Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı ilə ötənlərdə ekranlara çıxan “My name is İntiqam Moldova” filminin təqdimat mərasimində görüşdük. Yubiley tədbirinə ciddi hazırlaşan xalq artisti bu yaxınlarda “Azərbaycanfilm”in çəkəcəyi filmdə baş rolu oynayacaq. Daha bir film layihəsi olduğunu deyən aktrisa bu barədə danışmağa tərəddüd etdi. Qısa müsahibəmizdə aktrisadan uzun illər fəaliyyət göstərən “Bəşir” Teatrını da xəbər aldıq.
- Afaq xanım, bu il 60 illik yubileyinizi təntənəli şəkildə qeyd edirsiniz. Tədbir - tədbir ardınca gəlir... İliniz necə keçir?
- Özünüz də qeyd etdiniz ki, yubileyimlə əlaqədar silsilə tədbirlər keçirilir. Bəli, bu il, doğrudan da, mənim ilimdir. Çox da gözəl bir il yaşayıram. Çünki sevindirici hadisələr çox oldu.
- Gələn ay yubiley tədbiriniz keçiriləcək. Nələr və kimlər olacaq tədbirdə?
- Tədbirlə əlaqədar Musiqili Teatrda gərgin məşqlərimiz olur. İnanın, səhər saat 10-dan teatra gedirik, axşam ancaq çıxa bilirik. Yubiley tədbirimə əcnəbi ölkələrdən gələnlər də olacaq. Moskvadan, Gürcüstandan dostlarım, sənət yoldaşlarım təşrif buyuracaq. Amerikadakı dostlarım da gələcək. Hamısı mənə sürpriz etmək istəyir. Qonaqlar həddən artıq çoxdur. Amma onu deyim ki, mən heç kəsə dəvət göndərməmişəm. Bəri başdan deyirəm, dəvətnamə işinə mən qarışmıram. Afaqsevərlər həddindən artıq çox olduğuna görə mən onları bütünlüklə əhatə edəcək nə o salonu, nə də o yeri tapa bilərəm. Qonaqlarım özləri gələcək. Mənim öhdəmə düşən vəzifə o günü, o tədbiri layiqli şəkildə başa çatdırmaqdır. İnşallah, noyabr 7-də tamaşaçıları gözəl bir yubiley tədbiri gözləyir.
- Həyəcanlısınız? Adətən? deyirlər, peşəkar sənət adamları təcrübəyə əsaslanaraq bir o qədər də həyəcan hiss etmirlər...
- O həyəcan məndə həmişə var. Heç vaxt nöqsanlı olmaq istəməmişəm. Həmişə məsuliyyət hiss etmişəm, yaxşıların yaxşısı olmağa çalışmışam. Şüarlarla deyil, öz işimlə gündəmdə olmaq istəmişəm. Və o işimin bəhrəsini mənə qarşı olan sevgidə, diqqətdə, hörmətdə görmüşəm. Ona görə də həmişə məndə həyəcan, təşviş hissi olacaq. Aktyor müştəbeh olub özündən razı olmamalıdır. Ağac bar verdikcə başını aşağı dikdiyi kimi aktyor da bar verdikcə sanballaşmalıdır. İnsanı Allah yaradır, ona istedadı da Allah verir. Bu vergidir. Allah öz sevdiyi bəndələrinə yaşlandıqca müdriklik verir, sevmədikləri üçün düşüklük verir. Çox təəssüflər olsun ki, bu yaşda bizim sıralarımızda düşüklər də var.
- İlk dəfədir ki, Siz seriala çəkilirsiniz. Yadımdadır ki, serial efirə verilməmişdən öncə çox həyəcanlıydınız. Və deyirdiniz ki, bir neçə seriyadan sonra biləcəksiniz ki, “QaynanaMız”a çəkilməklə dorğu, yaxud səhv addım atmısınız. Peşman deyilsiniz?
- Xeyr, peşman deyiləm. Əksinə, çox şadam. Serial da, mənim orada yaratdığım obraz da tamaşaçılar tərəfindən çox yaxşı qarşılanır. Məni çoxdandır ki, tamaşaçılar ekranda görmürdülər. “QaynanaMız”dakı obrazım mənə görə yazıldığı üçün təklifi qəbul etdim. Həm də tərəf müqabillərim çox yaxşı sənət dostlarımdır.
- Eşitdiyimizə görə, “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə filmə çəkilirsiniz.
- Bəli. “Həddindən ziyadə təsadüflər” adlı bir filmdir. Filmin ssenarisini Ramiz Fətəliyev yazıb. Ramiz müəllimə çox böyük hörmətim var. Filmin rejissoru Ülviyyə Könüldür.
- Bəs niyə indiyə qədər sizi kinostudiyanın çəkdiyi filmlərdə görmürdük? Dəvət gəlmirdi, yoxsa dəvətlər arasında xoşunuza gələn rol olmurdu?
- Birincisi, dəvət gəlmirdi. İkincisi isə “Azərbaycanfilm”in çəkdiyi son filmlərdə görürsünüz ki, mənim rolum yaxud mənə aid rol yoxdur. Sadəcə, bir dəfə illər əvvəl Eldar Quliyevin “Girov” filmində çəkildim. Elə böyük rejissorun filmində ikinci planda epizodik rolda çəkilmək hər bir aktrisa üçün fəxrdir. Eldar mənim dostumdur, üstəlik də onun yaradıcılığını çox sevirəm. Ona görə epizodik rol olsa da o filmdə çəkildim. Və bundan zövq aldım.
- Xanım sənət adamlarının belə bir nigarançılığı var ki, son çəkilən filmlərdə aktrisaların oyununa gərək qalmır: ssenariləri kişilər yazdığına görə kişilər də çəkilirlər. Bu iradlarla razısınızmı?
- Qismən.
- Müşfiq Hətəmovdan bunun səbəbini soruşunda xüsusən demişdi ki, Afaq xanımın filmlərdə çəkilməsini istəyirəm. Amma ona təklif edə biləcəyimiz ssenari yoxdur.
- Afaqın ürəyincə olan film ola bilər ki, “Azərbaycanfilm”i qane etməsin. Ona görə də hər kəs öz mövqeyindən çıxış edir.
- Bu rolunuz nə ilə fərqlənəcək? Sizi necə inandırdılar?
- Filmin çox qəribə süjeti var. Amma onu əvvəlcədən açıqlamağa ixtiyarım yoxdur. Çünki filmin çəkilişləri hələ başlamayıb. Filmdə bütün həyatı keşməkeşlərlə dolu olan bir qadının rolunu canlandırıram. Ekran əsərində gülüş payı da olacaq, kövrək anlar da. Bu rolu “Afaq Bəşirqızının yaşına görə məhz bu rolları canlandırmalıdır”, deyə seçmədim. İnsani xüsusiyyətləri özündə əsk etdirən bir obraz olduğuna görə bu qadını canlandırmaq istədim. Rolla bağlı Ramiz müəllimlə də söhbətlərimiz oldu, birgə razılığa gəldik, ssenaridə bir az dəyişikliklər də etdik. Əminliklə deyim ki, obraz dolğun formada təqdim olunacaq.
- Rolu seçərkən tərəf müqabillərinizin kimlər olması sizin üçün önəmlidirmi?
- Əlbəttə, önəmlidir. Amma gəlin, mənim yaralı yerimə toxunmayın. Gəlin, o tərəf müqabili məsələsinə dəyməyək. Belə daha yaxşı olacaq.
- Bir vaxtlar “Bəşir” Teatrınız var idi. Bəlkə, indi də var, amma səsi-sorağı gəlmir deyə bizim bu barədə məlumatımız yoxdur. Teatr yaşayırmı?
