“Düşünürəm ki, Orta Şərqdə, ərəb ölkələrində, ələlxüsus Suriyada baş verən hadisələr yeni dünya düzəni, yeni siyasi coğrafiyanı hədəfə alan hadisələrdir. Sadəcə olaraq bu proseslər qanlı hadisələrlə müşayiət olunmalıdır. Çünki bu hədəfə çatmağın başqa alternativ yolları mövcud deyil. Bu hədəfə çatmaq üçün bəzi rejimlər devrilməli, yeniləri yaranmalı idi və sərhədlərə yenidən baxılması məsələsi gündəmə gəlməli idi”.
Bunu Teleqraf.com-a müsahibəsində ADR Hərəkatının sədr müavini, professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik:
- Türkiyə-Rusiya münasibətlərində davam edən gərginliyi necə qiymətləndirirsiniz?
- Əlbəttə, bu, arzu edilməyən bir situasiyadır. İndiki mərhələdə situasiyanı bir qədər də kəskinləşdirmək hər iki dövlət üçün ziyandır. Lakin son zamanlar müşahidə edilən budur ki, Rusiya tərəfi bilərəkdən münasibətləri kəskin şəraitə gətirir. Məncə, situasiyanı qəlizləşdirməyin perspektivi yoxdur. Ən azından Rusiyanın indiki ağır iqtisadi durumunda bu ölkəyə bir qədər də mənfi təsir göstərir. İkinci tərəfdən, bu prosesin Türkiyə iqtisadiyyatına müəyyən mənfi təsiri olacaq. Ancaq bizim müşahidə etdiyimiz odur ki, Ankara sivil və diplomatik qaydalara uyğun hərəkət edir. Lakin Rusiya diplomatik tərzi aşır, hədə dilində danışır, sanksiyaları kəskinləşdirəcəyini elan edir. Ola bilsin ki, Rusiyanın bu addımları daha çox daxili auditoriya üçün hesablanıb. Rusiyaya dəfələrlə xəbərdarlıq edilib ki, təyyarələri türk hava məkanını pozur. Söhbət mülki deyil, hərbi təyyarələrin Türkiyənin hava təhlükəsizlik zolağını pozmasından gedir. Üstəlik, bu təyyarələr türkmənlərin yaşadığı kompakt əraziləri bombalayır. Rusiyanın Ankaradakı səfiri bir neçə dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət olunub, ona müəyyən xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq Rusiya pilotları vərdişlərini davam etdirib və sonda məlum insident yaşanıb. Türkiyə heç vaxt onunla bu cür davranışı qəbul edə bilməz. Bu dövlət şəhid qanı ilə suvarılan dövlətdir. Bu baxımdan Türkiyənin addımları düzdür. Rusiya deyil, başqa bir ölkə də olsaydı, Türkiyə bu addımı atacaqdı. Üstəlik NATO dövlətidir. Türkiyəyə qarşı olmaq, hədələmək həm də NATO-nu hədələməkdir. NATO dövlətlərinin dövlət və hərbi büdcəsinə baxın. Məsələn, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən 3,5 dəfə çoxdur. Fərq budursa, bu dövlət başqa dövlətlə necə mübarizəyə girişə bilər? Hadisələr indi elə cərəyan edir ki, Rusiya iqtisadiyyatının içərisində önəmli yer tutan məsul şəxslər vəziyyətin fərqindədirlər. Bir epizodu bu cür şişirtmək və qaynatmaq lazımsız addımdır. Xüsusilə, nəzərə alsaq ki, bu məsələdə Türkiyə günahkar deyil.
- Vəziyyətdən çıxış yolu hansı addımlar ola bilər?
- Şübhəsiz ki, vəziyyətdən çıxış yolu ancaq diplomatik yoldur. Əgər xatırlayırsınızsa, Türkiyə ilə İsrail arasında gəmi böhranı yaşandı. İsrail hərbçiləri sivil gəmiyə hücum etmişdilər və nəticədə silahsız insanlar öldürülmüşdü. Türkiyə bu hadisəyə sakit, soyuqqanlı davranış nümayiş etdirdi, etirazını bildirdi. Amma bununla bərabər hazırda İsrail-Türkiyə münasibətləri normaldır. Bu münasibətlər həm də siyasi perspektivlərə hesablanıb. İsrail-Türkiyə münasibətlərinin normaya düşməsinin özü Rusiya-Türkiyə münasibətlərindəki pisləşməyə kompensasiya daşıyacaq. Ona görə də hesab edirəm ki, Türkiyənin davranışı bir sivil dövlətin davranışıdır və Rusiya da bundan nümunə götürməlidir. Çıxış yolu Rusiyanın beynəlxalq hüquq çərçivəsində addımlar atmasıdır. Əks təqdirdə hər iki ölkəyə ziyan dəyir.
