19 Mart 2019 14:38
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş məmurlardan biri Əli İnsanov öz azadlığı üçün ABŞ-a təşəkkür edir və Feysbukda, Tvitterdə gənclər onun bu fikrini də, “hələ bilmək olmaz, kim kimə birləşəcək” iddiasını da yumşaq desək, zarafatla qarşılayırlar. Kimsə vəzifədə olanda hər cür haqsızlığı edib, haqsızlığa göz yumub, əlindəki imkanları itirəndən sonra haqq-ədalət carçısına çevrilmək istəyirsə, bu, normal deyil.

Teleqraf.com xəbər verir ki, bu fikirləri siyasi fəal Bəxtiyar Hacıyev öz Feysbuk səhifəsində yazıb.

“2 il ABŞ-ın ən nüfuzlu universitetində təhsil almışam, 1 il əlavə yaşamışam. Təhsilim müddətində də, ondan əvvəl də, həbsimdən öncə də, sonra da, dəfələrlə Dövlət Departamentində, ABŞ senatında, Ağ Evdə görüşlər olub.

Həm diplomatlar, həm siyasətçilər, həm tələbə yoldaşlarımdan Obama Administrasiyasında Oval Ofisə bitişik, həftədə 3-4 dəfə Oval Ofisdə olan tələbə yoldaşlarımla sıx əlaqəm olub. Həbsdə olduğum müddətdə Avropa ilə yanaşı, Harvardın professorları, ABŞ senatorları dəfələrlə azad olunmağım üçün açıq çağırışlar, qapalı məktublar göndəriblər.

ABŞ-ın indiyə qədər gəlmiş-keçmiş ən güclü siyasətçilərindən, qadın olaraq bir çox sərhədləri dağıtmış, dünyada ağır çəkisi olan Hillari Klinton Bakıya gəlməmişdən 2 gün əvvəl azad edilmişəm, Bakıda bir neçə saatlıq səfərinin bir hissəsini mənimlə təkbətək görüşdə keçirib. Klinton hava limanında "mən bu gün görüşmək şansım olan Bəxtiyar Hacıyevin şərti azadlığa buraxılmasına görə prezident və hökuməti təqdir edirəm, ümid edirəm ki, o və digər vətəndaş cəmiyyəti təmsilçiləri işlərinə davam edəcəklər, o işlər ki, cəmiyyəti gücləndirir, Azərbaycanı daha güclü və böyük dövlət edir. Çünki biz inanırıq ki, 21-ci əsrdə o dövlətlər çiçəklənirlər ki, onlar qanunun aliliyinə, söz və ifadə azadlığına, digər universal hüquqlara hörmətlə yanaşırlar" dedi.

Klintonun şəxsi görüşdə dedikləri də bundan fərqlənmirdi”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.

Onun sözlərinə görə, ABŞ-a səfərim zamanı Azərbaycanda azadlığı üçün çalışan adamların hər biri ilə görüşüb, təşəkkür edib, senatorlar Tvitterdə birgə fotoları paylaşıb, onu azad gördüklərinə görə şad olduqlarını yazıblar:

“Amma nə senatorlar, nə Ağ Evdəki dostlarım, nə təkbətək görüşdə məni xeyli tərifləyən və xoş münasibət göstərən ABŞ Dövlət Katibi Klinton nə təkbətək görüşlərimizdə, nə də ictimai çıxışlarında "səni biz azad etdirdik" deməyiblər. Nə də mən durub "məni Böyük ABŞ azad etdi" deməmişəm.

Çünki Azərbaycanda siyasi partiyaların fəalları arasında da, gənclər təşkilatları arasında da, vətəndaş cəmiyyəti arasında da, vəkillərim, dostlarım, mətbuat, hətta hakimiyyət içində də azadlığım üçün kim nə bacarırdısa, etmişdi və təşəkkürümü hamıya etmişəm”.


Müəllif: Nərgiz