22 Sentyabr 2015 17:13
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə özünün siyasəti, xalqının mətinliyi ilə bu prosesdən çıxmalıdır. Baxın, son günlər Türkiyədə yüz minlərlə insan meydanlara çıxır ki, PKK ilə bağlı məsələ həll edilsin. Avropa və Amerikanın bəzi siyasi dairələri Türkiyədən əlini çəksin, Ankara öz siyasətini həyata keçirsin. Əks halda milyonlarla insan ayağa qalxacaq. Son günlər İstanbulda keçirilən mitinqlər də bunu göstərir. Hesab edirəm ki, bu məsələdə bütün türk xalqları, eləcə də, Türkiyənin daxilindəki cəmiyyətin müxtəlif təbəqələri birləşəcək”.

Bunu “Gündəlik Teleqraf”a müsahibəsində şair Musa Yaqub bildirib. Müsahibəni təqdim edirik:

- Musa Yaqub yay fəslində gözə dəymədi, televiziya və dövrü mətbuatda görünmədi. Bu ayları şair harada keçirdi?
- Bu saat doğulduğum İsmayıllı rayonunun Buynuz kəndindəyəm. Sentyabrın sonuna qədər burada olacağam. Ümumiyyətlə, sentyabrda Bakıda deyil, Buynuzda olmağı üstün tuturam. Çünki daha sakit, daha təmiz hava var. Payızın ilk ayını burada keçirmək daha asandır. Zarafata salıb deyim ki, təmiz havanı burada almaq da pulsuzdur. Mən yaradıcılıq əhval-ruhiyyəsində olan adamam. Təzə yazılarım var. Burada elə bir problemim yoxdur. Həyatla vuruşuram, müəyyən söhbətlərə qulaq asıram. Yay fəslində işləyə bilmirəm. Amma indi bir az yazı-pozum var, onlarla məşğulam.

- Yeni şeirləriniz varmı, kitab nəşr etdirmək haqqında düşünürsünüzmü?
- Əslində, mənim bütün şeirlərim kitabda çap edilib. Amma son iki ilin şeirləri kitabda yoxdur. Əlavə bir kitab çap etdirmək istəyirəm və bunu hazırlamağa çalışıram. Yeni şeirlərim də, özümün şəxsən bəyəndiyim şeirlər də bu kitabda olacaq.

- Buynuzda oturub ictimai-siyasi prosesləri izləmək imkanınız varmı?
- Əlbəttə, ictimai-siyasi prosesləri çalışıb izləyirəm. Amma bu məsələlər məni ürəyimdə maraqlandırır. Həm də, bəzi fikirlərimi elə şeirimdə, poeziyada həll edir, ürəyimin yanğısını orada söndürürəm. Sözlərimi şeirlə ifadə etmək mənim üçün daha rahatdır. Həm də sözü bədii deyəndə daha gözəl olur, yaxşı çıxır. Yoxsa, gah onun tərəfində, gah bunun tərəfində olmaq mənim işim deyil. Siyasət başqa peşədir. Mən də çalışıram ki, maraqlı olan məsələlərə şeirimlə fikrimi bildirim.

- Türkiyədə baş verən prosesləri izləyirsiniz?
- Təbii ki, Türkiyə bizə qardaş ölkədir, burada baş verənləri diqqətlə, həm də ürək ağrısı ilə izləyirəm. Mən təəssüf edirəm, ürəyimdə bir nisgil var. Türkiyə bizə ən yaxın, doğma yurddur. Mən türk ölkələrini, Türküstanı, Türkiyəni doğma sayıram. Hər zaman Türkiyənin inkişafına ümid bağlamışam. Doğrudan da, dünyada sözü və özü keçən, hər şeyi həll edən bir dövlətdir. Türkiyə Azərbaycanla tərəfdaş olmaqla yanaşı bizimlə daha doğmadır. Həmişə deyirlər ki, bir millət, iki dövlətik. İnanın ki, bu gözəl sözdür və mən bundan da doğma sayıram Türkiyəni. Dövlət sözü olanda həm də Türkiyə sözü ağlıma gəlir.

