1 İyul 2021 14:06
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistana müvafiq təklifini verib. Xarici İşlər naziri Ceyhun Bayramov sərhədlərin demarkasiyasiyası və delimitasiyası ilə əlaqədar ikitərəfli danışıqlara başlamaq təşəbbüsü ilə çıxış edib. Biz danışıqlara hazırıq. Ermənistan bu danışıqlardan uzaqlaşsa, məcburuq ki, Rusiya ilə müzakirələr aparaq. Bizim üçün vacibi odur ki, razılaşmalar icra edilsin.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Musabəyov əlavə edib ki, hazırda Ermənistanda hakimiyyət böhranı başa çatmayıb: “Təsəvvür edin ki, bu ölkədə Xarici İşlər Nazirliyi faktiki yoxdur. Nazir də, müavinləri də istefa verib. Əksər diplomatlar da seçkilərdə Paşinyanın əleyhinə çıxmışdılar. İndi orada təmizləmələr getməli, nazir və müavinlər təyin edilməli, bundan sonra danışıqlar başlamalıdır”.

Deputat bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət komissiya fəaliyyət göstərir: “Bu komissiya regionda kommunikasiya və nəqliyyat xətlərinin açılmasını işləyib hazırlamalıdır. Bu komissiyada Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edir. Böyük ehtimalla bu şəxsin xarici işlər naziri təyin ediləcəyi bildirilir. Olsun, əsas odur ki, danışıqlar aparılsın və razılaşdırılan məsələlər həll edilsin. Adətən, qonşu ölkələr bu məsələlərin həllinə əvvəl-axır nail olmalıdır. Ancaq biz baxıb görürük ki, bunlar Türkiyəyə münasibətdə özünü axmaq kimi aparırlar. Təsəvvür edin ki, son 30 ildə bunlar zarıyırdılar ki, blokadaya alınmışıq, Türkiyə sərhədləri bağlayıb və s. İndisə türk mallarının Ermənistana daxil olmasına embarqo tətbiq edirlər. Bizim belə bir qonşumuz var. Hər halda həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurmaq Ermənistanın özünə lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər