28 Sentyabr 2018 08:35
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geosiyasi şərtlərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə imkan verib-vermədiyini demək çətindir. Çünki geosiyasi şərtlər dəyişkəndir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Bölgədə müxtəlif siyasi qütblərin maraqlarının olduğunu bildirən politoloqun sözlərinə görə, Suriyada uzlaşan dövlətlərin belə, Cənubi Qafqazda mənafeləri toqquşur:

“Yəni, ziddiyyətlər kifayət qədər dərindir. Cənubi Qafqaz həssas regiondur. Hətta bəzi məqamlarda Cənubi Qafqaz ətraf bölgələrin siyasi episentri hesab olunur. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinə qlobal geosiyasi proseslər kontekstində baxmaq geniş izah tələb edir. Amma baş verən proseslərə və Nikol Paşinyanın BMT-dəki çıxışlarına diqqət etsək görə bilərik ki, Ermənistanın yeni hakimiyyəti qarşıdan gələn seçkilərdə qalib gəlib öz hakimiyyətini gücləndirənədək prosesi uzatmağı qarşısına məqsəd qoyub.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt ritorikanın ortaya çıxmasının əsas faktorlarından biri də budur.
Paşinyan seçkiqabağı dönəmdə “Qarabağ klanı” ilə gərgin qarşıdurma kontekstində Qarabağ məsələsi ilə bağlı mövqe nümayiş etdirməkdən yayınır. Buna görə də, ən sərt bəyanatlar verir, bu da danışıqlar prosesində müsbət atmosferin yaranmasına mane olur”.

Məsələnin Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri kontekstində dəyərləndirilməsinə gəlincə, Elçin Mirzəbəyli hesab edir ki, Kremlin Qarabağ problemi ilə bağlı fərqli yanaşması var:

“Bəzi məqamlarda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu, ATƏT-in Minsk qrupunun buna mane olduğu iddiasını önə çəkirlər. Başqa bir tərəfdən isə Rusiyanın “Qarabağ kartı”nı əldən vermək istəmədiyini bildirirlər. İndiki məqamda isə ikinci faktor daha çox müzakirə mövzusudur. Buna görə də, Rusiyanın məsələsi ilə bağlı birmənalı mövqeyi ortada deyil. Baxmayaraq ki, Rusiya hakimiyyətinə yaxın siyasi institutlar tərəfindən də Qarabağ ətrafındakı 7 rayonun 5-nin Azərbaycana qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir, amma bunlar rəsmi mövqeyi ifadə etmir. Bu fikirlər sadəcə fərziyyələr və ehtimallar formasında irəli sürülür.

Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağa özünün ərazi bütövlüyündən kənarda status verməyəcəyini bəyan edir, bu isə ölkənin son mövqeyini ifadə edir. Bu baxımdan da istər Rusiya prezidentinin səfəri, istər BMT Baş Assambleyasında baş verən proseslər, istərsə də mövcud geosiyasi şərtlər fonunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə danışıqlar yolu ilə həll ediləcəyi mümkünsüz görünür”.

Politoloq yaranmış vəziyyətə qarşı Azərbaycanın ən maksimal formada atdığı addımların olduğuna diqqət çəkib və qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçılıq addımlarına cavab olaraq, öz Silahlı Qüvvələrini kifayət qədər gücləndirib:

“Ölkədə keçirilən sonuncu müdafiə sərgisi Azərbaycanın potensialının ciddi şəkildə güclü olduğunu və ölkənin öz ərazilərini işğaldan azad etmək qüdrətində olduğunu nümayiş etdirdi. Qısa müddət ərzində Bakıda iki möhtəşəm hərbi paradın keçirilməsi də buna əlavə sübutdur.

Bir tərəfdə Azərbaycan öz potensialını ortaya qoyur, digər tərəfdə isə Paşinyan quru bəyanatlarla kifayətlənir. Erməni cəmiyyəti gözlərini bir az da açıb baxsa, Paşinyanın bəyanatlarının arxasında ciddi potensialın olmadığını görə bilər.

Rusiyanın mövqeyinə gəlincə, bu ölkənin Ermənistanı işğal faktorundan əl çəkməyə məcbur edəcək kifayət qədər güclü təsir mexanizmi var. BMT Təhlükəsizlik Şurasının üzvü kimi də Rusiyanın sülhə çəkmək üçün hüquqi imkanları mövcuddur. BMT qətnamələri də buna imkan verir. Bütün bunlardan kənarda olanlar təfərrüatdan başqa bir şey deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər