21 İyul 2018 19:55
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbil şəhərinin daha bir millət vəkili İranın təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə ana dilinin tədrisinin qadağan olunmasına dair çıxışına etiraz bildirib.

Teleqraf.com xəbər verir ki, M.Feyzinin məsələyə münasibəti “Teleqram” səhifəsində yaydığı məlumatda əks olunub.

“Yerli dillərdə dərs keçərək, fars dilini öyrənmək nəinki təhlükəli deyil, hətta şagirdlərin öyrənmə qabliyyətini artırar. Mən bilmirəm təhsil naziri nəyə istinad edərək, belə bir açıqlama verib, lakin onun açıqlamasının elmi əsası yoxdur”, – deyə M.Feyzi qeyd edib.

Millət vəkili həmçinin təkidlə vurğulayıb ki, təhsil naziri ölkə konstitusiyasının 15-ci maddəsini icra edərək, bütün İran xalqlarının naziri olmalıdır.

M.Feyzi Ərdəbil əyalətinin 7 millət vəkilindən təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirən ikinci deputatdır. Bundan əvvəl Meşkinşəhrin millət vəkili Vəli Məliki oxşar açıqlama ilə çıxış edərək nazirin ana dillərinə qarşı çıxışını pisləyib, məktəblərdə türk dilinin tədris olunmasını tələb edib.

Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri M.Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması azərbaycanlıların kəskin etirazına səbəb olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər