ABŞ administrasiyası bildirir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun mexanizmi artıq işləmir və Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yoluyla nizamlanma ilə məşğuldur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib.
"Mənə elə gəlir ki, o, konsensus vasitəsilə bu mandata son verə biləcəyimiz yerə qədər inkişaf edib. Bununla belə, mandatın özü kifayət qədər faydalıdır. Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri arasında koordinasiya prosesi artıq işləmir. Biz tərəflərin sülh prosesində birbaşa iştirak edirik", - deyə ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən diplomat bildirib.
Onun sözlərinə görə, Minsk qrupu məlum olduğu formatda artıq fəaliyyət göstərmir:
"Mandat qalır. Mandatın məqsədi, təbii ki, saxlanılır. ATƏT isə konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla, hazırda regionda fəal iştirak edən Aİ ilə, digər maraqlı tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqə saxlayıram".