17 Yanvar 2022 15:27
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, ölkə başçısının yerli telekanallara müsahibəsində iqtisadi, siyasi, sosial məsələlərlə bağlı verdiyi mesajlar nədən ibarətdir?

- Dövlət başçısının yerli televiziyalara kanallarına verdiyi müsahibəsi tək Azərbaycan ictimaiyyəti üçün deyil, bütün dünya üçün olduqca maraqlı, informativ və reallığı doğru qiymətləndirərək gələcəyi düzgün proqnozlaşdırmağa imkan verən çox ciddi bir informasiya idi. Bu, həmçinin çox düzgün bir təhlil oldu. Prezident müsahibəsində bir çox məsələlərə toxundu. 2021-ci ildə Azərbaycanın keçdiyi yol, həll etdiyi uğurlu məsələlər, qarşıya çıxan problemlərin həlli yolunda atılan doğru addımlara nəzər salındı. Həmçinin qarşıya çıxan çətinliklər, o cümlədən vəzifələr, eləcə də bəşəriyyəti narahat edən ümumdünya və ümumictimai problemlərə çox ciddi analitik bir təhlil əsasında qiymət verildi. Müsahibədə böyük bir siyasi xadimin məsələlərə realist, obyektiv və praqmatik qiyməti yer alıb. Ölkə başçısının müsahibəsində cəsarət, özünə və xalqına inam əks olunub. Eyni zamanda insanın və bəşəriyyətin taleyinə olan məsuliyyət sərgilənib.

Burada həmçinin böyük bir ümid var ki, bundan da hər birimizə pay çatmış oldu. Dövlət başçısı ilk növbədə ötən ilin Azərbaycan üçün uğurlu olduğunu vurğuladı. Pandemiyaya görə bütün dünyada maliyyə, iqtisadi böhran dərinləşib. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda çox istifadə edilən ərzaq məhsullarının qiymətinin qalxması müəyyən bir narazılığa səbəb olmuşdu. Azərbaycan üçün bütün bunların hamısı uğurla keçilmiş bir yol kimi qiymətləndirildi. Ən azı bizim milli iqtisadiyyatımız böyüyüb, qeyri-neft sektorunda artım baş verib. Ölkəmizdə 44 günlük müharibədən sonra uğurlu bir bərpa prosesinə keçid baş verdi. İşğaldan azad edilmiş torpaqlarda böyük layihələr icra edilməyə başlanıb. Hazırda bu layihələr uğurla davam edir. Eyni zamanda Azərbaycan 30 ildən sonra özünün həqiqi sərhədlərinə nəzarət etməyə başlayıb. Bu baxımdan ötən müddətdə baş tutan danışıqlar Azərbaycanın diqtəsi altında keçib. Kommunikasiyaların açılması ilə bağlı Ermənistanın bütün etirazları və pozucu cəhdləri heç bir nəticə verməyıb. Çox güman ki, biz bu il Zəngəzur dəhlizinin açılmasının şahidi olacayıq.

- Sosial məsələlərlə bağlı səslənən fikirlərin, açıqlanan proqram xarakterli prinsiplərin perspektivi haqqında nə demək olar?

- Ölkə başçısı sosial layihələrə də ətraflı aydınlıq gətirdi. O cümlədən, şəhid ailələri, müharibə iştirakçılarının sosial qayğıları ilə bağlı görülən işlər yüksək qiymətləndirildi. Bundan sonra görüləcək işlər və atılan addımlar barəsində vətəndaşlarımızı sevindirəcək fikirlər səsləndirildi. Burada əsas məsələ həssas təbəqədən olan insanlara dövlətin və cəmiyyətin qayğısıdır. Sözsüz ki, bu qayğını ən yüksək səviyyədə həyata keçirən Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Müharibə bitdikdən sonra ölkə başçısının ilk ziyarət etdiyi ünvan hərbi qospital və Şəhidlər Xiyabanı oldu. Bu, əslində prezidentin Ali Baş Komandan kim vətən uğrunda canından keçən şəhidlərə və qazilərimizə tək bir şəxsin münasibəti deyildi. Bu, eyni zamanda bütövlükdə cəmiyyətə ötürülən bir mesaj idi ki, belə kateqoriyadan olan insanlar dövlətimiz, cəmiyyətimiz üçün həmişə qiymətli olacaq. Məhz dövlət başçısının tapşırığı ilə II Qarabağ müharibəsi şəhidlərinin, qazilərin və 2014-cü ilə qədər ev növbəsində olanlar mənzillə təmin edilib. 2014-cü ildən sonra növbədə olanların qısa zamanda mənzillə təminatı həyata keçirilir. Yaxın 3 ildə isə bu kateqoriyadan olanların mənzil təminatı tam həyata keçiriləcək. Eyni zamanda 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərin yaxın bir-iki il ərzində mənzil məişət problemləri öz həllini tapacaq. Ötən il artıq bu kateqoriyadan olan 3 min nəfərin mənzil təminatı reallaşıb. Bu il də 3 min nəfərə yaxın mənzilin bu kateroriyaya aid olan insanlara verilməsi nəzərdə tutulur. Həmçinin reabilitasiya məsələlərinin həlli üçün də addımlar atılır. Dünyanın çox nadir ölkələrində qazilərə, müharibə iştirakçılarına reabilitasiya vasitəsi kimi avtomobil verilir. Amma bu gün dünyada bir Azərbaycan nümunəsi var. Ölkə başçısı da bunu qeyd etdi. Eyni zamanda digər kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı dövlətin qabaqlaycı addımları mövcuddur. İnsanların sosial təminatını gücləndirmək üçün orta hesabla təqaüdlər, pensiyalar, müavinətlər 20 faizdən az olmayacaq səviyyədə artırılıb. Bu artımların fevral ayından etibarən ödənişi təmin ediləcək. Bu, dünyada gedən ərzaq bahalaşması və digər xidmətlərin, xərclərin kompensasiyasi üçün vacibdir. Ötən il Azərbaycanda 90-10 faiz səviyyəsində inflyasiya baş verib. Bu il də təxminən 3-4 faizlik inflyasiya səviyyəsi gözlənilir. Orta hesabla iki il ərzində 15 faizi keçməcəyək. Amma dövlətin artımları 20 faizi təşkil edir. Bu da vətəndaşın sosial müdafiəsinin təminatına mühüm töhfədir.