- Türkiyədə baş verənləri necə dəyərləndirisiniz?
- Türkiyənin içərisində onu sevməyənlər, onu ikiyə bölmək istəyənlər var. Eləcə də, ona hücum etmək, demokratik proseslərinə müdaxilə etmək niyyətində olan dövlətlər çoxdur. Bu saat həmin dövlətlər məmnuniyyətlə Türkiyənin daxilində olan sakitliyi pozmağı arzu edirlər. Açığı, mən bilmirəm ki, niyə belədir. Avropanın bəzi siyasətçiləri, elə Amerikanın da bəzi dairələri Türkiyə kimi qüdrətli bir dövlətin olmasını arzu etmirlər. İstəyirlər bütün dövlətlər onlara qapazaltı olsun, bu formada böyüsün. Onlar da qapazı vuranda sakit dayansınlar. Türkiyə də bunu qəbul edə bilməz, nəhəng bir dövlətdir, tarixi keçmişi var. Türkiyə bu səviyyəyə mübarizəsi, şəhidi, böyük döyüşləri ilə gəlib. İndi niyə başqa dövlətlərə qapazaltı olsun, onlar istədiyi siyasətin icraçısı olsun? Xeyr! Türkiyənin öz siyasəti var. Bu mənada Türkiyədə baş verən prosesləri izləyirəm və ürəyim Türkiyə tərəfdədir. İndi PKK və İŞİD-lə ciddi mübarizə gedir. İnanın, istərdim ki, bu PKK məsələsi bitsin, razılıq olsun. Daha doğrusu, PKK rədd olsun, insan qətliamı, terrorlar həyata keçirməyini dayandırsın. Əslində, bu, heç mübarizə üsulu da deyil. Bu problem həll edildikdən sonra Türkiyə yenidən qalxacaq, inkişaf edəcək. Türkiyə öz yolundadır və həmişə qalib gələcək.

- Türkiyə indiki durumundan necə çıxacaq?
- Türkiyə özünün siyasəti, xalqının mətinliyi ilə bu prosesdən çıxmalıdır. Baxın, son günlər Türkiyədə yüz minlərlə insan meydanlara çıxır ki, PKK ilə bağlı məsələ həll edilsin. Avropa və Amerikanın bəzi siyasi dairələri Türkiyədən əlini çəksin, Ankara öz siyasətini həyata keçirsin. Əks halda milyonlarla insan ayağa qalxacaq. Son günlər İstanbulda keçirilən mitinqlər də bunu göstərir. Hesab edirəm ki, bu məsələdə bütün türk xalqları, eləcə də, Türkiyənin daxilindəki cəmiyyətin müxtəlif təbəqələri birləşəcək. Türkiyədə türklər də, kürdlər də mehribanlıq içərisində yaşayır. Mən nədən narazıyam? Amerikanın, Avropanın “millətləri ayır və hökmranlıq et” siyasətini PKK həyata keçirir. Onlar ilanı Seyidəhmədin əli ilə tuturlar. Bu mənada Seyidəhməd olanlara qarşı mənim yaxşı münasibətim ola bilməz. Bilirsinizmi, mənim bir şeirim var: “Şimaldan küləklər, qərbdən kələklər, dürrələr, dirəklər ayırdı bizi”. Mən istərdim ki, bunlar olmasın.

- Siz Buynuzda olanda çoxlu sayda şair, yazıçı, rəssam, siyasətçi, alim qonaqlarınız olur. Maraqlıdır, bu dəfə kimlər qonağınız olub, sizi ziyarətə gəlib?
- Bax, bunu düz dediniz. Demək olar ki, dostlarımız burada olub. Yəni əksər şair yoldaşlarımız, yazıçı dostlarım bura gəliblər. Gəlib söhbət ediblər, çıxıb Buynuzu gəzmişik. İnanın ki, bura gələnlərin siyahısı çox böyükdür. Məsələn, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub burada olub. Saya başlasam, çox olacaq. Əksər şair və yazıçılarımızın yolu buralara düşəndə hökmən məni yada salırlar. İllah ki, Qəbələyə gedəndə “Buynuz kəndi” elanı görən kimi yollarını döndərirlər biz tərəfə. Gəlirlər, həmdaş oluruq, söhbət edirik, danışırıq. Əksəriyyəti gəlir. Təsəvvür edin ki, bu proses indi də davam edir.

- Bildiyim qədər Avropada övladınız yaşayır və mütəmadi Avstriyaya da gedirsiniz...
- Mən bu il getmədim. Çünki vaxt və imkan olmadı. Həm də istəmişəm ki, öz ailəmlə gedim. Onların da işi-gücü olub deyə gedə bilməmişəm. Ancaq istəməzdim ki, mənim nəslimdən, yurdumdan olan doğmalarım gedib orada yaşasın. Lakin o zaman çıxıb gediblər və indi orada yaşayırlar. Onlar İnsbruqda yaşayırlar. Bu, Avstriyanın gözəl bir kurort şəhəridir. Özüm bir-iki dəfə orada olmuşam. İndi də arada bir zəngləşirik.

