçün çətin olacaq. Əlbəttə, son anda koalisiya olacaq, Türkiyə üçüncü dəfə seçkilərə gedə bilməz. Məhz 1 noyabr seçkisinin nəticəsinə uyğun olaraq hökumət formalaşacaq. Amma bu koalisiya iqtisadiyyatı irəli aparmayacaq, problemlərin həllini sürətləndirməyəcək.

- Seçkidən sonra hansı ssenarilər ortaya çıxa bilər?
- Hazırda iki ssenari var. Birincisi, AKP təkbaşına hökumət qurur. Bunun üçün PKK-nın siyasi qanadı olan HDP 10 faizlik barajı aşmamalıdır. Əgər barajı aşacaqsa, demək, AKP-nin səslərini qoparacaq. İkinci variant da budur ki, noyabr seçkisi 7 iyun seçkisinin nəticəsinə oxşar olacaq. Bu zaman AKP təkbaşına hökumət qura bilməyəcək, məcbur olub koalisiya danışıqlarına gedəcək. Məhz bu zaman AKP-CHP koalisiya hökuməti qurula bilər. Çünki CHP seçkidən ikinci çıxacaq. MHP-AKP koalisiyası alınmır. MHP lideri bütün təkliflərə “yox” deyir. HDP ilə də koalisiya mümkünsüz olacaq. Odur ki, əsas variant kimi AKP-CHP koalisiyası götürüləcək. Ancaq bu koalisiya Türkiyənin qarşısında duran problemləri həll etməyəcək.

- Bir partiyanın seçkidən maksimum qalib çıxıb təkbaşına hökumət qurmaq şansı var?
- Məncə, bu daha çox seçki kampaniyasından asılı olacaq. AKP-nin ola bilsin ki, belə bir şansı var. AKP güclü seçki kampaniyası aparsa və insanları koalisiyanın ölkəni uçuruma apardığına inandıra bilsə, bu, baş verə bilər. Nəzərə alın ki, son 3-4 ayda insanlar da bir qədər narahat olub ki, koalisiya nəticə vermir, heç olmasa, keçmiş mərhələyə qayıdaq. Bunun üçün AKP həm də kürdlərin səsini almalıdır. Çünki əvvəlki seçkilərdə AKP kürd əhalisinin böyük dəstəyini alıb. Son seçkidə isə hər 10 kürddən 6-sı PKK-nın siyasi qanadına dəstək olub. İndi kürdlərin də səsini qazanmaq lazım gələcək.

- Seçkidən sonrakı durum necə olacaq: stabillik yaranacaq, yoxsa Türkiyə stabilliyin pozulmasının ikinci mərhələsinə yuvarlanacaq?
- Koalisiya olsa, vəziyyət mürəkkəb olacaq. Həm iqtisadiyyat, həm siyasət, həm də PKK terroruna qarşı savaşla bağlı hökumətdə fikir ayrılıqları yarana bilər. Amma AKP təkbaşına hökumət qura bilsə, ölkəni vəziyyətdən çıxarmaq üçün ssenarisi olacaq. Məsələn, mən İstanbul və Ankarada keçirilən barış mitinqlərini təsadüfi hesab etmirəm. Bu, Ərdoğanın seçkidən sonrakı dövrə hazırlığıdır. Sanki bu mitinqlərlə PKK ilə savaş dövrünün sonuna çatması mesajı verilir Artıq ola bilsin ki, vasitəçilərin köməyi ilə razılığa gəlinib ki, PKK silahlılarını ölkədən çıxarsın. Yəni, nisbi sakitlik yaransın. Fikrimcə, əvvəlki dövrdə olduğu kimi qeyri-rəsmi atəşkəs elan oluna bilər. Əslində, bu həm PKK-ya, həm də AKP-yə xeyirdir. PKK bununla verdiyi itkilərdən sonra zaman əldə edib özünə gələ bilər. AKP isə bununla sakitlik yaranacağını, şəhid olmayacağını və normal seçkilərin keçiriləcəyi imkanı qazanacaq, habelə mümkün diqqətini seçkilərə cəlb edib daha çox səs almaq haqqında düşünəcək.