- Rusiya HDP sədri Səlahəddin Dəmirtaşı Moskvaya, Ankara isə Mustafa Cəmiloğlunu Ankaraya dəvət edib. Bunu necə şərh etmək olar?
- Bütün bunlar bir-birinə cavab kimi qiymətləndirilir. Separatçı təşkilatın siyasi qurumunun rəhbərinin Rusiyaya dəvət edilməsi Ankaraya pressinq xarakteri daşıyır. Əslində, bu gün heç bir güc Türkiyə dövlətini sarsıtmağa qadir deyil. Türkiyədə separatçılıq niyyəti olan, dövlətin ərazi bütövlüyünə təhdid strategiyası quran hər hansı bir terrorçu qurum və ya onun siyasi qolu bu reallığı dərk etməlidir. Ankaranın Mustafa Cəmiloğlunu və digər tatar nümayəndələrini ölkəyə dəvət etməsi isə normal haldır. Çünki Krım tatarlarına dəstək lazımdır. Burada söhbət deportasiya və repressiya edilən bir xalqdan gedir. İkincisi, Rusiya tərəfindən Krımın istilasından sonra yerli tatarların durumu bir qədər də ağırlaşıb. Onların hüquqları qorunmur. Odur ki, yaranan bu vəziyyətdə Türkiyənin dəstəyi vacibdir. Digər tərəfdən, Krım tatarlarının muxtariyyət məsələsi də beynəlxalq hüquq əsasında həll edilməlidir. Əslində, bunu digər dəvətə qarşı qoyulan siyasi addım hesab etmirəm. Amma sadəcə olaraq bu səfərlər təsadüfən üst-üstə düşmüş də ola bilər.
- Həm Suriya, həm də İraq ərazisində türkmənlər yaşayır və bəlli olur ki, çox acınacaqlı durumdadırlar. Türkmənlərin gələcək taleyi necə olacaq?
- Türkmən məsələsində Türkiyə zamanında lazımi qətiyyəti nümayiş etdirmədi. Mən İraq hadisələri zamanı Türkiyənin türkmənlərlə bağlı atmalı olduğu addımı nəzərdə tuturam. Nəticədə İraqın şimalında kürdlər xeyli möhkəmləndi, öz imkanlarını artırdılar. Bəzən PKK-ya, eləcə də onun siyasi qoluna dəstək verdilər. İndi də kürd terrorçularının maliyyələşməsi, onların silah-sursatla təmin edilməsi məhz oradan həyata keçirilir. Mən PKK-ya beynəlxalq dəstəyin, bəzi mərkəzlər tərəfindən müdafiə edilməsinin üzərindən xətt çəkmirəm. Aydındır ki, Türkiyəyə siyasi təzyiqlər göstərmək üçün bəzi beynəlxalq mərkəzlər PKK terror təşkilatına dəstək verirlər. Ancaq bununla eyni zamanda Şimali İraqda da kürdlər gücləndikdən sonra PKK-ya müəyyən dəstək vermək işinə girişdi. İraq problemi ortaya çıxan zaman Türkiyə ortaya iradə qoymalı, İraqdakı türkmənlərə sahib çıxmalı idi. Təəssüflər olsun ki, zamanında bu addım atılmadı, əvəzində türkmənlər taleyin ümidinə buraxıldı. Bu siyasi baxımdan ciddi yanlışlıq idi. Lakin indi vəziyyət bir qədər fərqlidir. Suriya məsələsi meydana çıxanda Türkiyə İraqda buraxdığı səhvin nədən ibarət olduğunu müəyyən qədər anlaya bilmişdi. Odur ki, Ankara mümkün qədər çalışdı ki, Suriyada türkmənlərə sahib çıxsın. Çünki Suriyada türkmənlərin vurulması, yaşadığı ərazilərdən çıxarılması həm də Türkiyənin bir şərəf və ləyaqət məsələsidir. Düşünürəm ki, Türkiyə bu sahədə ciddi addım atdı. Hazırda Suriyada türkmənlərin çıxarılmasına qarşı müvafiq ölçülərin götürülməsi, müqavimət göstərilməsi planı işə düşüb. Hesab edirəm ki, bütün türk dövlətləri mümkün qədər türkmənlərə dəstək verməlidir. Çünki söhbət soydaşlarımızdan gedir.