- Oralar gözəldir, yoxsa Buynuz kəndi?
- Mənim üçün dünyada ən gözəl məkan Buynuzdur. Qəribədir ki, oranın da havası elə Buynuza oxşayır. İsburq şəhəri Alp dağlarının yaxınlığındadır, turizm şəhəridir. Lakin mənim üçün dünyada ən doğma yer Buynuzdur. Onu heç hara dəyişmərəm.

- Bakıya nə zaman gələcəksiniz, Bakıda görəcəyiniz işləri planlaşdırmısınız?
- Nəzərdə tuturam ki, sentyabrın sonlarında gəlim. Hələlik xüsusi bir işim yoxdur. Ancaq bəzi fəaliyyətim var. Bildiyiniz kimi AVCİYA-nın tərkibində “Azadlığın Müdafiə Fondu” yaratmışıq. İndiyə qədər müəyyən fəaliyyətimiz olub. Hazırda bu fəaliyyəti dayandırmışıq. Ancaq ola bilsin ki, yenidən fəaliyyətimiz olsun. Bu zamana bağlı məsələdir. Lakin bundan başqa elə bir vəzifəm, görəcəyim işlər yoxdur. Mən təqaüddə olan şəxsəm, işim şeir yazmaqdır.

- Qarşıdan parlament seçkiləri gəlir. Bu haqda nə düşünürsünüz?
- Açığı, seçkilərlə maraqlanmıram. Çünki müddət keçib. Namizəd olmaq niyyətim yoxdur.

- Yazıçılar Birliyi ilə münasibət saxlayırsınızmı?
- Birliyə arada gedib-gəlirəm, zəng edirəm, mənə zəng edirlər. Əlaqəm bu şəkildədir. Mən Yazıçılar Birliyindən nə kömək istəyəcəm? Onlar hamısı dostlarımdır. Mən yazıçıların bir-birini ittiham etməsini, günahlandırmasını heç cür qəbul edə bilmirəm. Bunu yersiz hesab edirəm.

- Maraqlı xarakteriniz var. Heç zaman Yazıçılar Birliyinin sədri və ya sədr müavini olmaqla bağlı iddianız da olmadı...
- Haqqım ola bilər. Mən haqqımı özüm istəyəndə tələb edə bilərəm. Hazırda mənim Bakıda evim yoxdur. Mən bu məsələni xüsusi qabartmıram. Eləyərlər sağ olsunlar, eləməzlər öz işimlə məşğulam.

- Zaman gedir, gənc şair və yazıçı nəsli yetişir. Onlarla münasibətiniz necədir?
- Ümidim elə bu gənc nəslədir. Səmimi deyim ki, şeirləri ilə maraqlanıram. Həm ənənəvi, həm də modernizm tonunda yazan şairlərimizi bəyənirəm. Bəzi şit-şit və qondarma şeirlərin olmasını istəmirəm. Özlərinə də bu haqda deyirəm. Amma ənənə üstündə yazan, ürəyi odlu-alovlu cavanlarımız çoxdur. Əlbəttə, onların adlarını bir-bir sadalamıram, amma hamısını oxuyuram və maraqlanıram.

- Gənc ədəbi nəsil bəzən köhnə nəsil ədəbiyyat nümayəndələrini hədəfə alır, onları tənqid edirlər. Ancaq heç zaman sizə toxunmurlar. Sizcə, buna səbəb nədir?
- Mənim bir şair dostum bu mövzuya yaxşı cavab verib. Deyib gedərsən təbiətə baxarsan ağacların biri əyridir, biri düzdür. Onda təbiətə qüsur tutmursan ki, niyə belədir. Çünki bunu Allah yaradıb. Musa Yaqubun da nəyi varsa, özünün içindədir. Bu mənada gənc həmkarlarımız məndə olan əyri budaqlara da girişmir, buna göz yumurlar. Mən də onların hamısını oxuyuram. Adlarını da demirəm. Çünki birdən kiminsə adı yadımdan çıxar. Ancaq hamısının yazıları ilə maraqlanıram.

Nemət


Müəllif:

Oxşar xəbərlər