- Koronavirusla bağlı ölkəmizdəki hazırkı vəziyyət necə xarakterizə edildi?

- Ölkə başçısı koronavirusa qarşı mübarizədə Azərbaycanın sərgilədiyi mövqe dünya üçün nümunəvi hesab edilir. Dnüya dövlətləri tərəfindən Azərbaycanın atdığı addımlar mühüm qiymətə layiq görüldü. Bu da tarixə Azərbaycan nümunəsi kimi düşəcək. Çünki ölkəmiz özü müharibə şəraitində olmasına baxmayaraq, koronavirusla mübarizədə 80-ə yaxın ölkəyə hümanitar yardımlar edildi. 10 milyon dollar həcmində Ümumdünya Səhiyyə Təşkilatına ianə edildi. Bölgədə ilk vaksinasiyaya başlayan və ən uğurlu vaksin siyasəti aparan ölkələrdən bir də Azərbaycan oldu. Görülən tədbirlər nəticəsində Azərbaycan pandemiyaya tam nəzarət etmək imkanı əldə edib. Yoluxma və ölüm halları minimuma enib. Vaksinasiya prosesi də uğurla davam edir.

- Zəngəzur dəhlizi ilə səslənən gözləntilər nədən ibarətdir?

- Dövlət başçısı da Zəngəzur dəhlizinin açılması, onun tarixi, mənəvi, siyasi əhəmiyyətindən bəhs etdi. Ölkə başçısı ilk dəfə açıqladı ki, Azərbaycan artıq Zəngəzur istiqamətində hava məkanından sərbəst şəkildə istifadə edir. Hava dəhlizi artıq işlək haldadır. Naxçıvana təyyarələrin Zəngəzur üzərindən uçuşu təmin olunur. Yaxın vaxtlarda Zəngəzurdan Naxçıvanda qatar və avtomobillə getmək mümkün olacaq. Prezident jurnalistin sualına cavab olaraq Naxçıvanda babası Əlirza Əliyevin məzarını ziyarət edərkən ürəyindən keçən fikirləri də nə vaxtsa açıqlayacağını söylədi. Ölkə başçısı Şuşanın işğaldan azad olunması günü xalq müjdə verərkən Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu. Orada dilə gətirdi ki, “mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. İnanırıq ki, Prezident İlham Əliyev öz babasının ruhu qarşısında verdiyi vədləri də yerinə yetirəcək və biz o torpaqlara da mütləq qayıdacayıq. Çünki tarixi ədalət də bunu tələb edir. Bu baxımdan bölgədəki şəraitdən də biz kifayət qədər səmərəli istifadə edəcəyik.

- Qarabağda, Zəngəzur istiqamətində çəkilən yollarla bağlı hansı perspektivlər açıqlandı?

- Ölkə başçısı iki mühüm avtomobil yolu ilə bağlı açıqlama verdi. Bu, Naxçıvana Azərbaycandan ən qısa yol olan Mehri yoludur. Bu yolla Meğridən keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək. Eyni zamanda bu yol dəmir yoluna paralel olacaq. Digər yol isə ənənəvi yəni sovet dövründən də öncə mövcud olan Laçın-Gorus-Sisyan-Şahbuz yolunun bərpası haqqında ciddi fikirlər var. Ona görə də, ölkə başçısı məhz bu məsələni gündəmə gətidir.

- Dünyada gedən proseslərlə bağlı səslənən yanaşmaları necə dəyərləndirmək olar?

- Dünyada gedən proseslər, xüsusən də Qərb dövlətlərinin burada rolu qiymətləndirildi. Avropa Birliyi və digər ölkələrin ikili standartlara əsaslanan yanaşmaları önə çəkildi. Dünyada artıq haqqın və ədalətin gücə və zora məğlub olması açıq şəkildə vurğulandı. Azərbaycan bütün bu prosesləri sözsüz ki, bir müşahidəçi kimi seyr etmir. Dövlət rəhbəri də vurğuladı ki, biz real nəticələr əldə etmişik. Hesab edirik biz öz ədalətli mövqeyimizi öz gücümüzlə bütün dünyaya sübut etməliyik.


Müəllif: Tapdıq Qurbanlı