Krımı Rusiyanın ərazisi kimi tanıyan dövlətlərdən ehtiyatlı olmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Krımı Rusiyanın ərazisi kimi tanıyanlar başqa separatçıları və başqa ilhaqları da rəsmən tanıya bilər:
“Fələstin Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırlaşır. Bu haqda Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz açıqlama verib. “Fələstin bölgədə baş verən hadisələri anlayır və xalqların özmüqəddəratını təyinetmə hüququnu tanıyır”, – deyən səfir Krım məsələsində Rusiyanın mövqeyini dəstəklədiklərini vurğulayıb. Fələstin səfiri başqa sözlə demək istəyib ki, ölkəsi Rusiyanın Krımın ilhaqını doğru sayır və Ukraynanın ərazi bütövlüyünə hörmət etmir”.
E.Şahinoğlu qeyd edib ki, Fələstinin Azərbaycanda da səfiri var:
“Səfirin adı Nasir Əbdül Kərimdir. Onun öz həmkarının fikirlərinə, o cümlədən ərazi bütövlüyü ilə “özmüqəddəratını təyinetmə hüququ” anlayışına münasibətini bilmək maraqlı olardı”.