8 May 2017 14:22
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün beynəlxalq münasibətlər sistemində baş verən dağıdıcı proseslər, milli dövlətlərin öz müstəqillikləri itirməsinə səbəb olan hadisələr Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun əhəmiyyətini bir daha ortaya qoyur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova səsləndirib.

O xatırladıb ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşılaşdığı ictimai, siyasi, ideoloji və təhlükəsizlik problemləri təkcə həmin dövr üçün deyil, ölkəmizin gələcəyi üçün də ciddi təhdidlər yaradırdı: “1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin yaranması və genişlənməsi üçün əlverişli şərait yaranır. İdeoloji boşluğun yaratdığı belə mühitdə çox vaxt maraqlı xarici qüvvələrin əli ilə cəmiyyətə yad, zərərli ideologiyaların şüurlara nüfuz etdirilməsi təhlükəsi meydana çıxır. Məhz belə zərərli tendensiyalarla qarşı-qarşıya qalan Azərbaycanda yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitlik yaradıldı, universal ideoloji formula olan azərbaycançılıq prinsipinə istinad etməklə mövcud ideoloji boşluq aradan qaldırıldı”.

Deputatın sözlərinə görə, hazırda dünya miqyasında daha ciddi iqtisadi və siyasi kataklizmlər müşahidə edilir, milli dövlətlər qeyri-sabitlik problemi və dağıdıcı tendensiyalarla qarşılaşır. Onun fikrincə, belə bir şəraitdə Azərbaycanın uğurlu, praqmatik və balanslaşdırılmış xarici siyasət kursu öz sözünü deyir, ölkəmiz həm sabitlik adası kimi çıxış edir, həm də öz beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirir: “Sirr deyil ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji kurs Azərbaycanın beynəlxalq arenada müstəqil dövlət, söz və nüfuz sahibi kimi çıxış etməsini təmin etməklə yanaşı, həm də sonrakı illərdə ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına şərait yaradan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması, məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər