Azərbaycan ərazisi təxminən Birləşmiş Ştatların uzaq şimal-şərqində yerləşən Meyn ştatının ərazisi ilə eynidir. Mən və həyat yoldaşım Enn Meyndə yerləşən ağac fermasının sahibiyik və biz ailə üzvlərimizlə birgə buraya tez-tez səyahət edir, təbiətin gözəlliyini sehr edirik. Azərbaycanda olduğu kimi, Meyndə kənd təssərüfatı, xüsusilə kiçik fermalar ailələrin gəlirinin vacib mənbəyi və ənənələrin qorunması yollarından biridir.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tətil boyunca yaşadıqlarını qələmə aldığı məqalədə qeyd edib.
Diplomat ailə fermasına yaxın olan Vinzor şəhərində bir həftəlik yarmarka keçirildiyini qeyd edib: “Mən və oğlum Stefen yarmarkanın hazırlıq işləri ilə tanış olmaq və yarmarka Prezidenti Tom Foster və Meynin senatoru Anqus Kinqin siyasi müşaviri Mark Kilkilli ilə müzakirələr aparmaq üçün gözəl imkan əldə etmişdik. Yarmarka rəsmi olaraq avqustun 27-də başlayır və ABŞ-da Əmək Günü kimi qeyd olunan 4 sentyabrda işini bitirir. Təxminən 130 minə yaxın insanın yarmarkaya gələcəyi və Meynin fermaçılıq ənənələri və tarixi ilə tanış olacağı gözlənilir. Vinzor yarmarkası sadəcə, bir sərgi deyil. O, həmçinin ailələri bir araya gətirib yük maşınları, traktorların, atların iştirakı ilə keçirilən müxtəlif yarışmaları seyr etmək üçün bir məkandır”.
O, Meyndə məzuniyyətdə olduğu zaman Azərbaycanı unutmadığını qeyd edib: “Orada keçirilən yarmarka mənə Azərbaycanın iqtisadiyyatının diversifikasiyası və kənd təsərrüfatının inkişafına verdiyi səyləri xatırlatdı. Sözügedən səylərə dəstək vermək Azərbaycandakı ABŞ səfirliyinin və USAİD təşkilatının diqqət mərkəzindədir. Şəxsən mən bu məsələyə çox ciddi yanaşıram. Meyndə yaşayan insanlarla danışarkən meynli və azərbaycanlı fermerlərinin arasında çoxsaylı oxşarlıqları müşahidə etdim. Oxşarlıqlar həm fermaların nisbətən kiçik ölçüləri, həm də fermerlərin əldə etdikləri məhsullara görə olan qürur hissindən, məhsulların daha orqanik olması üçün göstərilən səylərdən ibarətdir. Alma yetişdirilməsi və heyvandarlığın inkişafı, fermerlərin gəlirinin artırılması Meyndə də Azərbaycanda olduğu kimi çox vacibdir. Meyn fermerləri də azərbaycanlılar kimi əldə etdikləri məhsulların keyfiyyətindən qürur duyurlar”.