- Seçkidən sonra Türkiyənin problemli münasibətdə olduğu qonşuları ilə bağlı hansı siyasət yürüdüləcək?
- Seçkidən sonra Türkiyənin qonşuları ilə siyasətində koordinal dəyişikliklərə gedəcəyinə inanmıram. Fikrimcə, indiki durum qalacaq. İran, Yunanıstan, Suriya və Ermənistanla münasibətlər indiki kimi qalacaq. Koalisiya və təkbaşına hökumətlərin qurulmasından asılı olmayaraq vəziyyətdən çıxmaq üçün azı 1 il lazım gələcək. Suriyada müharibənin sonu görünmür, Türkiyəyə doğru qaçqın axını davam edir. İranla münasibətlər nə isti, nə də soyuqdur. Ermənistanla açılım alınmadı və bu layihə donduruldu. Yunanıstanla isə dialoq olsa da, münasibətlərin dərinləşdiyini söyləmək olmaz. Odur ki, xarici siyasətdə ciddi dəyişiklik baş verməyəcək. Amerika ilə münasibətlərdə irəliləyiş müşahidə oluna bilər. ABŞ çoxdan Türkiyədən xahiş edirdi ki, Adanada yerləşən İncillik bazasından İŞİD-ə qarşı istifadəyə razılıq versin. Türkiyə isə buna müqavimət göstərirdi. Amma İŞİD və PKK Türkiyədə partlayışlar törədən kimi Ankara İŞİD-ə qarşı mübarizəyə başladı, PKK-nı hədəfə aldı. PKK ilə savaşda indi Türkiyənin Amerikaya ehtiyacı var. Yəni, Amerika Türkiyəyə PKK ilə savaşına mane olmamalı, göz yummalı və sözdə dəstək verməlidir. Hazırda Vaşinqton bunu edir. Bunun əvəzində isə Ərdoğan imkan verir ki, ABŞ təyyarələri İncillik bazasından İŞİD-ə qarşı istifadə etsin. Avropa Birliyi ilə münasibətlərdə hamar deyil və mən seçkidən sonra bu münasibətlərin dəyişə biləcəyini zənn etmirəm. Koalisiyanın xarici siyasətdə dönüş yaradacağını güman etmirəm.

- Seçkidən sonra HDP-nin mövqeyi və durumu, eləcə də, aldığı səslər necə olacaq?
- Burada da iki variant var. Birinci variant odur ki, HDP 7 iyun seçkilərində qazandığı nəticəni təkrar edir, yəni 10 faizlik səddi keçir. 7 iyunda HDP böyük uğur qazandı, gözlənilmədən həddi aşmaqla yanaşı 13 faiz səs topladı. Hazırda HDP-nin deputat sayı MHP-nin deputat sayından çoxdur. HDP-nin bu nəticəni təkrarlaya biləcəyi ehtimalı var. HDP kürd əhalisinin səsini ala bilər. Yəni, ötən seçkidə 6 milyona yaxın səs ala bilmişdi. Əlbəttə, bunların hamısı kürdlər deyildi, burada liberal türklər də var idi. Sadəcə son aylar HDP özünü göstərə, terrorla arasında məsafə qoya bilmədi. HDP ümumTürkiyə partiyası olacağını elan etmişdi, amma PKK-nın siyasi qanadı kimi fəaliyyət göstərdi, demədi ki, artıq biz parlamentə varıq, terrora ehtiyac yoxdur. Bu, amil HDP-nin səsinin müəyyən faizini itirə bilməsinə səbəb ola bilər. Bu, AKP-nin xeyrinədir. HDP barajı aşa bilməsə, qarışıqlıq salmağa çalışa bilər və iddia edər ki, kürd siyasi hərəkatı parlamentdə təmsil olunmur. Amma məsələ ondadır ki, Türkiyə Cümhuriyyəti qurulandan bu yana parlamentdə hər zaman kürdlər təmsil olunub. Hətta nazirlər arasında da kürdlər olub və indi də var. Sadəcə 7 iyunda kürdlər ilk dəfə siyasi hərəkat olaraq parlamentdə təmsil olundular. Amma həm AKP, həm də CHP sıralarında hər zaman kürdlər olub və mühüm vəzifələr tutublar. Bu mənada inanmıram ki, qarışıqlıq yaratsalar belə, bunun “kürdlərə qarşı assimilyasiya var” kimi təqdim edə bilsinlər. Çünki 13 ildə, həqiqətən də, kürdlərə böyük imkanlar yarandı. Bunu AKP hökuməti etdi. Yəni, dillərində rahat danışa bildilər, məhkəmədə kürd dilində özlərini müdafiə etmək hüququ əldə etdilər, televiziya və radioları oldu.

- HDP gücləndikcə, ermənilər də güclənir?
- Təbii ki, HDP 80 deputat yeri qazananda bu Türkiyədəki ermənilərin də mövqelərinin güclənməsinə imkan yaratdı. Çünki HDP ermənilərin istəklərinin carçısı kimi çıxış edir, bildirir ki, “erməni soyqırımı”nı tanımaq lazımdır. Amma məsələ ondadır ki, Türkiyənin oturuşmuş xarici siyasəti var və bu, diktə edir ki, Azərbaycanla strateji müttəfiqlik münasibətləri davam etdirilsin, Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədlər açılmasın. Odur ki, HDP parlamentdə olsa da, olmasa da, bu siyasət dəyişməyəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər