Ağdamda V Beynəlxalq “Həmzə Nigari” Simpoziumuna start verilib. Simpozium Ağdamın Quzanlı qəsəbəsində yerləşəm Muğam mərkəzində keçirilir.
Teleqraf.com xəbər verir ki, V Beynəlxalq “Həmzə Nigari” Simpoziumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə təşkil olunub. Üç gün davam edəcək simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.
Simpoziumda Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Paşa Quliyevin “Laçın” şikəstəsinin səsləndirilməsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında milli rəqslər, Həmzə Nigari şeirlərindən ibarət qiraət, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblı, Amasiya şəhərinin mədəniyyət müdiri Osman Akbaşdan Həmzə Nigari ilahiləri, İran Aşıqlar Birliyi üzvlərinin Qarabağa həsr olunan musiqiləri, Qazax rayonu Aslanbəyli kəndindən meyxana qrupu və digər maraqlı proqramlar nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçı məruzə ilə çıxış edəcək. Məruzələr Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə edəcək.