“Ötən əfv ərəfəsində iclasımızı keçirdik və biz gözləyirdik ki, xeyli şəxsin adları orada olacaq. Həmin ərəfədə Azərbaycana qarşı kampaniyalar aparıldı, 3-cü ölkələr vasitəsilə məxfi maliyyələşən təşkilatlar yeni siyahılar çıxardı. Hökumət də həmin təzyiqlərə etiraz olaraq və ya nəyəsə görə əksəriyyətinin adı əfv olunanlar arasında olmadı. Amma artıq İşçi Qrupunun təqdim etdiyi adlar var. Bu siyahı Prezident Administrasiyasına, Əfv Komissiyasına təqdim olunub. Ona görə də iclasın keçirilməsinə xüsusi bir zərurət də yoxdur”.
Bunu Teleqraf.com-a müsahibəsində QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. Müsahibəni təqdim edirik:
- Perunun paytaxtı Lima şəhərində baş tutan konfransa qatıldınız. Səfəriniz necə keçdi?
- Limada “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə dair (MHŞT) VII Qlobal Konfrans keçirildi. Bundan əvvəl keçirilən VI beynəlxalq konfransda da iştirak etmişdik və Sidneydə yeni standartlar qəbul olunmuşdu. Bu qurumda 54-dən artıq ölkə təmsil olunur. Azərbaycan ilk üzv olan, prosesləri keçən və 10 ilə yaxın bu proseslərdə lider olan dövlətdir. Azərbaycan burada üçtərəfli qrup yaradıb. Bir tərəfdə şirkətlər, birində hökumət, digərində isə qeyri-hökumət təşkilatlarıdır. Təbii ki, bu üçtərəfli format unikal quruluşa malikdir. Bu məqsədlə Limada Azərbaycan nümayəndə heyəti iştirak edirdi.
- Konfransda Azərbaycanla bağlı hansı məsələlər oldu?
- Azərbaycan 10 ildən artıq lider olduqdan sonra ölkəmizin statusunu azaltdılar və namizəd etdilər. Bunu da onunla əlaqələndirdilər ki, guya Azərbaycanda qeyri-hökumət təşkilatlarına qarşı basqılar var. Bu dəfə ümid edirdik ki, vəziyyət normallaşdırıla bilər. Çünki “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nün prezidenti Kler Şort Azərbaycanda olarkən ölkə Prezidenti ilə görüşmüşdü. Bundan sonra dövlət başçısının tapşırığı olmuşdu və qeyri-hökumət təşkilatlarına münasibətdə xeyli proqres var. Xüsusən, bu, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”ndə iştirakı olan qeyri-hökumət təşkilatları ilə bağlı idi.
- Sizin çıxışınız hansı istiqamətdə oldu?
- Orada beynəlxalq katiblik, rəhbərlik və digər təşkilatlarla görüşlər keçirdik. Çıxışım zamanı Azərbaycanda baş verən son dəyişikliklərdən danışdım. Yəni qeyri-hökumət təşkilatlarının dondurulmuş hesablarının açılması, əvvəldən olan qrantların qeydiyyatı, yoxlamaların dayandırılması və sairə bu kimi məsələlərlə bağlı fikrimi bildirdim. Amma təəssüf ki, bu, kifayət etmədi. Çünki ötən ilin sonlarında Ədliyyə Nazirliyinin qəbul etdiyi, lakin heç kimə məlum olmayan və bu konfrans ərəfəsində məqsədyönlü şəkildə açıqlanan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin araşdırılması ilə bağlı qaydaları var. Həmin qaydalar tərcümə olunaraq konfransa təqdim edilmişdi. Bir neçə nəfər də çıxış edib Azərbaycanda qeyri-hökumət təşkilatlarına qarşı yeni dalğanın başlanıldığını dedi. O da öz mənfi təsirini göstərdi. O cümlədən Ədliyyə Nazirliyinin ötən il dekabrın 28-də qəbul etdiyi qaydalar təəssüflər olsun ki, Azərbaycanla bağlı fikirlərin dəyişməz qalmasına gətirib çıxardı. Çünki xeyli hazırlıq işləri görülmüşdü və həmin o qaydalara görə vəziyyət dəyişməz olaraq qaldı. Mart-aprel ayında Azərbaycanın bu təşkilatdakı üzvlüyünə yenidən baxılmalı və statusu məsələsi öz həllini tapmalı idi. Amma bu qaydaların qəbulu işin gedişatını dayandıracaq.
- Bu durumu necə qiymətləndirirsiniz?
- Bu qaydaları çox da dəhşətli bir sənəd hesab etmirəm. Lakin bu konfrans ərəfəsində bu qaydaların mətbuata sızması, işıqlandırılması və dərhal tərcümə olunub göndərilməsi hansısa məqsədyönlü fəaliyyətin tərkib hissədir. Təəssüf ki, belə qüvvələr yaxşı işləyirlər. MHŞT üzrə hökumət komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümovun çox yaxşı çıxışı oldu. Ümumiyyətlə, Azərbaycan orada çox yaxşı sərgi təşkil eləmişdi. Hökumət tərəfindən konfransda iştirak və hazırlıq yaxşı təşkil olunmuşdu. Qeyri-hökumət təşkilatları tərəfindən təmsilçilik var idi.
- Qeyd etdiyiniz qaydalarla bağlı hökumətə hər hansı təklifiniz olacaqmı?
- Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunlar, qaydalar qəbul edilməzdən əvvəl müzakirə olunur, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dinləmələr təşkil edilir. Amma bu yeganə sənəddir ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü ola-ola xəbərimiz olmayıb. Eyni zamanda, dekabrda qəbul olunmasına baxmayaraq, yalnız konfrans ərəfəsində üzə çıxıb. Bu sənəddə qeyd edilən “kompüterləri yoxlamaq” anlayışı bir növ əməliyyat istintaq hərəkətlərinə oxşayır. Misal üçün, qeyri-hökumət təşkilatlarına dəftərxana işinin təşkilinin öyrədilməsi məsələsi qeyd edilir ki, bunun özü yolverilməzdir. Yoxlamalar zamanı komissiyaya şəraitin yaradılması qaydaları əks olunub, amma təşkilatların 90 faizinin heç ofisi yoxdur. Digər tərəfdən maliyyə məsələləri ilə bağlı qaydalar var ki, bunlar Ədliyyə Nazirliyinə bağlı məsələlər deyil.
- Bir müddət əvvəl burada təmsil olunan təşkilatlar arasında narazılıq vardı. Bu, aradan qalxdımı?
- O qədər də yox. Ümumi yığıncaq olmalıdır. Hasilat Sənayesində Şəffaflıq Koalisiyasının Ədliyyə Nazirliyindən qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmək məsələsi yenidən gündəmə gətirilib. Açığı, mən bundan narazıyam. İndiki halda bu, demokratik idarəetmə sistemi olan bir QHT koalisiyasıdır. Onun QHT-yə çevrilməsi gələcəkdə bir şəxs iradəsi ilə idarə olunan adi bir təşkilata gətirib çıxaracaq. Ona görə də, aparılan müzakirələrdən razı deyiləm, baxmayaraq ki, nizamnamə komissiyası yaradılıb və mən də orada varam. Hesab edirik ki, təsis edən təşkilatların sayı çoxdur və həm də onların içərisində fiziki şəxslər var. Onların hamısının təsisçi kimi qalması, bir araya gətirilməsi çox çətin məsələdir. Koordinator Əliməmməd Nuriyev ona səy göstərir ki, hər kəsin maraqları təmin olunsun. Belə konfliktli, mübahisəli bir məsələ yoxdur, amma ümumilikdə fikir ayrılığı ola bilər.
- Siz həm də İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvüsünüz. Nədənsə, iki aya yaxındır İşçi Qrupunun görüşü keçirilmir.
- Ötən əfv ərəfəsində iclasımızı keçirdik və biz gözləyirdik ki, xeyli şəxslərin adları orada olacaq. Həmin ərəfədə Azərbaycana qarşı kampaniyalar aparıldı, 3-cü ölkələr vasitəsilə məxfi maliyyələşən təşkilatlar yeni siyahılar çıxardı. Hökumət də həmin təzyiqlərə etiraz olaraq və ya nəyəsə görə əksəriyyətinin adı əfv olunanlar arasında olmadı. Amma artıq İşçi Qrupunun təqdim etdiyi adlar var. Bu siyahı Prezident Administrasiyasına, Əfv Komissiyasına təqdim olunub. Ona görə də iclasın keçirilməsinə xüsusi bir zərurət də yoxdur.
- Bir neçə gün öncə Novruzla bağlı əfvin ola biləcəyi qeyd edildi...
- Təbii ki, bu, Prezident İlham Əliyevin səlahiyyətlərinə aid bir məsələdir. Əfvlə bağlı çoxlu ehtimallar olur, amma son nəticə dövlət başçısının özü tərəfindən müəyyən edilmiş olur. Novruz ərəfəsində əfvin olması ilə bağlı praktika var və ya başqa vaxt ola bilər.
