30 Oktyabr 2020 12:31
8 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Sevda Ələkbərzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sevda xanım, türkiyəli müğənni "Manga” qrupunun solisti Fərman Akgül ilə Qarabağa həsr edilən "Ulu Vətən" duetini ifa etdiniz. İşbirliyi necə alındı?

- Türkiyə bizə çox böyük dəstək verir. Qardaş Türkiyə bizim Vətən müharibəmizdə həm siyasətdə, həm də sənətdə dəstəkdirlər. Musiqiçilər bizi necə dəstəkləyə bilərlər? Təbii ki, öz sənətləri ilə. Mənə çox xoşdur ki, Fərman Akgül bu dəstəyə qatılıb və biz birlikdə vətənpərvər mahnı ifa edəcəyik. Mahnı "Ulu Vətən" adlanır. Klip yaxın günlərdə həm Azərbaycanda, həm də Türkiyədə yayımlanacaq.

- Cəbhə bölgəsindən qələbə xəbərləri gəlir. Təəssüratlarınız necədir?

- Bütün xalqımız cəbhə bölgəsindədir. Təbii ki, bizim əsgərlərimiz, ordumuz çox güclüdür. Artıq 90-cı illərin Azərbaycanı deyil. Biz indi anlayırıq ki, dövlət və dövlətçilik nədir! Çox güclü Ordumuz var və inanıram ki, torpaqlarımızı işğaldan azad edəcəyik və qələbə qazanacığıq. İnsanlar 30 ilə yaxın idi ki, bu günü gözləyirdilər. Buna baxmayaraq bir gözümüz gülür, bir gözümüz ağlayır. Bilirsiniz ki, ermənilər terror törədirlər, dinc əhalimizi atəşə tuturlar. Gəncə və Bərdəni atəşə tutuldular, həlak olan və yaralananlar var. Hər bir azərbaycanlının arzusu budur ki, Qarabağ işğaldan azad edilsin və doğma torpaqlarımıza qayıdaq.

- Siz bir çox xarici ölkələrdə Azərbaycanı təmsil etmisiniz. Ermənilərin lobbisi güclü olan ölkələrdə çıxışlarınız zamanı hansısa provokasiyaya məruz qalmısınızmı?

- Mənim ifa etdiyim səhnələrdə ermənilər olmadığına görə hər hansı təxribat etməyiblər. Amma onların lobbiləri çox güclüdür. Görürsünüz ki, yalan xəbərləri bütün dünyaya yayırlar. Həm də xristian olduqlarına görə bu da rol oynayır.

- Necə düşünürsünüz, ermənilərlə Dağlıq Qarabağda birlikdə yaşaya bilərikmi?

- Çətin sualdır, mən siyasətçi deyiləm. Düşünürəm ki, ilk vaxtlar çətin olacaq. Amma yəqin ki, zaman özü həll edəcək. Cənab Prezident İlham Əliyev nə deyirsə, dinləyəcəyik və əməl edəcəyik. Ali Baş Komandan olmasaydı, bu qələbəni qazanmaq çətin olardı. Bizim Prezidentimiz güclü lider və siyasətçidir.


Müəllif: Rəqsanə Həsənova