- Rusiya-Türkiyə münasibətləri, türkmənlərin üzləşdiyi problemlər, Türkiyə-İran münasibətlərindəki gərginlik Suriyada yaşanan krizlə bağlıdır. Suriya böhranının həlli perspektivi nə dərəcədə realdır?
- Düşünürəm ki, Orta Şərqdə, ərəb ölkələrində, ələlxüsus Suriyada baş verən hadisələr yeni dünya düzəni, yeni siyasi coğrafiyanı hədəfə alan hadisələrdir. Sadəcə olaraq bu proseslər qanlı hadisələrlə müşayiət olunmalıdır. Çünki bu hədəfə çatmağın başqa alternativ yolları mövcud deyil. Bu hədəfə çatmaq üçün bəzi rejimlər devrilməli, yeniləri yaranmalı idi və sərhədlərə yenidən baxılması məsələsi gündəmə gəlməli idi və s. Ən əsas hədəflərdən biri kürdlərə bir dövlətin qurulması və İsrailə qarşı Amerikanın bu ərazilərdə yeni müttəfiqinin ortaya çıxarılmasıdır. Məncə, Şərqdə baş verən qanlı proseslərin son nəticəsi olaraq bu mənzərə ortaya çıxacaq. Çünki İsrailin müstəqil siyasət yürütməsi müəyyən dairələri qane etmir. Odur ki, bu ərazidə Qərbin yeni müttəfiqinin ortaya qoyulması reallaşdırılacaq. Proseslər də hazırda bu istiqamətdə gedir. İkincisi, Suriya məsələsi həm də Türkiyə üçün həyati əhəmiyyətli məsələdir. Çünki Suriya Türkiyə ilə böyük sərhədə malik qonşu dövlətdir. Suriyada hansı dövlətin qurulacağı, situasiyanın necə olacağı Türkiyə üçün həm də ciddi təhlükəsizlik məsələsidir. Odur ki, rəsmi Ankara Suriya məsələsinə biganə qala bilməz. Düşünürəm ki, bu gün Suriya məsələsində Türkiyənin aktivliyi, konkret mövqe nümayiş etdirməsi dediyim məsələlərlə bilavasitə bağlıdır.
- Hazırda İŞİD-ə qarşı ərəb ölkələri koalisiya yaradıb. Sizcə, bu koalisiya İŞİD adlı hərbiləşdirilən terrorçu silahlı dəstəni məhv edə biləcəkmi?
- İŞİD əslində islam təriqətinin bir qolunun qəti şəkildə hərbiləşdirilən bir formasıdır. İŞİD terror təşkilatıdır və bu cür qruplaşmalar heç nədən yaradılmır. Söhbət müharibə aparan, silahlanan, hərbi strukturlara malik, öncədən təlimatlandırılan təşkilatdan gedir. Şübhəsiz ki, onun ideyası öncədən yaranıb. İdeyadan sonra bu proses həyata keçirilir. Şəxsi qənaətimə görə, əslində bu, siyasi məsələdir. Başqa sözlə, özbaşına gedən proses deyil. İkinci tərəfdən də, bu qurum artıq ərəb ölkələrinin təhlükəsizliyini təhdid edir. Sadəcə olaraq, ərəb ölkələrinin siyasi rəhbərliyində olan və təriqət xətti İŞİD-lə üst-üstə düşən dövlətlər var. Onlar şübhəsiz ki, İŞİD-ə dəstək verirlər. Təbii ki, ərəb ölkələrinin yaratdığı koalisiya formal bir qurumdur. Düşünmürəm ki, bu qurum müstəqil şəkildə yaranıb və İŞİD-ə qarşı ciddi mübarizə xarakteri daşıyacaq. Sadəcə olaraq bu koalisiya ola bilsin ki, müəyyən dövlətlərin sifarişi və dəstəyi ilə yaradılıb. İŞİD-in bəşəriyyətə və insanlığa qarşı apardığı mübarizənin təhlükəliliyi müəyyən dövlətləri, sivil dünyanı bu addıma getməyə məcbur edir. Çünki yaranan bu durum Avropanın təhlükəsizliyi üçün təhlükə yaradır. Odur ki, hazırda dünyada İŞİD-ə qarşı böyük addımlara ehtiyac duyulur. ABŞ-da bunu başa düşərək müəyyən addımlara getməyə məcbur olur.
Nemət