- Ola bilərmi ki, İşçi Qrupunun əvvəl təqdim etdiyi insanların adları ehtimal edilən əfv fərmanında yer alsın?
- İşçi Qrupu siyahı ilə bağlı xeyli müzakirələr keçirib. Bunların içərisində ictimai xadimlər də, adi vətəndaşlar da var. Elə düşünülməsin ki, İşçi Qrupu ancaq adı keçən məşhur məhkumlarla bağlı məşğul olur. Həqiqətən, İşçi Qrupunun təklifləri hər zaman nəzərə alınıb.
- Əfv Komissiyasına yeni üzvlər qəbul edilib...
- Bu, sadəcə, rotasiya məsələsidir. Komissiyanın bəzi üzvləri vəfat etmişdi, bəziləri vəzifədən getmişdi. Məsələn, milli təhlükəsizlik naziri vəzifəsinə görə o komissiyanın üzvü idi. İndi Dövlət Təhlükəsizlik Xidməti yaranıb. Orada əvvəldən də bir neçə boş yer vardı. Ona görə də böyük əksəriyyət köhnə tərkib qalmaqla, əlavələr oldu. Məsələn, qeyri-hökumət təşkilatları sektorundan Əliməmməd Nuriyev bura üzv kimi əlavə olundu. Ona görə də bu dəyişiklik gözlənilən idi və bu rotasiya dəyişiklikləri bir neçə dəfə olub.
- Bu gün müzakirə edilən ictimai nəzarətlə bağlı qanun layihəsi əhəmiyyəti nədən ibarətdir?
- Ədliyyə Nazirliyi qaydaları qəbul etdikdən sonra qeyri-hökumət təşkilatlarında bir az susqunluq əmələ gəlib. Əvvəllər, müsbətə doğru olan, qrantların qeydiyyatı, problemlərin sürətlə həlli, eyni zamanda ölkə Prezidentinin ictimai nəzarətin güclənməsi ilə bağlı davamlı çağırışları nəticəsində belə bir qanun layihəsi Milli Məclisə verilib. Bu, Azay Quliyevin təşəbbüsü ilə olub və layihənin ictimai müzakirəsi keçirilib. Bu qanun layihəsi qeyri-hökumət təşkilatlarından ibarət ekspert qrupuna da göndərilib və baxılıb. Bu məsələ gündəmdə qalır. Amma bundan əvvəl “İctimai iştirakçılıq haqqında” Qanun qəbul edilib və onun tətbiqində problemlər var. Mərkəzi icra hakimiyyəti orqanları, nazirliklər, yerli icra hakimiyyəti orqanları belə şuraları hələ formalaşdırmayıb. Heç olmasa, bunu formal olaraq da etməyib.
- Yaradılan Apelyasiya Şuraları ilə bağlı birmənalı fikir yoxdur. Siz bu məsələyə necə baxırsız?
- Bir çox ölkələrdə inzibati-iqtisadi məhkəmələrə şikayət verənə qədər belə sənədlərə baxan administrativ qurumlar, deyək ki, şuralar olur. Təbii ki, Konstitusiya ilə hər kəsin məhkəməyə müraciət etmək hüququ var və bunu heç kim məhdudlaşdıra bilməz. Amma bu qeyd edilən məsələ bir prosedurdur. Məsələn, sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlərlə dövlət orqanlarının arasında daimi münasibətlər var. Bu münasibətlərdə də konfliktlər ortaya çıxır və bütün dünyada belədir. Bu konfliktləri ümumi bir prosedur qayda ilə yuxarı şikayət verirsən, baxılır və s. Bunun effekti olmur. İndi deyirlər ki, nazirliyin əməkdaşlarından ibarət bir qurum yaradılıb və əvvəlki kimi olacaq. Əvvəllər şikayətin bir kağız dövriyyəsinə keçirdi, o baxırdı, bu baxırdı, rayona gedib çıxırdı. Ancaq indi kağız dövriyyəsindən kənar orqan var və şikayətini edirsən. Artıq bu qurum prosedur qaydasında şikayətə baxmalıdır və cavab verməlidir, günahkar varsa cəzalandırmalıdır. Artıq burada başqa yol yoxdur. Üstəgəl, bundan razı qalmasan, Prezidentin yanında yaradılan şuraya müraciət edirsən. Bu şura görsə ki, şikayət obyektiv araşdırılmayıb, onda əvvəlki Apelyasiya Şurasının üzvlərini cəza gözləyir. Mən bunu müsbət addım hesab edirəm.
Bəxtiyar Məmmədli