- Azərbaycanda vəziyyətin necə olduğunu bilirsiniz, Rusiyaya gəlincə, orada təlatümlü bir ab-hava hökm sürür. Orada Rusiya vətəndaşı olmayan xarici vətəndaşların vəziyyəti ağırlaşıb. İşlə məşğul olan əcnəbi vətəndaşlara vergilərdən tutmuş münasibətə qədər çox kəskin dəyişiklik hiss olunur. Bir də ki, “Bəşir” Teatrı dörd il Rus Evi adlanan təşkilatın tərkibində idi. Bunun da bir neçə səbəbi var. Əsas odur ki, təşkilat xarici ölkələrə qastrollar təşkil edirdi. 2009-cu ildən 2011-ci ilə qədər “Bəşir” Teatrı səkkiz xarici dövlətdə qastrol səfərində oldu. Almaniyanın beş şəhərində, habelə İsrailə, İsveçrəyə, Amerikaya və digər ölkələrdə səfərlər etdik. Bütün bunlar mənim teatrımın spesifikasına uyğun idi. Çünki teatrımız köklü sürətdə bir yerdə qalmaq üçün yaranmamışdı. “Bəşir” Teatrı səyyar teatr kimi yarandı, elə də mövcudluğunu davam etdirdi. 2014-cü ildə səhhətimlə əlaqədar olaraq teatrı akademik məzuniyyətə çıxardım. Teatrın direktoru, müsahibi, hüquqşünası istisna olmaqla qalan işçilərin hamısı dəvətli olduğundan belə akademik məzuniyyətlər ola bilər. “Bəşir” Teatrı Rusiyada heç vaxt ləğv olunmayacaq. Xırda-xırda da olsa, onun fəaliyyəti indi davam edir. Məsələn, teatr üçgünlük Novosibirskiyə dəvət olunub. Amma tam anlamında teatrın fəaliyyətinin bərpasına çalışacam.
- Bu gün kommersiya filminin təqdimatına gəlmisiniz.
- Serialda mənim oğlumu oynayan Müşfiq Şahverdiyevin filmidir. Məmnuniyyətlə gəlmişəm.
- Son illər kommersiya kino bazarında irəliləyişlər gözə dəyir. Artıq xeyli sayda filmlər çəkilib. Bu sahənin inkişafını necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, bütün dünyada olduğu kimi Azərbaycanda da kommersiya filmləri çəkilməlidir. Hamı da bu cür filmlər çəkməyə çalışır. Amma “mənim pulum var, nə istəyirəm çəkirəm” deyib kommersiya sahəsinə yanaşmaq düzgün deyil. Təəssüf ki, indiyə qədər çəkilən filmlərə baxmamışam. Bu gün ilk dəfədir ki, baxacam.
- Afaq xanım, bu qədər işlərin içində ailənizə vaxt ayıra bilirsiniz?
- Sənətkar ailəni də, sənətini də qorumağı bacarmalıdır. Hamısına da vaxt tapmalıdır.
- Nəvəniz Bəşir də bu gün sizinlədir. Sənətinizi davam etdirməsini istəyirsinizmi?
- Nəvəm Bəşir onsuz da incəsənət xadimidir. Hələ onun 13 yaşı var, böyüdükcə seçimi çox dəyişiləcək. Mən oğluma da, nəvələrimə sənət seçimi barədə azadlıq vermişəm. İstəmişəm ki, gələcəkləri barədə qərarları özləri versinlər. Bəşirin kim olması mənim üçün önəmli deyil. Onun kişi, vətəndaş, əsl azərbaycanlı və Bəşir Səfəroğlu nəticəsi, Afaq Bəşirqızı nəvəsi olması mənim üçün daha önəmlidir. Sabah bu adı o, necə doğruldacaq, bax, əsas olan budur.
Nərmin Muradova