26 İyul 2018 15:54
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dili məsələsi İran İslam Respublikasında ciddi problemlərdən biridir. Ölkə əhalisinin yarısının ana dilində təhsil almasının qadağan edilməsi, İran coğrafiyasına tam olaraq hakim olmuş türk etnosunun assimilyasiyaya məruz qoyulması hər şeydən əvvəl ilahi qaydalara asilik etməkdir. İstər islamı, istərsə də onun əsas cərəyanlarından olan cəfəriliyi türk sülalələri – Səfəvilər, Əfşarlar, Qacarlar yaşadıblar. Bu gün İranın rəsmi dövlət ideologiyasının bünövrəsini babamız Şah İsmayıl qoyub.

Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

O qeyd edib ki, bu gün həmin nəsillərin törəmələrinə belə münasibət yolverilməzdir:

“Biz islam fəlsəfəsi ilə yaşayırıqsa, o zaman “Quran” ayələrinə söykənməliyik. “Quran”da isə Allahın bəşəriyyəti qövmlərə, tayfalara, müasir anlayışla desək, xalqlara böldüyü aydın göstərilib. Yaradan məsləhət bilsəydi, onda hamını farsdilli, yaxud ərəbdilli edərdi. Görünür, İran hökumətinin məmurları bu işi öz boyunlarına çəkirlər. Allahın düz bildiyini, bunlar anladıqları kimi etməyə qərar veriblər. Bu, yanlış siyasətdir. İran dövlətinin sahiblərindən biri, bəlkə də birincisi elə türklərdir. Necə ola bilər ki, əsas etnoslardan birinin nümayəndələri ana dilindən məhrum edilsinlər? Təhsil əsas məsələdir. Ana dilində təhsili olmayan xalq əriyəcək. İsveçrədə dörd, Kanada və Belçikada isə iki dil dövlət dili statusundadır. Bəyənmədikləri İsraildə ərəb dili dövlət dili statusuna bərabər tutulur”.

Ə.Əliyev hesab edir ki, problemin çözümü İran təhsil nazirinin dediyinin əksidir:

“İran dövləti oranın vətəndaşlarının bərabər qurduğu dövlətdir. Deməli, əsas etnik qruplar hakimiyyətdən bərabər münasibət görməlidirlər. Belə olarsa, İran düşmənlərinin daxili təfriqə törətmək imkanları azalar. Bu mövqe ilə isə uzağa gedə bilməzlər.

Verilmiş bəyanatı İranın bugünki vəziyyəti ilə əlaqələndirirəm. İran Donald Tramp administrasiyasının hədəfindədir. Bu müraciət də yaranmış vəziyyətdən qaynaqlanır. İran iqtidarı , görünür bölgədə nəbz yoxlaması aparır. Bəlkə də əsas təzyiq dalğası başlamadan daxili situasiyanı provokasiya edərək, zəif bəndləri ləğv etmək istəyirlər.

İran bizim dost və qardaş dövlətimizdir. Biz Azərbaycan və İran türkləri istəmərik ki, İranda çətinliklər yaşansın. Dünyanın İrana qarşı yeriməsi maraqlarımıza uyğun deyil. Lakin bizim üçün də ana dili məsələsi qırmızı xəttdir. Bunu İran rəsmi çevrələri anlamalıdırlar. İranda türk dilinin statusu dəyişməyənə qədər belə sərsəm bəyanatlar səslənəcək, onlar olduqca isə gərginlik daim qalacaq. Biz bunun əleyhinəyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər