Həyatı bahasına olsa da, çətin bir peşə sahibidir. Uzun illərdir ki, Azərbaycan kinosunda ən təhlükəli bir işin icraçısı kimi çalışır. Söhbət əməkdar incəsənət xadimi, Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri Əli Məmmədovdan gedir.
Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda tryuklar quruluşçusu və ifaçısı olub.
- 7 yaşımdan idmanla məşğul olurdum. Boks və şərq əlbəyaxa döyüş növünü çox sevirdim. Bir də çox dəcəl idim. Məncə, elə dəcəl uşaqlardan yaxşı kaskadyor olur. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birinciliyində 1-ci yerə layiq görüldüm. İkiqat Azərbaycan çempionu oldum.
- Səhv etmirəmsə, yolunuz Rəssamlıq Akademiyasından da düşüb.
- Doğrudur, orada təhsil almışam. Məzun olandan sonra 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat aldım. İdmanla məşğul olduğumdan və filmlərə çəkildiyimdən 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən Kaskadyorlar Assosiasiyasına göndərildim. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb vətənə qayıtdım. Sonra da "Azərbaycanfilm"də tryukların quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başladım. Filmlərə 1989-cu ildən çəkilirəm. Bu vaxta kimi 30-dan çox filmdə iştirak etmişəm. Bu işi peşəkar səviyyədə bilirəm.
- Sovet vaxtı bizim filmlərdə bu işləri kimlər görürdü?
- Sovet vaxtında bizim əksər filmlərdə tryuk səhnələrini Kudarbekinov adlı bir qırğız kaskadyor qururdu. Ona görə də Azərbaycanda kaskadyorluğun məktəbi yoxdur. Amma dünyanın bütün ölkələrndə kaskadyor məktəbi var, hətta festivallar da keçirilir. İndi ən vacib işimiz bu məktəbi yaratmaq, təlimatlandırmaq, dünya festivallarında çıxış etməkdir. Kaskadyorluğun da bütün peşələr kimi öz elmi var. Hər xırda şeyi ölçüb biçmədən məşğul olsan, onda risk çox böyük olacaq.
- Hazırda kaskadyorluq sahəsində vəziyyət nə yerdədir?
- Bu gün Azərbaycanda kaskadyor işinin vəziyyəti yaxşı deyil. Ona görə ki, filmlərimiz azdır. Bəzən bizim özümüzdə ola-ola başqa ölkələrdən kaskadyor dəvət edirik. Bu da inkişafımıza və irəli getməyimizə maneə yaradır.
- Niyə öz kaskadyorlarımız ola-ola əcnəbilərə müraciət edirik? Bunun səbəbini istehsalçılardan soruşmusunuzmu?
- Hər filmdə kaskadyor işinə ehtiyac var. Sadəcə onu bəzi insanlar bilmir. Və peşəkar olmadığına görə başa düşmürlər. Hətta Rusiyada və başqa ölkələrdə aktyorun hansısa riskli hərəkətinə cavahdeh bir quruluşçu kaskadyor olur. Misal üçün, aktyora tapşırıq verilir ki, bu ikinci mərtəbədən o biri binanın ikinci mərtəbəsinə keç. Onun təhlükəsizliyi nəzərə alınmadan aktyoru belə bir riskə atırlar. Bu da filmi çəkənlərin peşəkar olmamasından irəli gəlir. Ancaq xarici ölkədə bir balaca riskli hərəkət zamanı mütləq kaskadyor çağırılır. Kaskadyor bütün təhlükəsizliyi nəzərə alır.
- Yəni sözünüzdən belə çıxır ki, bütün filmlərdə Sizə ehtiyac var.
- Bəli, həmişə var. Adicə misal çəkim, aktyorun hansısa bir polisə, yaxud avtomobilin arxasında durub atəş açması səhnəsi çəkiləndə mən kaskadyor kimi özüm o səhnəni oynamışam. Və o səhnədə necə hərəkət etmək lazım olduğunu aktyora başa salmışam. O zaman görmüşəm ki, mən də əzilirəm. Əgər mən əzilirəmsə, deməli, aktyor mütləq şəkildə zədə ala bilər. Ona görə mən aktyorun hansı hissələrinə qoruyucu vasitələr qoyacağını dəqiq bilirəm. Aktyor o zaman təhküləsizliyini deyil, oynadığı rolu düşünəcək. Belə xırda vəziyyətlərdə də kaskadyora gərək var. Sadəcə bilmirlər.
- Sonuncu dəfə hansı filmdə çalışmısınız?
- İlqar Safatın çəkdiyi "İçərişəhər" filmində. Orada partlayış, tryuk səhnələrimiz var idi.
- Əli müəllim, Azərbaycanda kaskadyorların bazası hələ də yoxdur?
- Mən 25 ildən çoxdur ki, bu işlə peşəkarçasına məşğulam. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Rusiya Kaskadyorlar Assosiasiyasının üzvüyəm. Hər adam oranın üzvü ola bilmir. Üstəlik hər adam da quruluşçu kaskadyor ola bilmir. Azərbaycanda yeganə adamam ki, Rusiya Kaskadyorlar Assosiasiyasının üzvüyəm. Həmçinin Azərbaycanın əməkdar mədəniyyət işçisiyəm. Amma bununla belə 25 ildə kaskadyorların bazasını yaratmaq üçün hara müraciət etmişəmsə, kömək etməyiblər. İstəyərdim ki, öz bazamız olsun. Orada gəncləri öyrədəm, yetişdirəm. Çünki bu gün mən varam, sabah olmayacam. Gənclər yetişməlidir və gəlir də özümüzdə qalmalıdır. Bu, hər yerdə belədir. Heç bir ölkə kənardan kaskadyor dəvət etmir. Bu adət bircə bizdə belədir. Nədənsə yaxşını yox, yaxşı olmayan cəhətləri götürürük xaricdən. Bilmirəm, niyə belə edirlər. Bizim kaskadyorlar filmlərimizdə canlarını qoyurlar. Amma başqa ölkədən gələn film üçün can qoymaz. O, işini görüb, pulunu qazanacaq. Çünki bu, onun biznesidir.
- İstehsalçılarla maliyyə məsələsində problem yaşamırsınız ki?
- Azərbaycanda bu iş müqavilə əsasında həyata keçirilir. Kontrakt bağlanır, filmdə tryukların çətinliyinə görə qiymətlər dəyişir. Tryuklar çəkiləndən sonra kaskadyorların pulu verilir.
- Verilən məbləğ sizi qane edir?
- Açığını deyim ki, Azərbaycanda kaskadyorlara verilən qonorar bizi qane etmir. Mən xaricdə və ölkədə fəaliyyət göstərən bütün peşəkar kaskadyorların qiymətlərini bilirəm. Bizdə hər şeyi ucuzlaşdırıblar, aşağı səviyyəyə endiriblər. Başqa ölkədə bizə hörmət edirlər, onların filmlərində iştirak edəndə bizə peşəkar kimi baxırlar. Və buna uyğun da maliyyə verirlər, ancaq bizdə elə bilirlər ki, qiymətləri özümüzdən "şişirdirik". Heç həmin insanın özünə desəniz ki, gəl bu işi gör, heç vaxt eləməz. O işin içində risk də var, məsuliyyət də var. Bunların hamısı quruluşçu kimi mənim üzərimə düşür. Tryukların quruluşçusu yüksək səviyyədə peşəkar kaskadyor olmalıdır. Rusiyada koordinator, tryukların quruluşçusu və kaskadyor anlayışları var. Koordinator tryukların quruluşçusunu yönəldir, ayırır, seçir, tryukların quruluşçusu isə tryukları qurur və kaskadyorları seçir. Kaskadyorlar isə ona həvalə olunanı icra edir.
- Qiymətlər hər kaskadyorun özünə görə, yoxsa tryukların çətinliyinə görə müəyyən edilir?
- Hər kaskadyorun özünə görə qiyməti də var. Amma tryukların çətinliyi də mütləq nəzərə alınır. Çətinlik artdıqca qiymətlər artır. Müxtəlif cür avtomobil aşırtmaq olar: yana aşırtmaq, başı aşağı aşırtmaq, qayadan aşırtmaq... Ssenarini müzakirə edəndə aşırtmağın üsulunu qərarlaşdırırıq, sonra mən smetanı tuturam. Çətinliyi də onda bilinir.
- Hansı tryuk daha təhlükəlidir?
- Kaskadyor işində hər bir tryuk təhlükəlidir. Hansını deyim: avtomobil, at, yanmaq, hündürlükdən atlanmaqdır, suya atlanmaq və s. Bəzən elə olur ki, nisbətən təhlükəli bir hərəkəti edirsən, kaskadyora heç bir şey olmur, amma sadə bildiyim tyurukdan zədə ala bilirsən. Ona görə bütün truyuklar çətindir.
- Bir dəfə sizinlə söhbətdə dediniz ki, yanmaq 300 AZN dəyərində qiymətləndirilir.
- Yəqin, 30 faiz yanmağı nəzərdə tutursunuz. Yanmaq ən yüksək təhlükəli tryuklardan biridir. Yanan zaman havada uçaraq hərəkət etmək isə onun ən yüksək səviyyəsidir.
- O, neçəyə başa gəlir?
- Bunun qiymətini heç vaxt birbaşa demək olmur. Faizlərin sayı artdıqca çətinliyinə və riskinə görə qiymətlər də artır. Amma bununla da bitmir. Bu bir adamın yanmağıdırsa, onu xilas edənlər də ayrıca qiymətləndirilir. Quruluşçu kaskadyorun, tryukları yerinə yetirənin qiymətləri fərqlidir. Onu xilas edənlərin də qiymətləri ayrıdır.
- Neçə üzvünüz var?
- Assosiasiyada 7-8 nəfər üzv var. Əgər lazım olsa, o sayı artıra bilərəm. Əlavə adamlarım var.
- Harda məşq edirsiniz?
- Bu, bizim ən böyük problemimizdir. Məşqləri idman zallarında edirik. Ya kirayələyirik, ya da saat hesabı məşğul oluruq.
- Seriallar da sizin dadınıza çatmır?
- Mən qrupumla birgə seriallarda da işləyirəm. Amma yenə deyirəm, maliyyə cəhətdən hamısında problemlər var. Çox seriallar bu işləri qeyri-peşkar həyata keçirirlər. Bu yaxınlarda eşitdim ki, maşınla çəkilişlər zamanı qəza törədiblər. Özbaşına iş görənlər də var. Onlar başa düşmürlər ki, buna görə onlara cinayət işi açıla bilər.
- Xaricdən təklif olurmu?
- Əvvəllər bir sıra ölkələrlə işləyirdim. Artıq onlar da öz millətini qoyub başqasını dəvət etmir.
- Zədə almısınızmı?
- Xırda tryuklarda da zədə almışam. Ən təhlükəli tryuklardan zədə almamışam.
- Qadın kaskadyorlarınız varmı?
- Kaskadyor işi ilə məşğul olmaq üçün qızlar müraciət edirlər, sadəcə bazam olmadığına görə onlarla məşğul ola bilmirəm. Son olaraq demək istəyirəm ki, bütün dünyada ən güclü kaskadyor məktəbi Hollivuddur. Hollivuda gedib çıxa bilməmişik, amma onlarla birgə işləmişik. Əlbəttə, təcrübədən yararlanırıq. Filmlərə baxıb, internet vasitəsilə ilə bilmədiklərimiz öyrənirik, amma heç vaxt tryukları öz tryuklarımıza köçürmürük. Sizə deyim ki, işlərimiz onlardan heç də geri qalmır. Sadəcə onların bazaları böyük olduğuna görə lazımi əşyaları ala bilirlər.
Nərmin Muradova